Bəşəriyyətin intibah dövrü...

Bəşəriyyətin intibah dövrü...

(Koronavirus epidemiyası barədə subyektiv baxışlarım)

Ötən ilin sonlarından etibarən Çin Xalq Respublikasının Uhan əyalətindən başlayaraq dünya ölkələrinə yayılan "Koronavirus" (COVID-19) epidemiyası dünya ölkələri və xalqları kimi bizi də əsrimizin ən çətin və acı günlərini yaşamağa vadar edir. İndiyədək bu xəstəliyə yoluxanların sayının 1,7 milyon nəfərdən, vəfat edənlərin sayının isə 100 min nəfərdən çox olduğu bildirilir. Əlbəttə, bu arada müalicə alıb tam sağalan insanların sayı da az deyil...

Bu günlərdə hər kəs bu hadisədən öz siyasi, dini, iqtisadi və s. hədəfləri üçün istifadə etməyə, kimisi bu epidemiyanı zühur əlaməti, kimisi ilahi əzab, kimisi də ayrı mənalarda izah etməyə çalışır. Bəzi dindarlar bu hadisənin fonunda günahkarlıq və eyş-işrət içində yaşayanları qınaq obyektinə çevirib ələ salır, Allahın onları bu epidemiya ilə necə evin bir küncünə çəkdiyini söyləyirlər. Halbuki bu epidemiya nəticəsində həm də Məkkə və Mədinə, eləcə də Nəcəf, Kərbəla, Məşhəd və Qum şəhərlərində də xüsusi durğunluq var. Cümə namazları, dua mərasimləri və məscidlər də rəsmən tətil edilan edilib. Bu baxımdan epidemiya ümumbəşəri bir bəladır və yalnız dindən uzaqda olanlara aid deyil...

Bu arada belə çətin günlərdə möhtəkirlik edən, xalqın daha çox ehtiyaclı olduğu məhsulları (maska, əlcək, spirt və s.) neçə qat qiymətə satan "vicdan"lı şəxslər də var... Onların haqqında danışmaq istəmirəm. Amma bu qədər bilirəm ki, belələri bizdən deyil...

Epidemiyanın yaranma səbəbi barədə...

Bu epidemiyanın yayılması barədə isə iki əsas fikir təqdim edilməkdədir:

1. Bu virus dünya güclərinin xüsusi laboratoriyalarında hazırlanmış və dünya ölkələrini istila etmək hədəfi ilə xüsusi hədəf əsasında yayılmışdır...

Hələlik bu iddia özünü sübut etməmişdir. Çünki dünyada super güclərin özü də bu gün həmin epidemiya ilə çarpışır, onun törətdiyi fəsadlardan ziyan görür, neft bazarlarında səhmlər əldən çıxır, iqtisadiyyat zəifləyir, bu epidemiyadan itkilər baxımından isə Çin, Amerika və Avropa ölkələri arasında yerdəyişmələrin şahidiyik. Amma şübhəsiz, zaman hər şeyi aydınlaşdıracaq. Çünki zaman bir çox məchul davranışların və bağlı qapıların ən gözəl açarıdır...

2. Bu virus insan oğlunun təbiətin vəhşi faunasına qeyri-insani və təcavüzkarcasına müdaxiləsinin nəticəsidir. Bununla bağlı müəyyən dəniz heyvanları, xüsusilə də yarasa ətindən istifadə halları misal göstərilir.

Hər halda epidemiyanın yayılma səbəbi nədirsə utanc və xəcalətdən başqa bir şey deyil. Uf olsun minlərlə insanın ölümü və milyonlarla insanın qorxu və əzab çəkməsi bahasına əldə edilən ağalıq və liderliyə! Nifrət olsun belə hegemonluğa!

Həm də ar olsun öz insanlığını unudub vəhşi heyvan kimi qidalanmaya həvəs göstərmək hissinə! Ayıb olsun öz insani hissləri və insani keyfiyyətini unudub insanlığa yaraşmayan qidaları əldə edən, satan və yeyənlərə!

Ey insan! Axı Ulu Tanrı səni insan yaratmışdı! Sən yırtıcı vəhşi deyilsən ki, siçan, it, pişik və yarasa kimi heyvanların ətindən qidalanasan. Nədən Ulu Tanrının sənin üçün bu qədər münasib və təmiz qidalar yaratdığını unudur və insaniyyətə uyğun olmayan qidalara həvəs göstərirsən?

Ulu Tanrı mehriban, mərhəmətli və əzizdir. O, yaratdıqlarını əbəs yerə məhv etməz, belə çətin duruma salmaz. Əslində, varlıq aləmində üzləşdiyimiz problem və acılıqların böyük əksəriyyəti öz əllərimizlə gördüyümüz nalayiq əməllərin (vəhşilik, mənəm-mənəmlik, təcavüz və s.) nəticəsidir. İlahi sınaq və ilahi məsləhət kimi versiyalar isə sonrakı mərhələlərdə yer alır.

Unutmayaq ki, bu dünya həyatı bir gəmi, onun sakinləri isə gəmi sərnişinləri kimidir. Hansısa bir sərnişin gəmidə "bura mənim yerimdir!" deyib əyləşdiyi yeri deşməklə bütün gəmi və onun sərnişinlərini təhlükəyə atdığı kimi, bu dünyada və yer kürəsində də qeyri-insani tərzdə davranan, təbiətə və varlıq aləminə qarşı təcavüzkarlıq edənlər əslində bütün yer kürəsi və onun sakinlərini təhlükəyə atmış olur.

Nə edək?

Durum çətin olsa da, hər halda inanclı insanlar çox yaxşı bilirlər ki, biz əsla Sahibsiz deyilik. Ulu və mərhəmətli Yaradanımız, Əziz Tanrımız var.

Bundan əlavə, bu çətin günlərdə xalqın qeydinə qalan və bütün var gücü ilə epidemiyanın yarada biləcək fəsadları ilə mübarizə aparan Dövlətimiz və Hökumətimiz var. Ölkə Prezidenti, Birinci xanım və Azərbaycan Hökuməti dayanmadan çalışır, xalqın və Dövlətin bu çətin şəraitdən ən az itki ilə çıxması üçün fəaliyyət göstərirlər. Dövlət belə çətin günlərdə atdığı addımlarla öz varlığı və gücünü, həmçinin xalqı unutmadığını nümayiş etdirir. Bu gün hamı və hamı, xüsusilə də həkimlər və polislər dayanmadan çalışır, fədakarlıq göstərirlər.

Biz Azərbaycanımız, Dövlətçiliyimiz və xalqımız yaşasın deyə Dövlətimizin təyin etdiyi müvəqqəti xarakterli qayda-qanunlara anlayış göstərməli, itaətkar olmalıyıq. Bu, çətin olsa da, müvəqqətidir. Bu gün bu epidemiyanın yayılma səbəbindən asılı olmayaraq hər birimiz öz vicdanımız, Dövlətimiz və Ulu Tanrımız qarşısında sınaqdan keçirik.

Son məlumatlara görə, dövlətimiz aztəminatlı ailələr üçün xüsusi yardım paketləri nəzərdə tutub. Amma lütfən maddi imkanı yaxşı olan insanlar da bu günlərdə aztəminatlı ailələr və gündəlik muzdla çalışanları unutmasınlar. Çünki karantin rejimi zamanı ən çox çətinlik çəkənlər məhz pul və ərzaq ehtiyatı olmayan insanlardır.

Şəxsən özüm bu günlərdə Bakı və bölgələrdə imkansız ailələrə yardım əli uzadan təmiz niyyətli və xeyirxah insanlar barədə məlumatlar əldə etmişəm...

Əslində, həyatın mənası və mahiyyəti elə budur! Həyatın acı və şirin, çətin və asan günləri olur və beləcə ötüb-keçir. Yerdə qalan isə yaxşılıq, mərhəmət və insanlıq hisləridir.

Ölkəmizin imkanlı şəxslərindən xahişim bu ilahi fürsətin qədrini bilib ondan layiqincə istifadə etməsindən ibarətdir. Lütfən bu çətin günlərdə insanlıq və mərhəmət hislərimizi yaşadaq və öz mərhəmətli addımlarımızla çətinlikdə olan insanların həyatını asanlaşdıraq!

İnanın və əmin olun ki, belə çətin günlərdə imkansız ailələr və insanlara səmimi niyyətlə yardım əli uzadanlar mükafatsız qalmayacaq. Xeyirxah insanlar bunun mükafatını ilk öncə elə bu həyatda hiss edəcək və görəcəklər. Çünki bu varlıq aləmində heç bir iş və heç bir əməl Ulu Tanrının diqqətindən kənarda qalmır...

Ölkədə sabitliyi qorumaq lazımdır...

Bu gün sosial şəbəkələr demək olar ki, insan həyatının ayrılmaz bir hissəsinə çevrilib. Onun müsbət və faydalı tərəfləri ilə yanaşı, mənfi və ziyanlı tərəfləri də var.

Mən bu yaşıma qədər heç bir siyasi partiyanın üzvü olmamışam. Amma hər zaman Dövlətçilik, Vətən və ümumi mənafeni qırmızı xətt saymışam. Bu baxımdan söylədiyim fikirlər öz müstəqil mövqeyimdir. Koronavirus epidemiyasının dünyada tüğyan etdiyi bir zamanda kimlərsə sosial şəbəkələrdə bilərəkdən və ya bilməməzlik ucbatından öz məsuliyyətsiz davranışı ilə ölkədə sabitliyi pozmağa çalışır. Məncə, belə bir çətin zamanda bu qəbil hərəkətlər çox qəbahətli iş və ağır cinayət sayılır.

Müxalifətə gəlincə isə mənə görə İqtidar da, Müxalifət də bu millətin övladlarıdır. Düşünürəm ki, müxalifətdən olan siyasi fəallar bu mövzu ilə bağlı tənqid və təkliflərini sosial şəbəkələr üzərindən deyil, xüsusi kanallar vasitəsilə Hökumətə çatdırsalar, daha məqsədəuyğun olardı. Bildiyim qədər Hökumətin də bu kimi məsələlər üçün xüsusi kanalları hər zaman hər kəsin üzünə açıqdır. Əgər məqsəd bu çətin gündən ən az fəsad və itki ilə xilas olmaq, əziz xalqımızı qorumaqdırsa, o zaman nədən təklif və tənqidləri sosial şəbəkələrdə açıq-aydın tərzdə yayıb ölkədə sabitliyi pozmalıyıq?

Günəş yenə də doğacaq...

Varlıq aləmi yarandığı gündən indiyədək Günəş əbədi olaraq buludlar arxasında qalmayıb. İnanın və əmin olun ki, Günəş yenə də doğacaq və bu çətin günlər tarixin səhifələrinə yazılacaq.

Odlar Yurdunun tanınmış həkim Rəşid Mahmudovun təbiri ilə desəm, bu epidemiya bütün dünyaya yeni bir mədəniyyət gətirəcək...

İnsanlar həyatda təmiz yaşamağa və təmiz olmağa, Ulu Tanrıya üz gətirib həyatda gözəl fikir, gözəl davranış və gözəl danışıq əsasında yaşamağa çalışacaqlar. Həm də, həyatın nə qədər dəyərli və önəmli olduğunu düşünüb intibah dövrünü yaşayacaq, əzizlərinin qədrini daha çox bilib, bir daha insaniyyət yoluna qayıdacaqlar...

Biz bundan sonra bir-birimizə necə bağlı olduğumuzu anlayacaq, yeni və gözəl həyat qurmağa çalışacağıq. İnsan öz insanlığını düşünüb təbiətin vəhşi faunasına müdaxilə etməməyi vacib sayacaq. Bunun müəyyən işartıları indidən özünü göstərməkdədir. Məsələn, son günlər dünyanın bəzi ölkəsində vəhşi heyvan, xüsusilə də it və pişik əti satanlar üçün müəyyən cərimələrin təyin edilməsi ilə bağlı xəbərlər yayılıb...

Məhz bu baxımdan koronavirus epidemiyasının sonda bəşəriyyət üçün intibah dövrünü yaradacağına inanıram. Təbii ki, bu arada müxtəlif ölkələr özünü növbəti epidemiyalarla mübarizə üçün daha yaxşı hazırlayacaq, müxtəlif tibbi cihazlar, peyvəndlər və s. hazırlanacaq.

Hər kəsə və bütün Yer kürəsi və onun insan dəyərlərinə sadiq qalan sakinlərinə xoş günlər ümidi ilə!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.