Bakıda açıq məkanda reklam yerləşdirilməsi qaydalarına əməl olunmur

Bakıda açıq məkanda reklam yerləşdirilməsi qaydalarına əməl olunmur

Reklam təqdimatdır. İstehsalçının göstərdiyi xidmət və ya əmtəəni alıcıya təqdim etdiyi vasitələrdən biridir.

Reklamı yaxşı qurulan, doğru target seçə bilən istehsalçı daha sabit və davamlı brend tanıtımına, satışa və s. uğurlara nail ola bilir. Reklam qanunvericiliyin tələbinə əməl olunması, reklamlarda dilin ədəbi və bədii normalarına hörmət edilməsi reklam olunanın keyfiyyətini daha da artırır.

Reklamın məqsədi nədir?!

Reklam istehlakçının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmalı və nəticədə ona tələbat yaratmalıdır.

Hamılıqla qəbul edilmiş etik qaydalara görə, reklam istehlakçını aldatmamalı, çaşdırmamalı, rəqib şirkətin nüfuzuna xələl gətirməməlidir. Reklamda rəqib şirkətin nüfuzuna xələl gətirməmək məsələsi daim marketoloqlar arasında mübahisə mövzusu olsa da, hüquq və etik normalara görə, ümumən cəmiyyətdə də bu yaxşı qarşılanmır. Amma dünyanın ən məşhur brendləri də bəzən rəqibinin zəifliyini göstərmək üzərində reklam qurur. Məsələn, məşhur sərinləşdirici içki şirkətlərindən birinin reklamı digərinin “ayaq altda qalması” üzərində qurulub. Bu reklam dünyada geniş müzakirə olunmuşdu.

Mənim də qatıldığım ümumi rəyə görə, reklamda istehsalçı öz məhsulu barədə rəy formalaşdırmalı, rəqiblərinin qüsurunu və ya çatışmazlığını qabartmamlıdı. Reklam qanunvericiliyində də bu müddəa yer alıb.

Reklam qanunvericiliyi dilin qorunmasına xüsusi həssas yanaşır. Reklamda əvvəlcə Azərbaycan dilində, daha sonra xarici dildə mətn yerləşdirilməlidir.

Reklam olunan məhsulla ilk tanışlıq istehlakçı dövlətin dilində olmalıdır.

Eyni zamanda xarici dildəki mətn Azərbaycan dilindən daha kiçik sahə tutmalı, reklamın yerləşdirildiyi qurğunun ümumi sahəsinin üçdə birindən çox hissəsini tutmamalıdı.

Reklam olunan malın qiyməti (Duty free istisna olmaqla) Azərbaycan manatı ilə qeyd edilməlidi.

Reklam edilən məhsulun satışı və ya istehsalı, işin və ya xidmətin göstərilməsi lisenziyalaşdırılırsa və ya sertifikatlaşdırılırsa, reklamda lisenziyanın və ya sertifikatın nömrəsi, verilmə tarixi və lisenziyanı verən orqanın adı qeyd edilməlidir. Bəzən istehsalçılar bu məlumatı “gizlədirlər”

Təəssüf ki, indi ölkəmizdə bu tələblərə riayət etməyən reklam lövhələri çoxdur. Bu həm estetik baxımdan şəhərin görünüşünü pozur, eyni zamanda dilin normativ qaydaların uyğun gəlmir.

Reklam insanların məhsulla rahat əlaqələndirilməsini təmin etməli olduğu halda, bəzi reklamlar vətəndaşlara hətta narahatlıq verir.  Mobil operatorların icazəsiz göndərdiyi sms reklamlarını buna aid etmək olar.

Mobil operator reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Amma bir şərtlə… Abunəçi ilə bağlanan müqavilədə də bu, qeyd edilməlidi. Mobil operator abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçiyə yalnız arzuladığı reklamı alması üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan reklamın göndərilməsi məsuliyyətə səbəb olur.

Eyni zamanda bu kimi hallarda məxfiliyin qorunması, məlumatların ötürülməməsi barədə qanunvericiliyin tələbinə  riayət etmək zəruridi.

Təəssüf ki,  bir neçə dəfə eyni otelə və ya ticarət mərkəzinə gedən şəxsə ərazidəki bütün mağazalar və ya otellər sms göndərir. Bu kimi hallar mobil operatorların məlumatların məxfiliyinin qorunması ilə bağlı öhdəliyə əməl etmədiyini düşünməyə əsas verir

Qanunvericiliyə görə, alkoqollu içki, dərman vasitələri, uşaqlar üçün süni qidaların, idman və mərc oyunlarının, maliyyə və bank xidmətlərinin reklamı sahəsində xüsusi tələblər müəyyən edilir. 

(Məsələn, yalnız həkim resepti ilə satılan dərmanların reklamında   dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq, həkimə müraciət etməyin gərəksiz olmağı barədə fikir formalaşdırmaq olmaz) 

Qadağan olunan reklam varmı?!

Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövrü mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin reklamı qadağandır. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

Teatr tamaşasının gedişində, kino filmlərin (əvvəli istisna olmaqla), konsertlərin və digər tədbirlərin nümayişi zamanı reklam yayımlanması qadağandır.

Nəqliyyat vasitəsindən istifadə olunmaqla səsli reklamın yayımlanması qadağandır.

Tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır.

Amma reklam qanunvericiliyindəki bəzi qadağalar günümüz üçün öz aktuallığını itirib. Çünki indi sosial şəbəkələr var, yerli reklam yayıcıları üçün qadağan edilən reklamlar sosial şəbəkələrdə rahatlıqla və hətta daha aşağı xərclə yayımlanır. Bu isə yerli reklam yayıcılarını gəlirdən məhrum edir.

Yollarda, yol kənarlarında açıq məkanlarda reklamlar necə quraşdırılmalıdı?

Hazırda bilbord və “skrol”larda yerləşdirilən, prospektlərdə körpü və yerüstü keçidlərin, hündür binaların üstündə və divarlarında yerləşdirilən reklamlar da önəmlidir. Bu reklam lövhələri adətən əhalinin gediş-gəlişinin sıx olduğu, tıxacların daha çox rast gəlindiyi küçə və prospektlərdə yerləşdirilir. Lakin burada da müəyyən qaydalara riayət edilməsi zəruridir.

Yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır.

Nəzərə almaq lazımdır ki, açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməlidi. Yol hərəkət iştirakçısınındı, həmin reklam iştirakçının hüququnu pozmamalı, onun yolunu kiçiltməməməli, təhlükə yaratmamlıdı. Qurğu elə qoyulmalıdı ki, qurğuya görə piyadalar yolun hərəkət hissəsinə keçməsinlər. Həmin reklam qurğusu yaşayış məntəqəsinin təsdiq olunmuş inkişaf planına uyğun və təhlükəsiz istismar üçün yararlı olmalı, reklam daşıyıcısının yerləşdirilməsi piyadaların hərəkətinə, gediş-gəlişinə mane olmamalı və onların rahat keçməsini məhdudlaşdırmamalı, ərazinin estetik görünüşünə xələl gətirməməlidir.

Təəssüf ki, hazırda Bakı şəhərində açıq məkanda reklam yerləşdirilməsinə məsul olan Azərbaycan Dövlət Reklam Agentliyinin yerləşdirdiyi əksər qurğular bu tələblərə cavab vermir. Daha çox yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsində bu tip reklamlarda çox vaxt heç bir rekvizit əksini tapmır.

Elə ötən il Bakının Qaradağ rayonunda reklam qurğusunun aşaraq şəxsə xəsarət yetirməsi bu sahədə ciddi çatışmazlığın olduğunu göstərir.

Reklam qurğusu sürücünün piyadanı və qarşıdan gələn avtomobili görməsinə mane olmamalı, çətinləşdirməməlidir. Reklam yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir.

İnzibati Xətalar Məcəlləsinin 354.0.5-ci maddəsində “avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi məsuliyyətə səbəb olur.

Eyni zamanda yeni qəbul olunan qanuna görə İXM-nin 533-1-ci maddəsi ilə reklam daşıyıcılarında dövlət dili normalarının pozulması məsuliyyətə səbəb olur.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.