Ermənistanı qorxuya salan “LORA”: İsrail Azərbaycan Ordusunun arsenalında olan raketi dənizdə sınaqdan keçirib

Ermənistanı qorxuya salan “LORA”: İsrail Azərbaycan Ordusunun arsenalında olan raketi dənizdə sınaqdan keçirib

İsrailin yalnız Azərbaycana satdığı “LORA” raketlərinin İsrail ordusu tərəfindən bu günlərdə dənizdə sınağı baş tutdu.

The Jerusalem Post qəzeti yazır ki, İsrail ordusu LORA ballistik raketini dənizdə sınaqdan keçirib. LORA maksimim 300-400 kilometr (döyüş başlığından asılı olaraq dəyişə bilir), minimum 30 kilometr mənzilə sahibdir. Atışdan hədəfə dəyənə qədərki uçuş vaxtının 10 dəqiqədən daha az olduğu bildirilir.

Öz göstəricilərinə görə, “LORA” ABŞ-ın ATACMS operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərinə yaxındır, yaxud onlarla eyni sinif raketlər hesab edilir.

Raketin işlənib hazırlanması böyük məxfilik şəraitində həyata keçirilib. Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra “LORA” raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb, 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər.

“LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir.

İsrail ordusu “LORA” raketlərini Suriyada İran hərbi bazalarını vurmaq üçün dəfələrlə istifadə edib. 2017-ci ilin sonlarında bu raketlərdən birinin Rusiyanın “Pantsir-S” artilleriya-raket kompleksi tərəfindən vurulduğu haqda məlumatlar yayılsa da, İsrail tərəfi bu məlumatı şərh etməyib.

“LORA”-dan söhbət düşmüşkən, Belarusdan aldığımız “Polonez”ləri də unutmamalıyıq. “Polonez” raket kompleksi Moskvanın Minskə “İsgəndər” raketləri satmaqdan imtina etməsindən sonra yerli müdafiə sənayesinin ekspertləri tərəfindən yaradılmışdı.

"Polonez" nəinki döyüş meydanında düşmən mövqelərini, həmçinin, bütün Ermənistanın hərbi və strateji obyektlərini vurmaq imkanına malikdir.

Düşmənin "Polonez" vasitəsilə 300 km məsafəyə qədər endirilən raket zərbələrinin qarşısını ala bilmədiyi çoxdan məlumdur. Silahın döyüş tətbiqi və raketin uçuş trayektoriyası bunu mümkünsüz edir. Həmçinin düşmənin belə zərbələrin qarşısını almağa heç bir imkanı yoxdur.

Kompleksin texniki xüsusiyyətləri ona 50 saniyə müddətində bir yaylımla, 8 ədəd döyüşə hazır raketlə maksimal uzaqlıqda yerləşən düşmənin hədəf və obyektlərinə 6 dəqiqədən gec olmayaraq zərbə endirməyə imkan verir.

Eyni zamanda, bundan əvvəl ordumuzun silahlanmasında İsrail istehsalı olan “Lynx” çoxfunksiyalı raket atəş sistemi var idi (Naxçıvandan İrəvanı vurmağa qadir olan). Müxtəlif kalibrli YARS raketləri ilə silahlanmış bu sistem üçün müasir ballistik LORA raketləri alınıb.

Alınan silahlar sahəsində ordunun taktiki imkanlarının artırılması, Azərbaycanın raket-artilleriya qoşunlarının imkanlarını dəfələrlə artıraraq, dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırdı. Artıq ölkəmizi “İsgəndər” raketləri ilə hədələmək mümkün deyil. Bu hədələri edənlər və onlardan qorxanlar onsuz da hərbi işdən xəbərsiz adamlar idi. Bu tipli silahların effektiv tətbiqi yüksək keyfiyyətli texniki kəşfiyyat tələb edir ki, Ermənistan ordusunda heç buna oxşar bir şey də yoxdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi əbədi deyil. Düşmənin danışıqlar prosesini uzatması, müxtəlif bəhanələrlə danışıqlardan yayınması, onun məsələnin həllində maraqlı olmadığını göstərir. Elə isə, düşmən ya torpaqların işğaldan azad olunması ilə bağlı addım atır, ya da bizə başqa çıxış yolu qoymur.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.