BFB-nin kapitallaşması tarixi maksimuma çatıb

BFB

© APA | BFB

# 17 yanvar 2022 12:47 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) bazarın kapitallaşması 2021-ci ilin əvvəlindən 12% artaraq 4,367 mlrd. manata çatıb.

"APA-Economics"in BFB-yə istinadən verdiyi məlumata görə, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

İlin sonuna, kapital bazarının inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq ümumi ticarət həcmində, korporativ qiymətli kağızlar bazarında və repo əməliyyatlarında BFB tarixinin ən yüksək nəticələrini əldə edib.

Korporativ qiymətli kağızların (ipoteka istiqrazları istisna olmaqla) buraxılışı həcmində rekord göstərici qeydə alınmış və ümumi məbləği 376 mln. manat olan 33 yerləşdirmə həyata keçirilib.

Müqayisə üçün qeyd etmək olar ki, 2018-2020-ci illər ərzində BFB-də ümumi məbləği 350 mln. manat olan 26 korporativ qiymətli kağız (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilib.

2021-ci il repo əməliyyatlarının həcmi üzrə 7,2 mlrd. manat olmaqla BFB-nin tarixində son illərin ən yüksək dövriyyəsi qeydə alınıb. Müqayisə olaraq, 2018-2020-ci illər ərzində bu göstərici ümumilikdə 3,8 mlrd. manat təşkil edib.

Qeyd edək ki, 2021-ci il ərzində BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15,301 mlrd. manat təşkil edib ki, bu da tarixi rekord sayılır. Sözügedən göstəricinin ÜDM-ə nisbəti isə 18%-ə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR