Ermənistanın Suriyada mina “təmizləməsi”

Ermənistanın Suriyada mina “təmizləməsi”

Son günlər bəzi erməni saytları məlumat yayıb ki, Echimiədzində yerləşən “Humanitar mina təmizləmə və ekspertiza” mərkəzində təlim keçmiş ermənistanlı mina təmizləyənlərin növbəti – 6-cı qrupu Suriyaya gedəcək.

Bu məlumatı oxuduqda mina problemləri ilə məşğul olan hər bir insanın ağlına ilk gələn fikir “özünə umac ova bilmir, başqasına əriştə kəsir” məşhur atalar məsəlimiz olur. Belə ki, Ermənistan hökumətinin rəsmi məlumatına görə 5.7 kv.km. ərazinin minalarla çirkli olması təsdiq olunmuş və əlavə 3.8 kv.km. ərazidə isə minaların olması ehtimalı var. Ermənistanın 11 vilayətindən dördündə minalara rast gəlindiyi bildirilir. Aydın məsələdir ki, Azərbaycanla sərhəddə minalar var, Türkiyə ilə sərhəddə isə minalar hələ keçmiş SSRİ dövründə basdırılıb, Gürcüstanla sərhəd barəsində dəqiq informasiya verilmir. Rəsmi məlumatlara görə, 2017-ci ildən Ermənistanda mina təmizləmə əməliyyatları aparılmır. “Gələcək imkanların qeyri-müəyyənliyi və maliyyə səbəbindən ümumiyyətlə Ermənistanda mina təmizləmənin son tarixi bilinmir”.

Bunlar Ermənistan hökumətinin Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hər il yenilənən “Landmine Monitor Report” layihəsinə verdiyi bu rəsmi məlumatlardır. Həqiqətən də Ermənistan Respublikası humanitar mina təmizləmə əməliyyatlarında səmimi iştirak etmək istəyirsə, minaların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyasına qoşulmasa da, bu Konvensiyadan irəli gələn məsələləri, birinci olaraq öz ərazilərini minalardan təmizləməklə insanlarının təhlükəsizliyini təmin etməli, piyadalar əleyhinə mina istehsalına və istifadəsinə son qoymalıdır. Ermənistanda istehsal olunan minalar sonradan Azərbaycanın işğal olunmuş ərazilərində istifadə olunur, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik dəfələrlə üzərində Ermənistanda istehsal olunduğu bildirilən minaları zərərsizləşdirib.

Məlumat üçün bildiririk ki, BMT standartlarına uyğun humanitar mina təmizləmə əməliyyatı böyük maliyyə vəsaiti tələb edir. Bütün bunlardan sonra kasıb Ermənistanın Suriyada humanitar mina təmizləmə missiyasında iştirak etməsi Ermənistandakı mina təmizləmə mərkəzinin indiyədək əsas donoru olmuş ABŞ-ı narazı salıb. ABŞ müxtəlif proqramlar çərçivəsində Ermənistanda və onun işğal altında saxladığı Azərbaycan ərazilərində humanitar mina aksiyalarının həyata keçirilməsinə küllü miqdarda maliyyə vəsaiti ayırıb. İndiyədək bu vəsait Ermənistana ayrılıqda, Dağlıq Qarabağda fəaliyyət göstərən Halo Trust təşkilatına ayrıca verilirdi. Lakin son zamanlar verilən məlumatlarda bildirilir ki, ABŞ hökuməti bu maliyyə yardımlarını dayandırmaq qərarına gəlib və bu barədə Ermənistana bildirib. Aydın məsələdir ki, ABŞ-ın belə qərar verməsinə səbəb onun patronajı altında olmayan bir missiyada heç bir maliyyə imkanı olmayan Ermənistanın başqa bir ölkənin yedəyində gedərək Suriyada humanitar mina təmizləmə əməliyyatında iştirak etməsidir.  

Maraqlı bir vəziyyət yaranıb. Ermənistan maliyyə vəziyyəti imkan vermədiyinə görə öz ərazilərini minalardan təmizləyə bilmir, beynəlxalq donor ictimaiyyətindən kömək istəyir, amma Suriyada humanitar mina təmizləmə əməliyyatı həyata keçirməkdə iştirak edəcək. Belə yerdə başqa bir misal yada düşür: əlin yağlıdırsa, öz başına çək!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Hafiz Səfixanov
Mina problemləri üzrə təhqiqatçı

Hafiz Səfixanov

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev