Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitlərinin 50 faizindən çoxu hərbi xərclərə ayrılıb

Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitlərinin 50 faizindən çoxu hərbi xərclərə ayrılıb
# 05 iyun 2019 11:20 (UTC +04:00)

Keçən il ehtiyat fondları vasitəsi ilə xərclənən vəsaitlərin həcmi və xərclənmə vəsaitləri açıqlanıb.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı Rəyində əksini tapıb. Sənədə əsasən, keçən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üzrə icra edilmiş vəsaitin daha çox hissəsi əsasən Azərenerji ASC (140 milyon manat və ya 46,5%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (27 milyon 685,5 min manat və ya 9,2%) və Avtomobil Yolları Dövlət Agentliyi (19 milyon manat və ya 6,3%) üzrə, Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə icra edilmiş vəsaitin daha çox hissəsi əsasən Müdafiə Nazirliyi (252 milyon 265,4 min manat və ya 54,3%), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi (128 milyon 124,1 min manat və ya 27,6%) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (13 milyon 200 min manat və ya 2,8%) üzrə olub.

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üzrə icra olunmuş vəsaitin məbləği dövlət büdcəsi gəlirlərinin 5%-dən, Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə icra olunmuş vəsaitin məbləği isə dövlət büdcəsi gəlirinin 2%-dən az olub.

Təqdim edilmiş məlumatların təhlili göstərir ki, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılma zamanı funksional təsnifatın bəzi bölmələrinin məbləği ilkin təsdiq edilmiş büdcədə olan məbləğlərlə müqayisədə artırılsa da, icra prosesində müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilərək təyinat məbləği azaldılıb, icra edilmiş məbləğ ilkin təsdiq edilmiş büdcə məbləğindən də az olub. Bu, xüsusilə “Sosial müdafiə və sosial təminat” bölməsində daha da nəzərə çarpıb, bu bölmə üzrə nəzərdə tutulmuş məbləğ 145,9 mln. manat artırılsa da, icra prosesində müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilərək ilkin səviyyədə müəyyən edilib. İllin sonunda isə daha az məbləğdə icra olunub. Artırılmış 145,9 mln. manat məbləğində vəsaitin 69,9 mln. manatı və ya 47,9%-i birdəfəlik təyinatlı xərclər üzrə qənaət edilmiş vəsait Dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilib.

Nazirlər Kabinetinin 14 dekabr 2018-ci il tarixli 835s Sərəncamı ilə büdcədənkənar xərclər üzrə “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq” bölməsində nəzərdə tutulmuş məbləğdən 5970,5 min manat məbləğində qənaət, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsində nəzərdə tutulmuş məbləğdən 74,0 min manta qənaət, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsində nəzərdə tutulmuş məbləğdən 2215,5 min manat məbləğində qənaət məbləği Dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək qanunvericilik və icra hakimiyyəti orqanları üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərclərinə aid edilib. Müvafiq dəyişiklik birbaşa deyil, Dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilməklə Dövlət büdcəsinin Ehtiyat Fondunun kassa icrasına aid edilmədən aparılıb.

2018-ci ilin dövlət büdcəsinin icrası prosesində Nazirlər Kabinetinin 14 sentyabr 2018-ci il tarixli 627s Sərəncamı ilə “Ümumi dövlət xidmətləri” bölməsinin “Elm” köməkçi bölməsi üzrə Kənd Təsərrüfatı Nazirliyinin əməyin ödənişi üzrə xərcləri üçün nəzərdə tutulmuş məbləğdən 199,4 min manat azaldılmış məbləğ Dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilməklə Qida Təhlükəsizliyi Agentliyinə ayrılıb. Qeyd edilən istiqamət üzrə xərclər (konkret icraçısı göstərilən qurumun əməyin ödənişi xərcləri) mahiyyət etibarilə birdəfəlik təyinatlı xərclərə aid edilməməlidir.

Hesabat ilində Dövlət İnvestisiya Proqramının icrasını təmin etmək üçün istifadə edilmiş 7681,1 mln. manat məbləğində vəsaitin tərkibində dövlət əsaslı vəsait qoyuluşlarının payı 65,8%-i, beynəlxalq maliyyə institutlarının payı 20,7%, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat fondunun payı 3,4%, Dövlət büdcəsinin Ehtiyat fondunun payı 3,9% və Dövlət Neft Fondunun payı 6,2% təşkil edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR