Dünyanın ən güclü üç dövləti və onların geosiyasəti - I HİSSƏ

Dünyanın ən güclü üç dövləti və onların geosiyasəti - I HİSSƏ

1. ABŞ

Hazırda planetimizin geosiyasi mənzərəsini və strukturunu SSRİ- nin və sosialist blokunun dağılmasından sonrakı reallıqlar, köhnə və yeni dövlətlər, habelə müxtəlif geosiyasi aktorlar arasındakı münasibətlər müəyyənləşdirir. Dünyanın yeni arxitekturasında baş vermiş dəyişiklikləri və mürəkkəb prosesləri artıq bəşəriyyətin ənənəvi geosiyasi təsəvvürləri və konsepsiyaları ilə izah etmək çox çətindir. “Dəniz və quru güclərinin mübarizəsi” nəzəriyyəsi, “daimi rəqib və ya müttəfiq” kateqoriyaları kimi  klassik yanaşmalar müasir dünya nizamının təsnifatında özünü doğrultmur. Məhz bu baxımdan, şahidi olduğumuz geosiyasi prosesləri ənənəvi geosiyasi nəzəriyyə və təsəvvürlər çərçivəsinə sığışdırmaq və proqnozlaşdırmaq mümkün deyil.

Əvvəlki beynəlxalq münasibətlər sisteminə xas olan yanaşmalar və koordinatlar yeni fərqli çalarlarla, bölgülərlə və tarazlıqlarla zənginləşib ki, bu da daha çevik dəyərləndirmə və nəzəri əsaslandırma tələb edir. Müasir geosiyasi reallıqlarda ilk növbədə dünya ağalığı, yaxud ən azı dünya nizamının formalaşmasında söz sahibi olmaq və güc mərkəzlərindən biri kimi çıxış etmək uğrunda 3 böyük dövlətin - ABŞ, Çin və Rusiyanın sərt rəqabət apardığını görürük. İqtisadi-siyasi və hərbi potensiallarına görə planetin digər dövlətlərindən köklü şəkildə fərqlənən bu dövlətlərin dünya siyasətində tutduğu mövqe bu və ya digər şəkildə hər bir xalqın taleyində mühüm rol oynayaraq,  beynəlxalq nizama kifayət qədər təsir edir. Hazırda bu 3 dövlətin öz aralarında, habelə digər ölkələrlə münasibətləri beynəlxalq əlaqələr sistemi subyektlərinin mənafelərinin təmin olunmasına, ayrı-ayrılıqda və ya birgə milli maraqların qorunmasına birbaşa, yaxud da dolayısı ilə təsir göstərir.

Lakin real şəkildə yalnız ABŞ dünyanın bütün əhəmiyyətli geosiyasi hadisələrinə, beynəlxalq regional və yerli geostrateji layihələrə, münaqişələrə, dövlətlərarası və dövlətlərdaxili proseslərə müdaxilə etmək imkanına malikdir. Odur ki, hazırda ABŞ  dünya hegemonluğunu qoruyub saxlamağa çalışan, buna ən çox imkanı olan, qlobal miqyasda nəzarət mexanizminə malik yeganə aktor və sözün əsl mənasında fövqəldövlət kimi qiymətləndirilir. Bu isə milli maraqlarının dünyanın bütün bölgələrində təminatı üçün zəruri olan iqtisadi-siyasi və mənəvi potensialı, özünün və müttəfiqlərinin mənafelərini nəzərə almağı digər dövlətlərdən tələb edən və bunu bacaran qlobal əhəmiyyətli aktorun mövcudluğu deməkdir. Bəşər tarixində bir vaxtlar Qədim Romanın, monqol-tatarların, Ərəb Xilafətinin, Böyük Britaniyanın, SSRİ və ABŞ-ın oynadığı rolu hazırda ABŞ təkbaşına öz üzərinə götürüb.

1945-ci ildə iqtisadi-siyasi və hərbi parametrlərə görə ABŞ artıq dünyanın ən güclü dövləti idi. Birləşmiş Ştatlar həmin dövrdə ümumdünya məhsulunun tən yarısını istehsal edirdi. Müharibə illərində düşmən dövlətləri hərbi texnika və silah-sursatla təmin etməsi qarşılığında qazanılan təqribən 23 min ton qızıl məhz ABŞ-da təmərküzləşmişdi.

Amerikalı geosiyasətçilər artıq Vaşinqtonun yalnız Qərb yarımkürəsində deyil, planetar miqyasda hegemonluğunu çox təbii və tarixi zərurət kimi təqdim edirlər. Atlantizm nəzəriyyəsinin məşhur təmsilçilərindən olan Henri Kissincerə görə, ABŞ dünya dövlətləri ilə strategiyasında pərən-pərən düşmüş “sahil zonaları”nın ölkələrini “bütöv birlik”  şəklində birləşdirmək, onlara daxili siyasətlə məşğul olmaq üçün lazımi şərait yaratmaq və kənar müdaxilələrdən qorunmaq naminə onların arxasında durmalıdır. Bu missiya Avrasiya üzərində tam nəzarəti əldə etmək yönündə dövlət və xalqları Vaşinqtonu dəstəkləməyə sövq edəcək. Kissincerin doktrinası ABŞ-ın “qamçı və kökə” siyasətinə üstünlük verməsini şərtləndirirdi. Vyetnamla müharibə, Çinlə əməkdaşlıq və sair təklif edən Kissincer İranda Məhəmməd Rza şah Pəhləvi rejiminin, Ukrayna və Baltikyanı ölkələrdə isə millətçi qüvvələrin dəstəklənməsinin tərəfdarı idi.

Ümumilikdə isə, ABŞ dünyada artıq uzun müddətdir ki, bir neçə faktorun şərtləndirdiyi hegemon rolunu oynayır. Əvvəla, Vaşinqtonun planetin hər regionunda bağladığı müttəfiqlik müqavilələri, ikincisi onun rəqibsiz dəniz dominantlığı və üçüncüsü, bu iki amilə söykənən sabit güc balansı. Müasir dünya nizamının əsas güc mərkəzi olan ABŞ öz maraqlarını müxtəlif yollarla reallaşdırır. Dünyada Avromərkəzçiliyin mövcudluğu döründə, “Monro” doktrinasına istinadən təcridçilik siyasəti yürüdən ABŞ artıq nəinki “dünya polisi” rolunu oynamağa iddialıdır, hətta buna qarşı çıxan ölkələri sözün əsl mənasında sındırmağa çalışır. Bunun üçün, ilk növbədə, azad bazar və demokratik idarəçilik prinsiplərini bütün dünyada yaymaqla planeti amerikan maraqlarından çıxış etmək siyasəti aparılır. Dünyanın ən güclü iqtisadi mərkəzi olan Avropanı iqtisadi-siyasi və hərbi layihələr çərçivəsində birləşdirən Vaşinqton, qoca qitədəki ölkələri öz çətiri altına salmağı bacardı. Sovetlər İttifaqının başçılıq etdiyi “Şərq” blokunun dağılması nəticəsində isə ABŞ yeni minilliyin astanasında fövqəlbəşər gücə çevrildi. Onun təbliğ və təşviq etdiyi iqtisadi-siyasi liberalizm və neoliberalizm nəzəriyyələrinin müddəaları öz növbəsində dünyada ən öncül dəyərlər kimi qəbul olunmağa başladı. Sovet İttifaqının dağılması sözsüz ki, İkinci Dünya müharibəsindən sonra mövcud olan dövlətlərarası güc münasibətlərinə də böyük dəyişikliklər gətirdi. Belə ki, Soyuq Müharibə dövründə əsas güclər arasındakı təhlükəsizlik siyasətini müəyyənləşdirən beynəlxalq münasibətlərin bipolyar strukturu ləğv olundu, əvəzində ABŞ-ın fövqəlgücü ilə səciyyələnən faktiki təkqütblü dünya nizamı formalaşdı. Bununla belə, 21-ci əsrin əvvəllərindən etibarən bir sıra qeyri-ənənəvi təhdidlərlə üzləşən ABŞ-ın hegemonluğu çətin sınaqlara məruz qaldı. Nəticədə, müəyyən mənada öz “yuvarlanma” strategiyasının məhsulu olan assimmetrik təhdid ünsürləri Vaşinqtonu ənənəvi təhlükəsizlik konsepsiyasını dəyişməyə məcbur etdi. Beynəlxalq koalisiyanın terrorizmə qarşı müharibəsi strateji məqsədlərə çatmaq əvəzinə, Birləşmiş Ştatların beynəlxalq imicinə ciddi zərbə vurmaqla yanaşı, onu yeni problemlərlə üzləşdirdi. Hazırda Amerikanın zəifləməyə doğru gedən qlobal güc olması müddəası xeyli aktuallaşıb. Bu məntiq xüsusilə keçmiş Üçüncü Dünya ölkələrinin son illərdəki yüksəlişi fonunda daha da güclənməkdədir. Son illər yaşanan hadisələr, ələlxüsus Suriya,  Ukrayna və Venesuelada Kremlin uğurlu gedişləri, Rusiya, Çin, Hindistan, Braziliya, Almaniya, Fransa, Türkiyə kimi aktorların artan rolu beynəlxalq münasibətlərdə çoxqütblü sistemin yarana biləcəyinə dəlalət edir.

Bəs Vaşinqtonun əsas rəqibləri olan Moskva və Pekin geosiyasi proseslərdə nə kimi yer tuturlar?

Ardı var...

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.