Ermənistanın KTMT-dən çıxarılması zamanın tələbidir

Ermənistanın KTMT-dən çıxarılması zamanın tələbidir

Ermənistanın siyasi-hərbi rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının ardınca işğalçı dövlətin müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” tezisini dövriyyəyə buraxması və bu istiqamətdə əməli addımlar olaraq iyul və avqust aylarında Azərbaycana qarşı yeni hərbi avantüra və diversiya təxribatlarını həyata keçirməsi məlum münaqişənin müharibəyə transformasiyası üçün münbit şərait formalaşdırdı. Bu reallıqda müharibənin başlanması sırf zaman məsələsi idi.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu ağır artilleriya hazırlığından sonra hücuma keçməsi gözlənilən müharibəni reallaşdırdı. O müharibəni ki, labüdlüyü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 75-ci sessiyası çərçivəsində ümumi debatlarda çıxışı zamanı beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmiş və həyəcan təbili çalmışdı. Dövlətimizin başçısı bildirmişdi ki, Ermənistan müharibəyə hazırlaşır, aqressorun qarşısı alınmalıdır, işğalçıya silah satışı dayandırılmalıdır və ona qarşı sanksiyalar qəbul olunmalıdır. Təəssüf ki, beynəlxalq birlik Azərbaycanın dövlət başçısının bu xəbərdarlıqlarını eşitmədi. Nəticədə  məlum münaqişə artıq klassik müharibəyə  çevrilmişdir. Xilaskar Azərbaycan ordusu əks-hücuma keçib işğalçı orduya sarsıdıcı zərbələr endirərək, doğma torpaqlarımızın azad olunması kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirir. Hərbi əməliyyatların ilk saatlarında Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, “Biz öz torpağımızda döyüşürük, bu gün Azərbaycan ordusu öz torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir Erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Bizim işimiz haqq işidir və biz qalib gələcəyik”.

Məğlub Ermənistan ordusu isə öz acizliyi, rəzilliyi və qorxaqlığını sübut edərək, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini hədəfə alır. Bununla da hərbi cinayətə imza atır. Tam təsdiqini tapmış informasiyalara əsasən, Azərbaycanın iri sənaye şəhərlərinə və strateji obyektlərinə qadağan olunmuş silahlardan zərbələr məhz  Ermənistan ərazisindən endirilir. Bununla da məkrli düşmən müharibənin sərhədlərinin  genişlənməsinə və bu prosesə yeni aktorların cəlb olunmasına nail olmaq istəyir. Başqa sözlə, rəsmi İrəvanın əsas hədəfi mövcud müharibə şəraitində Rusiya başda olmaqla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın yanında olmasını təmin etməkdən ibarətdir. Proseslərin gedişatı göstərir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu xülyası da sabun köpüyü effekti verməkdədir. Niyə? Təhlil etməyə çalışaq.

Ermənistanın KTMT ilə münasibətləri kifayət qədər mürəkkəb xarakteristikaya malikdir. Məlum həqiqətdir ki, Ermənistanın siyasi rəhbərliyi hərbi-siyasi təşkilatın Baş katibini heç bir üzv dövlətə xəbərdarlıq etmədən həbs etmişdi. Sonradan digər üzv dövlətlərin, xüsusən Rusiyanın təzyiqi altında bu qərarından geri çəkilməyə məcbur olsa da, hər halda, indiyədək də məlum cinayət işinə xitam verilməmişdir. Bundan savayı, düz bir il ərzində hərbi-siyasi təşkilata Baş katibin seçilməsi prosesinə mane olmuşdur. Bütün bunları nəzərə aldıqda, KTMT çərçivəsində bir üzv dövlət olaraq Ermənistana münasibətdə adekvat davranışın mövcudluğu anlaşılandır. Onu da nəzərdən qaçırmaq olmaz ki, KTMT-nin 10 fəsil, 29 maddədən ibarət Nizamnaməsinin IV Fəslinin 12-ci maddəsində aydın şəkildə yazılmışdır ki,  hərbi-siyasi təşkilatın  4 orqanının (Kollektiv Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katibləri Komitəsi) hər birinin qərarları prosedur məsələlər istisna olmaqla, konsensus əsasında qəbul olunur. Başqa sözlə, təşkilatın üzvlərinin hər hansı birinin “yox“ deməsi kifayətdir ki, müvafiq qərarın qəbulu baş tutmasın. Deməli, məsələyə bu kontekstdə yanaşdıqda, Ermənistanın indiki halda, yəni hərbi əməliyyatların yalnız Azərbaycan ərazisində aparıldığı reallıqda KTMT-yə istənilən müraciətinin iflasa uğrayacağını öncədən təxmin etmək mümkündür. Oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” televiziyasına müsahibəsində sözügedən məsələyə toxunarkən aydın şəkildə bəyan etdi ki, Rusiya KTMT çərçivəsində üzərinə düşən öhdəliklərə sadiqdir, lakin bu da həqiqətdir ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində aparılır. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Əlavə olaraq başqa bir məsələni də diqqətdən qaçırmaq olmaz.  Bu da KTMT-nin hərbi-siyasi təşkilat olaraq qarşısında qoyduğu məqsəd və təhlükəsizlik məsələlərinə yanaşma tərzi ilə bağlıdır. Belə ki, KTMT-nin 2002-ci il 7 oktyabr tarixində qəbul etdiyi Nizamnaməsinin 3-cü maddəsində qeyd olunur ki, “Təşkilatın məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi  möhkəmləndirməkdən, kollektiv əsasda üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaqdan ibarətdir. Üzv dövlətlər bu məqsədlərin əldə edilməsində siyasi vasitələrə üstünlük verirlər”. Burada hərbi-siyasi təşkilatın öz fəaliyyətində, yəni müxtəlif səviyyələrdə sülh və təhlükəsizlik məsəllərinin həllində siyasi tənzimlənmə vasitələrinə üstünlük verməsi faktı diqqətdən yayınmır. Deməli, Ermənistan üzvü olduğu təşkilatın məqsədlərinin ziddinə fəaliyyət göstərir. Heç şübhəsiz, bu hal təşkilatın imicinə ciddi zərbə vurur. Bundan savayı, KTMT-nin Nizamnaməsinin 4-cü maddəsi də Ermənistanın üzvü olduğu təşkilatın norma və prinsiplərinə daban-dabana zidd siyasət həyata keçirdiyini təsdiqləyir. Həmin maddədə qeyd olunur ki, “Təşkilat öz fəaliyyətində üzv olmayan dövlətlərlə də əməkdaşlıq edir, təhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatlarla münasibətlər saxlayır, Təşkilat beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri əsasında ədalətli və demokratik dünya düzəninin formalaşmasına dəstək verir”. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri isə, ilk növbədə, beynəlxalq subyektlərin güc tətbiqi ilə hədələməmək və ya güc tətbiq etməməyini, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, bütün mübahisəli məsələlərin siyasi yollarla tənzimlənməsini özündə ehtiva edir.

Nəhayət, 1992-ci il 15 may tarixində Daşkənddə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsinin 1-ci maddəsində qeyd olunur ki, “Üzv dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiqi və ya güc tətbiqi ilə hədələməkdən çəkinəcəkləri ilə bağlı öhdəliklərini təsdiqləyirlər. Onlar öz aralarında və digər dövlətlərlə bütün ziddiyyətləri dinc vasitələrlə həll etmək öhdəliyi götürürlər”. Onu da nəzərə alaq ki, 1993-cü il, sentyabrın 24-də Azərbaycan da sözügedən müqaviləni imzalamışdır və 1994-cü ilin 20 aprel tarixindən ta 1999-cu ilin 2 aprel tarixinədək hərbi-siyasi təşkilatın üzvü olmuşdur. Deməli, Ermənistan haqqında bəhs olunan 1-ci maddəyə məhəl qoymayaraq, qurumun digər üzvü olan Azərbaycana qarşı güc tətbiq etmiş və bütün dinc nizamlama imkanlarının üstündən xətt çəkərək, işğal siyasətini həyata keçirmişdir.

Yuxarıda gətirdiyimiz bütün hüquqi arqumentlər bir daha təsdiqləyir ki, Ermənistan  KTMT yarandığı vaxtdan ta indiyədək onun daxilində pozuculuq işi ilə məşğul olmuş, hərbi-siyasi təşkilatın imicinə zərbə endirən fəaliyyət nümayiş etdirmiş və  qurumun  məqsədləri ziddinə davranış sərgiləmişdir. Nəticədə isə bumeranq effekti ilə üz-üzə qalmışdır. Zənnimizcə, KTMT-nin inkişaf hədəfləri və perspektivləri fonunda Ermənistanın təşkilatdaxili və təşkilatxarici aqressiv davranışı bu işğalçı dövlətin hərbi-siyasi qurumdan  çıxarılması məsələsini zamanın tələbinə çevirmişdir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.