Böyük hədəflərimizə çatmaqda bizə mane olan nədir?

Böyük hədəflərimizə çatmaqda bizə mane olan nədir?

Düşünün ki, çəkinizi kontrol edirsiniz və sizə aydın olur ki, həmişəki ideal çəkinizdən 4-5 kq daha artıqdır, eyni zamanda istədiyiniz bədən formasına da sahib deyilsiniz artıq.

Qərar verirsiniz ki, təcili olaraq pəhrizə başlamalısınız. Hədəfiniz 2 ay ərzində pəhriz saxlayıb istədiyiniz çəkiyə və bədən formasına sahib olmaqdır.

Bir neçə gün buna tam əməl edirsiniz. Bir gün yaxın bir dostunuz sizi çay süfrəsinə dəvət edir. Süfrədə evdə hazırlanmış sizin ən sevdiyiniz şirniyyatlardan var. Şirniyyatlar çox cəlbedici və dadlı görünür. Amma sizin pəhriz proqramınızda şirniyyata yer yoxdur.

İki seçiminiz var. Pəhrizinizi pozub, o dadlı şirniyyatlardan yemək və ya özünüzü zorla da olsa saxlayıb 2 aylıq pəhriz proqramı nəticəsində istədiyiniz çəki və bədən formasını əldə etmək.

Yəqin ki, belə bir hal ilə dəfələrlə qarşılaşmısınız. Tanıdığım bir çox insanlar olub ki, dəfələrlə pəhrizə başlayıb sonra yarımçıq saxlayıblar.

Gəlin hər iki seçimin sonunda əldə edəcəyimiz zövqü və ya mükafatı müqayisə edək.

1. İndi, bu dəqiqə əldə edə biləcəyiniz dadlı şirniyyatlar və alacağınız zövq

2. Ya da səbr edib iki ay sonra əldə edəcəyiniz ideal çəki və gözəl bədən forması.

Hansı sizi daha çox cəlb edir? Təcrübə göstərir ki, bir çox insanlar birinci seçimi edirlər, çünki dərhal sahib ola bilərlər və ya o zövqü elə indicə əldə edə bilərlər. Səbr edib arzusunda olduqları hədəf isə uzaqda olduğu üçün kiçik və əhəmiyyətsiz görünür.

Belə bir neçə digər misallara baxaq;

Siqareti atıb sağlam bir həyat tərzinə başlamaq istəyirisiniz amma masanın üzərindəki siqaret qutusu sizə “gəl - gəl” deyir.

Başqa bir misal götürək. Hədəfiniz, aylıq əmək haqqınızın müəyyən bir hissəsini kənara qoyub 1 il sonra özünüzə avtomobil almaqdır. Artıq taksi və ya metrodan istifadə etməkdən bezmisiniz. Avtomobil əldə edib daha rahat hərəkət etmək istəyirsiniz.

Amma bahalı bir geyim görürsünüz və çox xoşunuza gəlir. Sahib olduğunuz məbləğ ilə bu geyimi ala bilərsiniz. Amma düşünürsünüz ki, pul yığıb gələcəkdə avtomobil almaq planınız var.

Amma sahib olduğunuz pul ilə bu geyimi elə indicə ala bilərsiniz və zövqünü də elə indicə yaşamış olacaqsınız. Amma avtomobil almaq üçün hələ 1 il gözləməlisiniz.

Dərhal pul ödəyib həmin geyimi alırsınız. Sabah isə hansısa bahalı bir restoranda sevdiyiniz yeməyi yeyirsiniz və s.

Nəticədə 1 il sonra əldə edəcəyiniz daha böyük bir hədəfə çatmağı və ya rahatlığı, bu gün əldə edəcəyiniz kiçik şeylər üçün qurban verirsiniz.

Belə bir çox misallar çəkmək olar. Bəs görəsən niyə belədir?

İnsanlar həyatları boyu hər zaman bu cür seçimlər qarşısında qalırlar. Böyük hədəflər adətən uzun müddət, səbr və çoxlu çalışmaq tələb edir.

Uzun müddət sonra əldə ediləcək böyük hədəflər və ya mükafatlar çox da cəlbedici görünmür.

Bir çox insanlar bu dəqiqə, elə indicə əldə edə biləcəkləri zövqü və ya nəaliyyətləri/hədəfləri, uzaqda, uzun müddət sonra əldə edəcəkləri hədəflərə və ya nəaliyyətlərə/mükafatlara çox zaman qurban vermiş olurlar.

Nəticədə, dərhal əldə edilə biləcək kiçik mükafatların və ya hədəflərin arxasınca qaçmaqla daha böyük mükafatları əldə etmək şanslarını itirmiş olurlar.

Çünki uzaqda görünən daha böyük mükafatlar və ya nailiyyətlər indi çox da cəlbedici görünmür.

Eyni şeyi hansısa pis əməllər ilə bağlı da demək olar. Elə insanlar var ki, etdiyi əməlin gələcəkdə ona çox böyük bir cəza şəklində geri dönəcəyini bilə - bilə yenə də onu edir.

Amma düşünün, əgər həmin əmələ görə dərhal cəzalanacağını bilsə idi, bunu edərdimi? Çünki, gələcəkdə alacağı cəza, ona indi çox da mühüm bir şey kimi görünmür.

Elə bir çox peşmançılıqlar da bununla bağlıdır.

Gəlin məsələni daha yaxşı başa düşmək üçün keçmişdə aparılmış bir təcrübənin nəticələrinə baxaq.

19720ci ildə Standford Universiteti professoru, psixoloq Walter Mischel tərəfindən 4-5 yaş aralığında olan uşaqlar arasında bir araşdırma aparılır.

Uşaqlara müəyyən seçimlər verilir.

Uşaqlara sevdikləri şirniyyatlar müəyyən şərtlərlə təqdim edilir. Məsələn, bir şirniyyat uşağa təqdim edilir və deyilir ki, əgər 15 dəqiqə ərzində həmin şirniyyatı yeməsə və səbr etsə ona 15 dəqiqə sonunda iki ədəd həmin şirniyyatdan veriləcək.

Elə uşaqlar olur ki, özünü saxlaya bilməyib şirniyyatı dərhal yeyir. Elələri də olur ki, bu testi uğurla keçir və nəticədə mükafat olaraq həmin şirniyyatdan daha çoxunu əldə etmiş olur.

Bu uşaqları təcrübə müddətində başqa istiqamətə baxmaqla və ya əlləri ilə gözlərini bağlamaqla fikirlərini şirniyyatdan kənara çəkməyə çalışır.

İllər sonra bu araşdırmanın davamı olaraq həmin uşaqların böyüdükdən sonrakı həyatları da müşahidə edilir. Testi uğurla keçmiş uşaqların, böyüdükdən sonra bir çoxunun uğurlu insanlar olduqları müşahidə olunmuşdur. Həmin uşaqların bir çoxunun daha yaxşı həyatları olduğu, daha yüksək test nəticələri əldə etdikləri, daha yaxşı təhsilləri və digər bir çox kriteriyalar üzrə daha yüksək nəticələr əldə etdikləri müşahidə edilmişdir.

Həmin şəxslərin mental ve fiziki olaraq daha sağlam olduqları, xoşbəxt ailələrə sahib olduqları və daha az aqressiv olmaları müşahidə edilmişdir.

Bu araşdırma tarixə “Marshmallow experiment” olaraq düşmüşdür.

Bəs uzun müddət tələb edən hədəfləri çatmaq üçün nə etmək lazımdır?

Əlbəttə, əzmkar, səbrli və iradəli olmaq lazımdır. Bununla yanaşı digər atılacaq addımlar da vardır.

Məsələn, planladığınız bir məsələ ilə bağlı ailə üzvlərinizə və ya dostlarınıza deyin, vəya sosial mediada bununla bağlı status yazın.

Dostlarınız ilə hansısa məclisdə görüşərkən yeməyə başlamadan öncə bildirin ki, mən artıq sağlam qidalanıram və şirniyyatdan istifadə etmirəm və ya siqaret çəkmirəm və ya içki içmirəm.

Bunu dedikdən sonra, artıq sosial qınaqdan çəkinəcəyiniz üçün çox istəsəniz belə bu qaydaları pozmayacaqsınız.

Eyni zamanda, tərgitmək istədiyiniz siqaret və ya içkidirsə, çalışın evdə gözünüzün qabağında olmasın. Siqareti və ya içkini görməyəcəyiniz bir yerə qoyun.

Yuxarıda izah edilənlərin ən gözəl nümunəsini isə Oruc tutmaqla bağlamaq olardı. Düşünün bu Ramazan günlərində Oruc tutmağın iradəmiz üzərində faydaları nə qədərdir.

Gün ərzində yalnız müəyyən olunmuş saatlar çərçivəsində yemək yeyə bilərsiniz. Yəni gələcəkdə əldə ediləcək böyük bir mükafata nail olmaq üçün Oruc tuturuq. Gün ərzində ac olsaq belə, sevdiyimiz yeməklər gözümüzün önündə olsa belə onlara toxunmuruq, müəyyən olunmuş vaxtı gözləyirik.

Çünki məqsədimiz gələcəkdə daha böyük bir hədəfə çatmaqdır. İstər dini istərsə də sağlamlıq ilə bağlı olsun.

Bis sizin gələcək ilə bağlı planınız/hədəfiniz nədir və bu planın/hədəfin həyata keçməsinə nə mane olur?

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.