Dünyanın xilaskarı barədə...

Dünyanın xilaskarı barədə...

Tez-tez belə bir cümləni müxtəlif insanlardan eşidir və ya müxtəlif yazılarda oxuyuruq: "Dünyanı gözəllik xilas edəcək!"

Araşdırma zamanı bu cümlənin XIX əsrdə tanınmış Fransa və dünya ədəbiyyatının klassiki, şair, yazıçı və tənqidçi, həmçinin Avropa şeirlərinin inkişafına təsir göstərən simvolizm estetikasının təsisçisi Şarl Pyer Bodler (1821-1867) tərəfindən söylənildiyi aydınlaşır.

Cümlə olduqca cazibədar və çox gözəldir. Ona görə də dünya millətləri arasında geniş yayılmışdır. Amma onun hansı mənada olmasına insanlar tərəfindən diqqətin az yetirildiyini görür, bir çox hallarda bir çox insanların bu cümləni əslində zahiri gözəllik kimi təsəvvür etdiyini müşahidə edirik. Amma doğrudan da görəsən dünyanı kim və nə xilas edəcək? Görən, insanın zahiri gözəlliyi və ya ətraf mühitin təmizliyi, gözəlliyi və abadlığı bu yer kürəsini xilas edə bilərmi?

İlk olaraq qeyd edim ki, bu dünya və yaşadığımız bu yer kürəsi heç də zahiri gözəlliklə xilas olan deyil. Çünki indiyədək yaşadığımız və sakini olduğumuz bu yer kürəsi və bu dünya həyatı onu fitnə-fəsada, azğınlıq, pozğunluq, səviyyəsizlik və bir çox tükürpərdici hallara salan, onu qanlı-qadalı müharibələr və çəkişmələrə sürükləyən çox "gözəllər" görüb. Əgər şairin bu cümlədə məqsədi zahiri gözəllik olsaydı, o zaman dünyamız çoxdan xilas olmalı və bu qədər acılıqlar və ağrılara şahid olmazdı.

Doğrudur, hər bir insan məhz insan olduğuna görə, öz zahiri görünüşünə, geyiminə və təmizliyinə fikir verməli, vaxtı-vaxtında saçlarını qısaltmalı, dişlərini fırçalamalı, təmiz geyinməli və s. bu kimi insana xas olan gündəlik vəzifələrə riayət etməlidir. Lakin unutmayaq ki, bu həyatda gözəllik sadəcə xarici görkəm deyil. İnsanın xarici görkəmindən əlavə onun daxili saflığı, ağıl və düşüncə səviyyəsi, etika və mədəniyyəti, həyatın hər bir sahəsində xoş niyyətli və xoş məramlı olması da önəmlidir.

Hər halda Şarl Bodler öz dövrünün bir bacarıqlı şair və yazıçısı, xüsusilə də simvolizm estetikasının banisi olub və təbii ki, bir cümləsi ilə neçə-neçə mənaları nəzərdə tutmaq, müəyyən bir mənanı fərqli ifadələr və işarələrlə çatdırmağı sevirdi.

Amma mən dünyanı xilas edəcək amil barədə danışarkən hər hansı fərqli və çoxsaylı məna və məzmunları özündə ehtiva edən cümlə və ifadələrdən istifadə etməyi bəyənmir, bu haqda tam şəffaf fikir yürütməyi üstün tuturam. Çünki dəyərli şairlərə böyük hörmətim olsa da şair deyiləm. Bu baxımdan, düşünürəm ki, dünyanı xilas edəcək yeganə amil ETİKAdır. Bəli, etika, etika və yenə də etika!

Rəngi, irqi, sosial durumu, həm də dini və siyasi baxışından asılı olmayaraq bir çox insanlar etika məsələsinə çox sadə yanaşırlar. Lakin beş hərfdən ibarət olan bu sadə ifadənin çox dərin və zəngin mənaları var. Bir çoxları etika dedikdə yalnız sadə davranış qaydalarını nəzərdə tutsa da, əslində yunan sözü olan etika ifadəsi həyatda insanın özünü dərk etməsi, kimliyi və bacarığı və ixtisasını tanıması, üzərinə düşən vəzifələri məsuliyyət və vicdanla həyata keçirməsi və ümumiyyətlə, həyatı boyunca Ulu Tanrı, cəmiyyət, insanlar, təbiət, ətraf mühit, heyvanlar və bütün varlıq aləmi qarşısında məsuliyyətli davranması kimi olduqca böyük və əzəmətli mənaları özündə ehtiva edir. Etika fəlsəfəsi insana mən kiməm, necə olmalıyam və nə etməliyəm kimi suallara ən gözəl və dolğun səviyyədə cavab tapmağı öyrədir. Etika hər kəsin həyatda yalnız öz işi və öz peşəsi ilə məşğul olmasını tələb edir, eyni halda ona aid olmayan sahələrə müdaxilə etməsini rəsmən yasaqlayır. Bu, sadə bir cümlə olsa da, hər bir düşüncəli insan həyatımızın müxtəlif sahələrində üzləşdiyimiz fəsadların daha çox bu sahədən qaynaqlandığını çox gözəl anlayır.

Etika sözün həqiqi mənasında çox böyük bir məktəb, əhatəli bir ideologiyadır. Bunu həyatda gözəl düşüncə, gözəl danışıq və gözəl davranış prinsipi ilə də ifadə etmək olar.

Əgər insan oğlu etikaya sahib çıxarsa, o zaman yaşadığımız bu dünya da xilas olacaq və xoşbəxtlik, firavanlıq və ən gözəl və ülvi həyat bəşəriyyətin üzünə güləcək. Əks təqdirdə elm və texnikanın inkişafına rəğmən həyatın hər bir sahəsində mənəm-mənəmlik, təkəbbür, tərbiyəsizlik, səviyyəsizlik, fitnə-fəsad, ədalətsizlik, acılıq, kin-küdurət, intriqa, çəkişmə, ixtilaf və fərqlilik, müharibə və qanlı-qadalı olayların şahidi olacağıq. Bunu demək nə qədər acı olsa da, əslində sakini olduğumuz yer kürəsi bu günə kimi elə bütün bu acılıqların şahidi olub. Çünki bəşər övladına etika hakim deyil, ayrı-ayrı məsələlər (maddiyyat, vəzifəpərəstlik, mənəm-mənəmlik və s.) hakim kəsilmişdir.

Məncə yaşadığımız bu yer kürəsinin gözəlləşməsi və xilas olmasını istəyiriksə ilk öncə insanlar arasında etika məsələsi ciddi şəkildə təbliğ və tərvic edilməlidir. Təbii ki, bu sahədə əsas vəzifə ziyalı insanların, qələm əhli və media sahiblərinin üzərinə düşür. Hətta, bu məsələyə dünya dövlətləri və Birləşmiş Millətlər Təşkilatı səviyyəsində baxmaq və onu diqqət mərkəzində saxlamaq lazımdır. Çünki insan oğlunun ən zəif yeri məhz bu məsələdir. İndiyədək yer kürəsinin şahidi olduğu əsas qanlı-qadalı fitnələr, acılıqlar və qanlı, həm də amansız müharibələrin əsil səbəbi də məhz etikasızlıqdan irəli gəlib.

Yaşadığımız əsrdə elm və texnika öz intibah dövrünü yaşayır və sürətlə inkişafdadır. Artıq müxtəlif dünya ədəbiyyatında "Postmodernizm"dən sonra "Post insan" konsepsyası gündəmə gəlib. Lakin bəşər övladını bu həyatda axsadan və dönə-dönə büdrədən, həm də yüksəklərdən uçuruma atan bir amil: etikasızlıq məsələsi hələ də diqqət mərkəzində deyil. Bu gün bu qədər elmi nailiyyətlərə rəğmən bəşəriyyət özünü kamil olaraq sübut edə bilmir. Bu gün dünya mənzərəsi çox utancverici təsvirlərlə doludur: Allah adını dilə gətirərək günahsız insanlar qətlə yetirilir, siyasi sahədə hər növ hiyləgərlik və yalanlara, mədəniyyət sahəsində mədəniyyətsizliyə, din adı altında ən böyük dinsizliklərə imza atılır...

Kiminsə bu fikirə şübhəsi varsa, lütfən indiyədək dünyada baş vermiş acılıqların, xoşagəlməz olayların, fitnələr və müharibələrin əsil səbəbini araşdırsın. O zaman hər bir acılığın başında etikasızlığın dayandığını görəcəyik.

Biz və bütün dünya ölkələri bu günlərdə koronavirus (COVİD-19) pandemiyası ilə üz-üzə dayanmışıq. Hələlik bu pandemiyanın əsil yaranma və yayılma səbəbi bəlli olmasa da, inanıram ki, tezliklə bu sirrin üstü açılacaq. Lakin o zaman bütün bəşəriyyət bir daha bu virusun məhz insan oğlunun etikasızlığı (ya təbiətlə vəhşi kimi davranışı, ya da bilə-bilə öz mənafeyini təmin etmək və dünyada ağalıq niyyəti) ucbatından yarandığına əmin olacaq.

Mən bu qısa yazını özümü başqalarından daha ağıllı və daha müdrik göstərmək üçün qələmə almadım. Çünki belə xislətlər məramımda yoxdur. Sadəcə həyatda biganəlik və tənbəllikdən qorunub üzərimə düşən etik məsuliyyəti dərk etmək və müdrik insanlardan birinin söylədiyi kimi: "Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!" - tövsiyəsinə əməl etməyə çalışdım. Etikanın bütün dünyaya hakim olması ümidi ilə!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.