Dünyanın ən güclü 3 dövləti və onların geosiyasəti - III HİSSƏ

Dünyanın ən güclü 3 dövləti və onların geosiyasəti - III HİSSƏ

3. Çin

Mövzu üzrə bundan əvvəlki yazılarda ABŞ və Rusiyanın geosiyasi vəziyyətlərindən söhbət açılmışdı. Bu dəfə isə, digər qlobal güc olan Çin haqqında bəhs ediləcək. Təbii ki, dünya hegemonluğu uğrunda bu gün Çinin ən böyük rəqibi ABŞ sayılır, həmin ABŞ ki, bir zamanlar Çinin güclənməsinin ən böyük səbəbkarı olmuşdur. Rusiyanın isə geosiyasi ambisiyalarının reallaşmasına ən kəsərli dəstək verən ölkə Çindir. Pekin son 40 ilə yaxındır, həyata keçirdiyi geniş miqyaslı və köklü iqtisadi islahatlar nəticəsində Çini aqrar sosialist ölkəsindən dünyanın ikinci ən güclü iqtisadiyyatına və qlobal iqtisadiyyatını hərəkətə gətirən mühərrikə çevirib. Davamlı iqtisadi yüksəliş ölkənin hərbi-siyasi qüdrətini artıraraq, onu “soyuq müharibə”nin yan pöhrəsi statusundan qlobal birincilik uğrunda mübarizə aparan gücə transformasiya etdi. Xeyli müddət sürətli iqtisadi yüksəlişlə müqayisədə passiv xarici siyasət kursu sərgiləyən Çin 2008-ci ildən etibarən 30 illik “gizlən və qaç” strategiyasını daha praqmatik, çoxtərəfli və regional liderliyə yönəlmiş xarici siyasət konsepsiyasının reallaşmasına keçdi. Hazırda Asiya-Sakit okean regionunda ABŞ-ın liderliyini təmin edən mövcud güc balansının - ikitərəfli ittifaq müqavilələri ilə möhkəmləndirilmiş status-kvonun Çini daha qane etmədiyi son illər açıq-aşkar özünü biruzə verir.

Belə ki, Pekin Asiya-Sakit okean hövzəsindəki Amerikan ittifaqlarını “soyuq müharibə”nin atavizmləri kimi qiymətləndirərək, regionda öz güc balansını-Çin mərkəzli iyerarxik nizam yaratmaq niyyətini gizlətmir. Pekinə görə, təbii olan belə bir güc balansı dənizdə və quruda ABŞ müttəfiqlik sisteminin olmadığı, əsas qaydalarını Çinin müəyyənləşdirdiyi, bütün region üçün qarşılıqlı dialoq və əməkdaşlığa əsaslanan ümumi təhlükəsizlik çərçivəsi rolunu oynamalıdır. Başqa sözlə desək, təbii güc balansı kimi Çin yalnız özünün dominantlığına söykənən regional güc balansını nəzərdə tutur. Çünki Çin özünü regional mərkəz, ətrafındakı dövlətləri isə bu mərkəzə tabe olan periferiya dövlətləri sayan qədim tarixi şüura malikdir. Beləliklə, Pekinin qurmaq istədiyi regional güc balansı mahiyyət etibarilə iyerarxik-tabeçilik mahiyyəti daşıyır. Bu məzmunda, Çin beynəlxalq aləmdə son illərdə davamlı şəkildə təftişçi siyasət aparan gücü kimi qəbul edilir.

Bu vəziyyətin əsas göstəricisi Çinin müxtəlif səpkili güc nümayişləri ilə Qərbin oturuşmuş güc balansı sistemini mütəmadi qaydada sınağa çəkməsidir. Ümumiləşdirdikdə hazırda Pekinin xarici siyasətinin əsas konturlarını belə təsvir etmək olar:

- Çin öz periferiyası ətrafında-dənizdə, quruda və havada yeni sərhədlər cızır;

- dəniz gücünü də davamlı şəkildə artıraraq, Hind okeanı hövzəsində və regional səviyyədə liman, infrastruktur, enerji-kəmər, ticarət şəbəkəsi qurur;

- ərazi münaqişələri olan qonşu ölkələrə qarşı getdikcə daha aqressiv və güzəştsiz münasibət sərgiləyir, hərbi güc nümayiş etdirərək, Cənubi və Şərqi-Çin dənizində təkbaşına hakim ola biləcəyi ismarıclarını verir;

- öz qaydalarının hakim olduğu regional dialoq və əməkdaşlıq institutları formalaşdırır, habelə bütün Asiya regionunu əhatələyəcək Çin mərkəzli təhlükəsizlik xətti formalaşdırmağa çalışır;

- qonşu və region ölkələrinin özündən iqtisadi asılılığını artırır.

Lakin ABŞ Asiya-Sakit okeandakı birinciliyi əldən vermək niyyətində deyil. Buş dönəmindən sonra Vaşinqtonun xarici siyasətinin əsas istiqamətinin dünyanın gələcək iqtisadi-siyasi mənzərəsində həlledici rol oynayacaq Cənub-Şərqi Asiyaya yönəlməsi təsadüfi deyil.

Beləliklə, yeni tip Böyük Güc Münasibətlərinə keçid astanasında olan Asiya-Sakit okeanı regionunda Amerikan birinciliyi demək olar ki, çox kövrəkdir. Bu vəziyyət, yəni Çinin quru gücü kimi yüksəlişi və Asiya-Sakit okean regionunda Amerikanın liderliyinə alternativ olaraq hegemonluq iddiaları yaxın gələcəkdə hər iki ölkənin münasibətlərində fundamental böhranlara, böyük qarşıdurmalara yol aça bilər. Məhz hegemonluq uğrunda mübarizədə münasibətlərin sülh yolu ilə və regional konfliktlərə yol verilmədən təmin edilməsi artıq xeyli müddətdir ki, akademik dairələrin və beyin mərkəzlərinin üzərində fokuslandığı əsas qlobal məsələlərdən biridir.

Azərbaycanın qlobal 3 güc arasındakı yeri və rolu

Vaşinqton, Moskva və Pekin arasında münasibətlərin təhlili zamanı daha bir mühüm məqama diqqət yetirilməlidir. Böyük dövlətlər arasında mübarizədə ən çox əziyyət çəkən tərəflər həmin ölkələrin xalqları deyil, beynəlxalq hüququn digər subyektləri və onların əhalisi olur. Əfqanıstan, Yuqoslaviya, Suriya, Ukrayna, Gürcüstan misalında biz bunun əyani şahidiyik. Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunikasiya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyətə malik ənənəvi enerjidaşıyıcıları ilə zəngin Avrasiya məkanında yerləşməsi onun beynəlxalq, regional və milli maraqlarının əsas istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir. Avrasiyanın ən əhəmiyyətli bölgələrindən sayılan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz Rusiya üçün daim xüsusi əhəmiyyət daşımış, təxminən son iki əsrdə Moskvanın geosiyasi təsiri, hərbi-geostrateji və geoiqtisadi nəzarəti altında olmuşdur. Sovet İttifaqının dağılmasından sonra bu məkanda bir müddət nisbi “geosiyasi boşluğun” yaranması ümumi geosiyasi mühitə mənfi təsir göstərən etnik separatizmə, milli zəmində qarşıdurmalara və dezinteqrasiya proseslərinə təkan vermişdir. Bundan başqa, sözügedən regiona nəzarət Avrasiyanın daha geniş ərazilərini təsir dairəsində saxlamağa şərait yaratdığından, Rusiya ilə yanaşı digər beynəlxalq güclər, böyük dövlətlər, ələlxüsus ABŞ  bu məkanda öz geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarını ortaya qoyublar.

Mütəxəssislərin fikrincə, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və hərbi-strateji mühitinin formalaşması və sabitliyində Azərbaycanın yürütdüyü milli, regional və beynəlxalq siyasət xüsusi önəm daşıyır. Bu siyasətin əsas istiqamətindən biri ölkənin regionda gedən əksər geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi və bütün sahələr üzrə milli maraqlarının qorunmasıdır. Hazırda bölgənin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji həyatında region ölkələrilə yanaşı üç əsas kənar geosiyasi aktor - Rusiya, ABŞ və Avropa Birliyi, son zamanlar isə, Çin öz maraqlarını maksimum dərəcədə reallaşdırmağa çalışır. Bu kontekstdə ABŞ, İsrail, İran, Rusiya, Çin, Avropa İttifaqı kimi güclərin arasında yerləşən Azərbaycan çox çətin regionda olmasına baxmayaraq, bütün vektorlarla qarşılıqlı maraqları nəzərə alan ikitərəfli və çoxtərəfli münasibətlər qurmağı bacarır. Bu baxımdan, son illər Rusiya, Çin, ABŞ kimi güclərin iştirakı ilə reallaşan iqtisadi və nəqliyyat layihələri, Rusiya və ABŞ-ın yüksək  vəzifəli hərbçilərinin Bakı görüşü dövlətimizə və ölkə başçısına olan inamın göstəricisidir. Bütün bunlar bir daha sübut edir ki, tarazlı xarici siyasət kursu milli maraqlarımızın qorunması müstəvisində ən optimal seçimdir. 

Dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Azərbaycanın xarici siyasəti əksər dövlətlər üçün örnək rolunu oynaya bilər. Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal variantdır.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.