BFB Beynəlxalq Birjalar Assosiasiyasına üzv olub

BFB Beynəlxalq Birjalar Assosiasiyasına üzv olub
# 10 sentyabr 2019 11:11 (UTC +04:00)

Beynəlxalq Birjalar Assosiasiyasının üzvlərinin Qırğızıstanda baş tutan ümumi yığıncağının qərarı ilə Bakı Fond Birjası (BFB) bu assosiasiyaya üzv olaraq qəbul edilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, Beynəlxalq Birjalar Assosiasiyasında üzvlük Bakı Fond Birjasının inkişaf perspektivlərində bir sıra yeni imkanlar yaradır. Birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimalaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarların təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.

Qeyd edək ki, 2000-ci ildə Rusiyada yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, üzvləri arasında təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümumi əməkdaşlığın genişləndirilməsidir.

Assosiasiyada üç birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur. Assosiasiyanın üzvləri qismində başlıca olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini təmsil edən birjalar çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR