ABŞ neftinin qiyməti 0 $-a qədər endi. Yeni dünyanın sonudur?

ABŞ neftinin qiyməti 0 $-a qədər endi. Yeni dünyanın sonudur?

Dünya şokda! Dünən axşam ABŞ neftinin qiyməti 0 $-a qədər endi!

Koronavirus bəlasının dünyada tüğyan etdiyi dövrdə dünya həm də neft qiymətlərinin kəskin aşağı düşməsi ilə qarşılaşmalı oldu. Bir müddət öncə Səudiyyə Ərəbistanı ilə Rusiya Vyanada razılığa gəlmədikləri üçün rəsmi Ər-Riyad neft hasilatını artıraraq bazarda nefti çoxaltmaq qərarını vermişdi. Bu səbəbdən də brend markalı neftin 1 barelinin qiyməti dünya bazarında təxminən 13 dollara qədər enmişdi. Aprelin əvvəlində baş tutan OPEC+ çərçivəsində razılaşmaya əsasən isə, may ayından başlayaraq neftin qiyməti tədricən yüksələn xətti götürməli idi. Lakin dünən axşam ABŞ-da neftin qiymətinin 0 $ səviyyəsinə qədər enməsi bütün dünyada yeni şok effekti yaratdı. Görünür, koronavirus pandemiyasının bioloji silah və postkoronavirus dövrünün yeni iqtisadi eranın başlanğıcı olduğunu deyənlər öz fikirlərində yanılmırlar.

Neftin ətrafında baş verən bu proseslər, bir daha “qara qızıl”ın geosiyasi və geoiqtisadi mahiyyətinə nəzər yetirilməsini aktual edir.

XX yüzillik boyunca və yeni əsrdə də az qala bütün beynəlxalq proseslərin, dövlətlərarası danışıqların, müqavilələrin, sazişlərin çoxunun əsas baiskarı məhz enerji resursları olmuşlar. Müharibələr tarixində keyfiyyət və kəmiyyətcə yeni mərhələnin - dünya müharibələri mərhələsinin başlanması da bilavasitə neft-qaz amili ilə bağlıdır.

Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır.

Koronavirus başlar-başlamaz dünya neft bazarlarında formalaşmaqda olan böhran bir daha sübut edir ki, artıq 50 ildən çoxdur, qlobal güclər neft vasitəsilə manipulyativ siyasət yürütməkdə davam edirlər.

İlk dəfə neftdən geosiyasi rıçaq vasitəsi kimi istifadə edilməsi 1967-ci ilə təsadüf edir. 6 günlük İsrail-Ərəb müharibəsi zamanı Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Liviya, Əlcəzair ilk dəfə olaraq İsrailə dost olan ölkələrə, ABŞ-a, Britaniyaya və Almaniyaya neft ixracını dayandırdı. Lakin üçüncü dövlətlər sahəsində Qərb bu embarqonun öhdəsindən gələ bildi.

Dünya tarixində ən güclü neft böhranı 1973-74-cü illərə təsadüf edir. O zaman Ərəb-İsrail müharibəsi neft çıxaran bir neçə ərəb ölkəsinin ABŞ və İsrail ilə müttəfiqlik edən ölkələrə neft nəqlini durdurmasına səbəb oldu. Bu isə, başda ABŞ, Britaniya, Kanada, Yaponiya, Hollandiya və s. kimi dövlətlər olmaqla ciddi iqtisadi böhrana səbəb oldu. Hətta iş o yerə çatdı ki, ABŞ prezidenti Nikson əhalini qənaətə çağırdı. Həm əhaliyə, həm də dövlət orqanlarına avtomobildən istifadəyə məhdudiyyətlər qoyuldu.

İki illik böhran zamanı ən çox udan tərəf isə Sovet İttifaqı oldu. Qərbi Sibir layihəsinin işə salınması və dünyada neftə olan tələbat nəticəsində 1975-ci ildə SSRİ 500 milyon ton qara qızıl hasil edərək, o vaxtın bu sahədəki lideri ABŞ-ı arxada qoydu.

Nəticədə, 70-ci illərin ikinci yarısından SSRİ-də neft və qaz sənayesinə kapital qoyuluşunun artım tempi bütün iqtisadiyyat üzrə orta göstəricidən 3-5 dəfə yüksək olub. 1970-1983-cü illərdə neft məhsullarının ixracı 80 dəfə artıb. Rəsmi statistik rəqəmlərinə görə, bütün neft ixracı dövründə Sovet İttifaqının qazancı 200 milyard dollar təşkil edib. Bu da həmin illər üçün heç də kiçik rəqəm deyil.

Lakin 1975-ci ildən ABŞ-ın planlarında dəyişikliklər baş verib. Daha doğrusu, görünən odur ki, Kremli neft-qaz tələsinə salaraq şirnikləşdirən Nyu-Yorkdakı bəzi güclər elə bu silahla da dünyanın ən böyük dövlətini məhvə sürükləyib. 1975-ci ildə kral Feysəlin öz sarayında öldürülməsindən sonra ərəblər mütəmadi olaraq neft hasilatını artırmağa başlayıblar.

Buna adekvat olaraq da neftin qiyməti azalan xətt götürüb. 1985-ci ildə Səudiyyə Ərəbistanı hasilatı gündəlik 2 milyon ton artırılaraq 6 milyon tona, ilin sonuna 9 milyon tona, 1986-cı ildə isə, artıq 10 milyon tona çatdırıb. Neftin qiyməti məhz həmin ərəfədə 3-5 dəfə düşüb. Artıq 1986-cı ildə bir barel neft 10 dollara satılmağa başlayıb. Hətta bəzi hasilatçı ölkələr, o cümlədən SSRİ neftini 6 dollardan satmaq məcburiyyətində qalıb. Halbuki bir neçə il əvvəl Sovetlər "qara qızıl"ı birjalarda 32 dollara satırdı. 1980-86-cı illərdə Venesuelanın neft gəlirləri 64,5 faiz, İndoneziyanın gəliri isə 76,1 faiz azalıb.

Beləliklə, 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan Səudiyyə şeyxi ilə dil taparaq embarqosuz-filansız neftin qiymətinin 3 dəfə aşağı salmaqla, neft və qaz gəlirləri büdcəsinin 55 faizinə bərabər olan SSRİ-ni iqtisadi cəhətdən çökdürdü.

1980-ci illərdə olduğu kimi, son bir neçə ildə, başda Səudiyyə Ərəbistanı olmaqla Körfəz dövlətləri ilə Rusiya arasında neftin qiymətinin tənzimlənməsi istiqamətindəki mübarizə, bir daha sübut edir ki, ABŞ dünyadakı əsas siyasi rəqibi olan Rusiyaya qarşı mübarizədə neft kartından istifadə etməkdə davam etməkdədir.

Ukraynadakı böhrandan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bərabər neftin qiymətinin düşməsi, ötən ay yenidən Səudiyyə Ərəbistanı və Rusiya arasında neft qalmaqalı buna sübutdur. Hərçənd, son qalmaqalda, Moskvanın və yaxud Ər-Riyadın daha çox günahkar tərəf kimi çıxış etməsi ilə əlaqədar ciddi fikir ayrılıqları var.

Mart ayında Ər-Riyad və Moskva arasında baş tutan “neft mübahisəsi”ndən sonra, bəzi xarici ekspertlər Səudiyyə Ərəbistanını riskli addımlar atmaqda günahlandırırdılar. İqtisadiyyatı neftdən asılı olan “Körfəz Krallığı” neftin satış qiymətini aşağı çəkərək daha az xeyir qazanmasının müqabilində neft satışını artırmaq istəyirdi. Digər tərəfdən, Rusiya koronavirusun iqtisadi təsirlərini tam görmədən neftin qiymətini endirmək fikrindən uzaq dururdu, bununla belə, ABŞ-dakı şist neft istehsalçılarını bazardan sıxışdırıb çıxartmaqla dünyanın ən böyük neft ixracatçısı olan ABŞ-ı çətin vəziyyətdə qoymağı, nəticədə daha dayanıqlı və iqtisadi əsaslara söykənən qiymət (50-60 dollar arası) formalaşdırmağı planlaşdırırdı. Situasiyanın ən çox təsir edəcəyi ölkələrin isə, BƏƏ, Qətər, Rusiya, İran kimi nəhəng neft istehsalçılarının olacağı proqnozlaşdırılır.

Görünür, Rusiya dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-ın neft sənayesini ağır duruma salmağa çalışırdı. Çünki 2016-cı ildən indiyə qədər OPEC+ çərçivəsində anlaşmanın nəticəsi olaraq bu illər ərzində istər Səudiyyə, istərsə də Rusiya neft hasilatını azaltmaqda davam edirdi. Bu isə, Moskvanın təklifinə baxmayaraq OPEC+ formatına qoşulmayan ABŞ şist neftinin bazarda payının ildən ilə artmasına səbəb olurdu. “Rostneft” çoxdan idi ki, OPEC+ anlaşmasının Rusiyanın milli maraqlarına zidd olduğunu, hasilatın azaltmağın tərəfdarı olmadığını bildirirdi. Lakin mart ayından başlanan neft böhranı göstərdi ki, “Rosneft” və onun başçısı ya bilərəkdən, ya da bilməyərəkdən ciddi səhvə yol verdi. Yeri gəlmişkən, “Lukoil” rəhbəri Vahid Ələkbərov martın əvvəlində böhran başlar-başlamaz, həmkarını faktiki olaraq yanlış iqtisadi gediş etməkdə günahlandırırdı.

Fakt isə ortadadır. Bir neçə il əvvəl dünya neft bazarlarında başlanan “repetisiya”, indi real görkəm almaqdadır. Beləliklə, dünyada yeni iqtisadi quruluş və era başlamaqdadır.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.