COVİD-19 əleyhinə ermənisayağı “peyvənd” - “koronovirus inqilabı”

COVİD-19 əleyhinə ermənisayağı “peyvənd” - “koronovirus inqilabı”

Hər sözünün mübtədası da, xəbəri də “inqilab” olan Nikol Paşinyanın başı yenidən dərddədir. 2018-ci ilin mayında hakimiyyəti inqilabla zəbt edən, Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə debatda biabırçı məğlubiyyətə düçar olub, çarəni “3 mikro inqilab”da axtaran Nikol Paşinyan indi də COVİD-19  pandemiyasına qarşı mübarizədə ermənisayağı “peyvənd” ixtira edib. Bu “peyvənd”in adı “koronovirus inqilabı”dır.

Hörmətli oxucu, səhv eşitmədiniz! Bəli, bu günlərdə Ermənistanın “inqilabçı” rəhbəri xalqa müraciət edərək bildirib ki, “mənim çağırışım və xahişim ondan ibarətdir ki, hər biriniz fərdi məsuliyyət hissi ilə bizə kömək göstərməlidir ki, koronovirus inqilabını edə bilək. Bu, əsas mesajdır”. El dilində desək, “bişmiş toyuğun gülüşü”nə səbəb olan bu sayıqlamaların yaranmasının əslində ciddi motivləri var. Heç kəsə sirr deyil ki, Ermənistan rəhbərliyinin ilk günlərdən başlayaraq pandemiyaya qarşı səriştəsiz, bacarıqsız və məsuliyyətsiz davranışı ucbatından bu gün bu ölkə Cənubu Qafqazın “qırmızı zonası”na çevrilib. Artıq Nikol Paşinyan etiraf etməyə məcbur olub ki, işlər çox pis gedir: “koronovirusla bağlı ölkədə olduqca ağır situasiya formalaşıb. Biz mahiyyət etibarilə virusun ikinci dalğası ilə üzbəüz qalmışıq”.

Ermənistanda 8 mindən artıq yoluxma faktı qeydə alınıb. Ölənlərin sayı 100 nəfəri ötmüşdür. Erməni ekspertlər artıq tam bədbinliyə qapılaraq bildirirlər ki, onları “İtaliya ssenarisi” gözləyir. Yenə də həmin ekspertlərin qənaətinə görə, ölkədə təxminən 50 minə qədər yoluxan insan vardır, sadəcə, onların böyük bir qismi bundan xəbərsizdir və virusun inkubasiya dövrünü yaşayırlar, digər bir qismində isə xəstəlik simptomsuz keçməkdədir. Ermənistanın səhiyyə naziri Arsen Torosyan isə reanimasiya çarpayıları ilə bağlı üzüntülü statistikanı elan etməyə məcbur olmuşdur: “24 may tarixinə mövcud 186 reanimasiya çarpayısından 154-ü xəstələrin xidmətindədir və ehtiyatda yalnız 32 çarpayı var. Bu acınacaqlı statistika virusa yoluxma hallarının kəskin artımı reallıqda Ermənistanda xəstələrin taleyin hökmünə buraxıldığı anlamını ortaya qoyur.

Ermənistanda epidemiyanın bu qədər geniş miqyas almasının səbəbi nədir? Əsas səbəb qeyri-səmərəli idarəçilikdədir. Kəskin karantin rejimi Parisdə və Nyu-Yorkda 48 gün, Milanda 53 gün çəkdi. “İnqilabı” Ermənistanda isə 19 gündə sonra məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırıldı. Ticarət mərkəzləri və restoranlar açıldı. Ermənistanın səhiyyə naziri isə gözlənilmədən bu sahədə vəziyyəti daha qənaətbəxş olan Gürcüstanı koronovirus yoluxmaları üzrə statistikanı bilərəkdən kiçiltməkdə ittiham etdi. Cavab olaraq Gürcüstan XİN Ermənistana nota etirazını göndərdi. Ermənistan tərəfi üzr istəməli oldu. Bu yerdə yenə xalq deyiminə müraciət etmək yerinə düşür: “Utanmasan, oynamağa nə var ki?”

Beləliklə, Ermənistan baş nazirinin məlum “koronovirus inqilabı” kimi cəfəng “ideya”nı ortaya atdığı reallıqda Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunub və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilib. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş zirvə görüşlərinin (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir. 

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.