Bayden Administrasiyası Azərbaycanla yeni iqtisadi əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır

Bayden Administrasiyası Azərbaycanla yeni iqtisadi əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır

Azərbaycan-ABŞ münasibətləri fundamental məsələlərdə mövqe ortaqlığı ilə seçilməklə strateji xarakter kəsb edir. ABŞ-ın yeni Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik məktubunda səsləndirdiyi fikirlər bir daha sübut edir ki, ikitərəfli və çoxtərəfli münasibətlərimiz dinamik inkişaf tempinə malikdir və onun daha geniş perspektivləri vardır. Bir qədər də konkretləşdirsək, rəsmi Vaşinqton asağıdakı mühüm istiqamətlər üzrə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qoruyub saxlanılmasında və sonrakı inkişafında maraqlıdır.

Birincisi, “Bu yeniləşmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir”, - deməklə Prezident Co Bayden hər iki ölkə arasında formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasından məmnun olduğunu ifadə edir və təkcə ölkəsinin deyil, Azərbaycanın da eyni səvyyədə sülhə sadiq qaldığını və bu prosesə töhfə vermiş olduğunu xüsusi olaraq vurğulayır.

İkincisi, Co Bayden regionumuzda təhlükəsizlik sahəsində ümumi narahatlıqlardan xəbərdar olduğunu dilə gətirir və regionda barışıq məsələlərinin həllində Azərbaycanla birgə çalışacaqlarını bildirir. Bu fikrin xüsusi əhəmiyyəti vardır. Təhlillərimiz o qənaəti hasil edir ki, yeni ABŞ administrasiyası regional barışığın əldə edilməsi naminə Prezident İlham Əliyevin Ermənistanın da iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılması ilə bağlı unikal təşəbbüsünü yüksək qiymətləndirir və fərqindədir ki, onun reallaşacağı təqdirdə bölgədə hələ də qalmaqda olan təhlükələr aradan qalxa bilər, sülh və əməkdaşlıq mühiti formalaşar. ABŞ Prezidenti bu prosesin təşviq edilməsinə dəstək verəcəyini vurğulamışdır.

Üçüncüsü, dünyanın fövqəldövlətinin rəhbəri açıq mətnlə qeyd edir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətindən xəbərdardırlar, bu prosesi təqdir edirlər, eyni zamanda ölkəmizin qlobal enerji təhlükəsizliyi sahəsində oynadığı artan rolunu qiymətləndirir və bu istiqamətdə səylərimizi dəstəklədiklərini ifadə edirlər. Həqiqətən də Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyi olaraq əhəmiyyəti kifayət qədər artmışdır. Bu reallığı ABŞ-ın yeni rəhbərliyi görür və dəyərləndirir.

Dördüncüsü, təbrik məktubunun sonunda xüsusi olaraq vurğulanır ki, “ABŞ Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”. Bu tezisin də çox böyük məna yükü vardır. Deməli, rəsmi Vaşinqton Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda gedən dərin və hərtərəfli islahatlar kursunun məntiqi nəticəsi olaraq Azərbaycan güclü iqtisadiyyatı olan dövlətə çevrildiyini təsdiqləyir və faktiki olaraq ikitərəfli yeni iqtisadi əməkdaşlıq münasibətlərinin qurulması təklifi ilə çıxış edir.

Beşincisi, ABŞ Prezidentinin təbrik məktubunda ənənəvi demokratiya və insan hüquqları kimi məsələlərin qabardılmadığı da diqqətdən yayınmır. Görünür, yeni Ağ Ev rəhbəri tam məlumatlıdır ki, Azərbaycan demokratik inkişaf yolun seçmiş dövlətdir. Əhalinin 80%-dən çoxu azad internet istifadəçisidir. Mətbuat üzərində senzura və ölüm hökmü çoxdan ləğv olunmuşdur. Ölkədə son həddi olmayan demokratikləşmə prosesində ardıcıl və sistemli addımlar atılmaqdadır.

Nəhayət, ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı Novruz bayramı ilə bağlı təbrik məktubunda  tərəfdaşlıq, sülhə sadiqlik, regional barışığa töhfə, iqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq üçün yeni  imkanlarının araşdırılması kimi mühüm məsələləri önə çəkməklə və bütün bu sahələrdə Azərbaycanın ciddi uğurlar əldə edildiyini vurğulamaqla əslində həmin nailiyyətlərin müəllifi Prezident İlham Əliyevə hörmət və ehtiramını ifadə edir, onunla qeyd olunan sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.