Gələn həftə "AzerGold" istiqrazlarının növbəti tranşı üzrə hərrac keçiriləcək

Gələn həftə "AzerGold" istiqrazlarının növbəti tranşı üzrə hərrac keçiriləcək
# 23 noyabr 2020 10:55 (UTC +04:00)

“AzerGold” QSC tərəfindən ilk dəfə olaraq dövriyyəyə buraxılan istiqrazların ikinci tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ümumi dəyəri 20 mln. ABŞ dolları olan istiqrazlarının ikinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilib. “AzerGold” istiqrazlarının ikinci tranş üzrə 10 mln. dollar həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə 30 noyabr tarixində həyata keçiriləcək.

“AzerGold” istiqrazlarının sayı 100 min ədəd, nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 4%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti isə 90 təqvim günü təşkil edir.

Xatırladaq ki, “AzerGold” istiqrazlarının 1-ci tranşının yerləşdirilməsi üzrə hərrac 24 sentyabr 2020-ci il tarixində baş tutub. Sözügedən hərracda “AzerGold” QSC-nin 10 mln. dollar məbləğində istiqrazları üzrə 25 mln. dollardan yuxarı məbləğdə sifariş toplanaraq tələb təklifi 2,5 dəfə üstələyib.

Qeyd edək ki, maliyyə bazarına növbəti tranş üzrə təklif edilən istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmasına əlverişli fürsət yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR