BMT Azərbaycanı regional lider və qlobal təşəbbüslər dövləti hesab edir

BMT Azərbaycanı regional lider və qlobal təşəbbüslər dövləti hesab edir

Dünyanın ən böyük universal beynəlxalq təşkilatı olan BMT geniş və hərtərəfli monitorinq, qiymətləndirmə, təhlil və analizlərinin nəticəsi olaraq dünya üzrə “Davamlı inkişaf  hesabatı - 2020” sənədini hazırlayıb. Bu sənədin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə, Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib və ölkəmiz 166 ölkə arasında 54-cü yerə layiq görülüb. Bu göstərici ilə Azərbaycan bölgədə bütün ölkələri üstələyib və faktiki olaraq regional lider statusuna yüksəlib.

Faktların dili ilə desək, qonşularımız Rusiya, Gürcüstan, İran, Türkiyə müvafiq olaraq 57, 58, 59 və 70-ci yerlərlə kifayətlənməli olublar. Mərkəzi Asiya regionunun həlledici dövləti olan Qazaxıstanda bu göstərici 65, Türkmənistanda isə 114-dür. Müqayisə üçün qeyd edək ki, BMT sözügedən indeks üzrə işğalçı Ermənistana xeyli aşağı - 75-ci yeri müəyyən edib. Sadalanan rəqəmlərin özü bir göstərici olaraq Azərbaycanın BMT-nin “Davamalı inkişaf məqsədləri indeksi” üzrə əldə etdiyi yüksək nəticələrin miqyasını müəyyən edir. 

Xüsusilə Azərbaycanın BMT-nin müəyyən etdiyi bir sıra fundamental istiqamətlər üzrə əldə etdiyi nəticələr qürurvericidir. Bu baxımdan BMT ekspertlərinin gəldiyi ümumi nəticəyə görə, Azərbaycan əhalinin rifahının yüksəldilməsi, yoxsulluq probleminin uğurlu həlli, səhiyyəyə xüsusi diqqət ayırması, qidalanma, təmiz su təminatı, güclü infrastrukturun yaradılması və enerji təhlükəsizliyi istiqamətlərində atdığı addımlar kifayət qədər səmərəli və məhsuldar olub. Bundan savayı, məlum nüfuzlu hesabatda ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfə də yüksək dəyərləndirilib.

Təsadüfi deyil ki, Azərbaycanın qeyd edilən istiqamətlər üzrə qazandığı uğurlar BMT səviyyəsində adekvat qiymətləndirilib və ölkəmiz maksimum 100 balllq sistem üzrə 72,6 bala layiq görülüb. Bu nəticə kifayət qədər yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, üzvlərinin əksəriyyəti NATO və Avropa İttifaqının üzvü olan Şərqi Avropa dövlətlərinin və  böyük təbii resurslara malik Mərkəzi Asiya regionu ölkələrinin “Davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstəricisi 70,9-a bərabər olub.

Azərbaycanın BMT-nin “Davamlı inkişaf məqsədləri indeks”ində yüksək mövqeyi heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən irimiqyaslı və hərtərəfli islahatların məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Dərinləşən iqtisadi və sosial islahatlar sayəsində ilk növbədə əhalinin rifahı yüksəlib, xüsusi həssas kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilib, istehsal olunan məhsulların rəqabət qabiliyyəti artıb, qeyri-neft sektorunun inkişafı təmin edilib, ixrac yönümlü istehsalın həcmi genişlənib, sahibkarlıq subyektlərini ölkənin iqtisadi həyatında yeri və rolu möhkəmlənib. Bu prosesdə İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səmərəli və məhsuldar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu qurumların dövlət-biznes-vətəndaş cəmiyyəti platformasında həyata keçirdiyi ardıcıl və təxirəsalınmaz tədbirlər sayəsində  BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”ndə ölkəmizin iqtisadi parametrlər üzrə mövqeləri xeyli möhkəmlənib.

Sonda onu da xüsusi olaraq qeyd edək ki, BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində Azərbaycanı “Davamlı inkişaf məqsədləri indeksi” üzrə regional lider səviyyəsinə yüksəltməsi hadisəsi ilə Prezident İlham Əliyevin qlobal təhdid mənbəyinə - COVİD-19 pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü arasında sinxronluq diqqətdən yayınmır. Burada ciddi səbəb-nəticə əlaqəsi vardır. BMT-nin ali rəhbərliyi bütün inkişaf parametrləri və məqsədləri üzrə Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünya miqyasında nümunəvi və örnəkverici dövlət kimi qəbul edir. Eyni zamanda onu da qəbul edir ki, Azərbaycan dünya miqyasında bu statusu əldə etməsi onun rəhbərinin - Prezident İlham Əliyevin titanik zəhmətinin və fəaliyyətinin nəticəsidir. Nəhayət, BMT-nin ali rəhbərliyi üçün sirr deyil ki, dövlət başçısının gücünə güc qatan, onun ən yaxın həmməsləki olan ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın  mərhəmət, nəciblik və xeyirxahlıqdan yoğurulmuş sosial və humanitar yönümlü misilsiz fəaliyyəti sayəsində məlum “Davamlı inkişaf məqsədləri indeksi” üzrə göstəricilərimiz region dövlətləri üçün əlçatmaz olub. Qarşıda isə ölkəmizi daha möhtəşəm qələbələr gözləyir. Bunun üçün birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz həmişəkindən daha güclü olmalıdır. Biz birlikdə güclüyük!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.