Azərbaycan mediasının 4 əsas problemi

Azərbaycan mediasının 4 əsas problemi

Azərbaycanda MEDİA - Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra ən çox müzakirə edilən məsələ müasir Azərbaycan mediasının zamanın tələblərinə cavab verməməsi və bir biznes subyektləri kimi inkişafdan geri qalmalarıdır. 30 illik müstəqillik tarixində Azərbaycan KİV-i müstəqil biznes model qura bilməyib və bu gün bunun acı təsirlərini öz üzərində hiss edir. Azərbaycan tamaşaçısı Rusiya və Türkiyə, Avropa media kontentini əldə etmək üçün pul ödəməyə hazır olsa da, yerli mediaya qarşı fərqli mövqe sərgiləyir.

Dünyada son illər media sahəsində əsas trendlərin dəyişməsi, yüksək texnologiyaların, sosial medianın gündəlik həyatda öz mövqeyini gücləndirməsi tamaşaçı zövqünü də dəyişib. Bunun nəticəsində redaksiyalarla oxucular arasında uçurum daha da dərinləşir və redaksiyalar öz auditoriyalarını, demək olar ki, tanımırlar. Eyni zamanda yerli media patronlarının siyasi proseslərə daha çox daxil olması da media sektoruna inamın zədələnməsi ilə nəticələnir. Bu gün üçün Azərbaycan mediasında əsas 4 problemi qabartmaq olar.

Reklam bazarının zəifliyi

Bu gün Azərbaycan mediası üçün ən ciddi problemlərdən biri reklam bazarının məhdudluğudur. Statistik məlumatlara əsasən, ölkənin reklam bazarının ümumi həcmi 100-120 milyon manat ətrafındadır. Ümumi reklam büdcəsinin isə cəmi 20-30%-i mediaya gedir. Əldə edilən büdcə ilə texnoloji yenilik etmək, keyfiyyətli jurnalistlə işləmək və keyfiyyətli kontent hazırlamaq çətinləşir. Son illər sosial media kanallarının ortaya çıxması da redaksiyaların reklam gəlirləri üçün təhdid rolunu oynayır. Çünki sosial media kanalları reklamın birbaşa hədəf kütləsinə çatdırılmasına zəmanət verir və bu, şirkətlərə daha ucuz başa gəlir. Ona görə də artıq əksər reklam verənlər TV və radiodan sosial mediaya axın edir. Ölkənin reklam bazarında isə, xüsusən də TV-lərdə olan əksər reklamlar sadəcə, imic xatirinə saxlanılır.

Media öz auditoriyasını tanımır

Bu gün Azərbaycan mediasında öz auditoriyasının maraqlarının öyrənilməsinə resurs xərcləyən, sosial sifarişləri yerinə yetirən TV və ya redaksiya, demək olar ki, yoxdur. Bəzən bu tip sosioloji sorğuları müxtəlif tədqiqat mərkəzləri yerinə yetirir ki, onların da ümumi konsepti hansı mətbuat orqanının populyar olmasını müəyyən etməkdən ibarətdir.

Auditoriyanın istəkləri nəzərə alınmadan hazırlanan verilişlər, yazılan materiallar əksər hallarda müxbirin, redaktorun və rəhbərlərin maraq və istəklərini əks etdirir ki, bu da son nəticədə auditoriyanı nəinki qazanmağa, heç qoruyub saxlamağa imkan vermir. Müasir informasiya istehlakçısının 10 il öncəki istehlakçı ilə müqayisədə şaxələnmiş informasiya əldə etmə kanalları var ki, onlar daha rahatlıqla mənbəni dəyişə bilirlər. Məsələyə Kotler nəzəriyyəsi ilə yanaşsaq, redaksiyalar öz hədəf kütlələrini düzgün müəyyən etməli və onların almaq istədikləri məhsulu satmalıdır. Medianın satdığı məhsul xəbər və maraqlı kontentdir ki, insanlar bunun üçün heç nə ödəməsələr də, reklam verənlər onların əvəzinə daim ödəməyə hazır olarlar. Yəni, bizim təqdim etdiyimiz kontenti tamaşaçı pulsuz alsa da, şirkətlər o kontentin davam etməsi üçün pul ödəməyə hazırdır. Sadəcə, hər kəs, müştərisini tanımalıdır.

Peşəkar çatışmazlığı, gənc nəslin tələblərə cavab verməməsi

Yuxarıda qeyd edilən iki problem son illər media şirkətlərinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Son illər hansısa kanallarda əməkhaqlarının kəsilməsi, gecikdirilməsi, qeyri-peşəkarların daha aşağı əməkhaqqı ilə işə cəlb edilməsi kimi hallarla tez-tez rastlaşırıq. Digər ölkələrdə, misal üçün qonşu Türkiyə, Rusiya, eləcə də bir çox Avropa ölkələrində dövlət və özəl sektorda çalışan bir çox professional kadrların işdən ayrıldıqdan sonra köşə yazarı kimi mediaya cəlb olunduğunu müşahidə etsək də, Azərbaycanda belə bir təcrübə hələ ki, yoxdur. Hansısa nazirin, eks-millət vəkilinin və ya səfirin daimi köşə yazıları, memuarlarla ölkə mediasında çıxış etdiyini müşahidə etməmişik. Əksinə, ölkə mediasında  professional müstəviyə qalxan jurnalistlər daha yaxşı iş şəraiti və sosial təminat üçün dövlət və özəl sektora mətbuat xidməti imicində transfer olmağa can atırlar. Peşəkarların mediadan ayrılması heç şübhəsiz, kontentin zəifləməsinə gətirib çıxarır. Yeni cəlb edilən jurnalist heyəti isə müasir tələblərə cavab vermir. Müxbirlər aylıq normanı doldurmaq üçün gün ərzində bəzən 3-4 və hətta 5 xəbər hazırlayıb təqdim etmək məcburiyyətində qalırlar. Belə olan halda müxbirlərin professional kimi yetişmə imkanları olmur və onlar məsələlərə ümumi yanaşma sərgiləyirlər. Düzdür, bəzi qurumlar gənc jurnalistlər üçün müəyyən kurslar təşkil etsələr də, bu kurslarda tədris edilən proqramların zəif olması və köhnə praktikaya əsaslanması keyfiyyət deyil, kəmiyyətə təsir göstərir. Nə etmək lazımdır? Əlbəttə, müxbir heyətinə qarşı ilkin tələbləri yüksəltmək və onların gözləntilərini qarşılamaq. Belə olan halda keyfiyyət kəmiyyəti üstələyəcək.

Jurnalistika fakültələrində tədrisin dəyişdirilməsi

Azərbaycanda jurnalistika fakültələri media bazarı üçün keyfiyyətli kadr hazırlamaqda çətinlik çəkir. Bunun üçün də jurnalistika fakültələrində yanaşma dəyişməlidir. Artıq jurnalistika elm deyil, peşə kateqoriyasına keçməlidir. Sadəcə, xəbər yazmağın qaydalarını öyrənməklə jurnalist kimi uğurlu olmaq mümkün deyil. Müasir jurnalist iqtisadiyyatı, hərbini, tarixi, sosial siyasəti dərin bilməlidir. Eyni zamanda, jurnalistika fakültələrində tədris, bütün nazirliklər və aparıcı biznes qurumlarının iştirakı ilə təşkil edilməlidir. 44 günlük Vətən Savaşı da göstərdi ki, hərbini kiçik çavuş səviyyəsində bilmədən uğurlu hərbi xəbər hazırlamaq mümkün deyil. Bu, bütün sahələrə aiddir. Eyni zamanda jurnalistika fakültəsində nəzəri biliklərlə praktik biliklər paralel aşılanmalıdır. Yəni, 1-ci kurs tələbəsi gəldiyi gündən “istehsalat prosesi”nə cəlb edilməli və 4 il ərzində praktik biliklərini təkmilləşdirməlidir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.