Geosiyasi oyunlar və “erməni məsələsi”

Geosiyasi oyunlar və “erməni məsələsi”

Azərbaycan üçün ən həssas problem olan Qarabağ ətrafında baş verənlər bizi Ermənistan və erməni mövzusu ətrafında daimi təhlillər aparmağa sövq edir. Beynəlxalq hüququn və tarixin Azərbaycanın tərəfində olmasına baxmayaraq, biz ATƏT-in Minsk qrupu ölkələrinin - hansılar ki, həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçüdür - münaqişəyə dair status-kvonun saxlanmasına istiqamətlənmiş davranışlarının şahidiyik. Bu isə faktiki olaraq işğal məsələsində ermənilərin mövqeyini dəstəkləmək kimi başa düşülməlidir.

Əslində, Qarabağ ətrafında baş verənlər kifayət qədər dərin məsələlərdi. Bu gün Cənubi Qafqazda Ermənistanın Azərbaycan torpaqlarını işğalı probleminə həm də, erməni məsələsi kontekstində baxılmalıdır.

Erməni məsələsi əsrlərdir, dünyanın aparıcı dövlətlərinin Anadolu və Qafqazda öz maraqlarını reallaşdırmaq üçün bir vasitəyə çevrilmişdir. XVIII əsrdə I Pyort tərəfindən ermənilərə güclənən siyasi dəstək az sonra bir çox dövlətlərin ermənilər vasitəsilə bölgədə nifaq yaratmaq məqsədlərini ortaya qoymuş olacaqdı.

Mövzu kifayət qədər uzun olduğundan, hətta təkcə son 100 ilə nəzər salmağımız vəziyyətin nə dərəcədə kritik olmasına dəlalət edər. Birinci Dünya müharibəsi hələ başa çatmamış, 1916-cı ilin mayında Böyük Britaniya və Fransa arasında Sayks-Piko sazişi imzalandı. Bu gizli razılaşma Birinci Dünya müharibəsinin sonunda müttəfiqlər arasında Osmanlı imperiyası ərazilərinin böyük hissəsinin bölüşdürülməsini nəzərdə tuturdu. Fransızlar müasir Türkiyənin cənub-şərq hissəsini, Şimali İraqı, Suriya və Livanı ələ keçirmiş, britaniyalılar isə İraqın cənubi və mərkəzi hissələrinə nəzarət əldə etmişdi. Bu iki zonanın arasında isə (Bu gün bu ərazidə Suriyanın bir hissəsi, İordaniya, Qərbi İraq və Ərəbistan yarımadasının şimal-şərq hissəsi var) Britaniya-fransız protektoratı altında Ərəb Krallığı yaratmaq planlaşdırılmışdı. Payına Bosfor və Dardanel vəd olunmuş Rusiya da bu bölgü ilə razılaşmışdı.

1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri Osmanlı imperiyasını siyasi xəritədən tamamilə silmək üçün bütün vasitələrdən istifadə edirdi. Bu, həm də Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının 500 illik arzusunun reallaşması demək idi.

Təbii ki, o dövr haqqında danışarkən xristian sivilizasiyasının Osmanlı dövlətinə qarşı qurmuş olduğu tələyə diqqət yetirilməlidir. Avqustun 10-u 1920-ci ildə Sevrdə imzalanmış müqavilə faktiki olaraq Türk dövlətinin varlığına son qoyurdu, nəinki imperiyanın müxtəlif regionlarını, hətta Anadolunun belə ayrı-ayrı xalqlar tərəfindən bölünməsini nəzərdə tuturdu. 

Təsadüfi deyil ki, bu gün də Ermənistan Türkiyənin şərq ərazilərinə iddia edərkən Sevr müqaviləsinə əsas gətirir və Moskva, Qars müqavilələrini erməni xalqının iradəsinə zidd hesab edir. Həmin vaxt məhz ABŞ lideri Vudro Vilsonun təklifinə əsasən Qara dənizin cənubundan tutmuş Qafqaza qədər tarixdə heç vaxt mövcud olmayan “Böyük Ermənistan” dövlətinin qurulması nəzərdə tutulurdu.

Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M. K. Atatürk tərəfindən tanınmayaraq, 1923-cü ildə Lozanna Müqaviləsi ilə əvəz olundu.

Sevr müqaviləsi ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edilmişdi. Ümumiyyətlə, ermənilərin daim istinad etdiyi Sevr müqaviləsi heç vaxt Osmanlı parlamenti tərəfindən ratifikasiya olunmayıb və bu dövlət tərəfindən hüquqi sənəd kimi qəbul olunmayıb.

Erməni məsələsini Anadoluda reallaşdıra bilməyən ermənilər və onların havadarları öz məkrli planlarını Qafqazda həyata keçirmək istiqamətində fəal işə başlamışdılar. 1918-1923-cü illər arasında İrəvanın ermənilərə verilməsindən digər torpaqlarımızın itirilməsinə qədər hamısı dünyanın hegemon güclərinin ermənilərdən öz maraqları uğrunda istifadə etmələrinin nəticəsi idi. Və bu maraqlar 1980-ci illərin sonundan başlayaraq Qarabağ və ətraf bölgələrin işğalı ilə nəticələndi.

Bu gün region ətrafında gedən proseslərə nəzər saldıqda yenə də, ABŞ, Fransa, Rusiya və s. ölkələrin işğal faktoruna göz yummasını, münaqişə ilə bağlı status-kvonun saxlanmasında maraqlı olduqlarını görmüş olarıq. Beləliklə, erməni məsələsindən öz geosiyasi və geoiqtisadi maraqlarını reallaşdırmaq üçün istifadə edən dünyanın ayrı-ayrı dairələrinin son zamanlar Türkiyəyə və Azərbaycana qarşı yenidən fəallaşmasının şahidiyik. Lakin artıq dövr və zaman başqadır. İndi həm Türkiyə, həm də Azərbaycan istənilən təhdidlərə cavab verməyə hazırdır. O ki qaldı işğal məsələsinə, Qarabağ və ətraf rayonlar yaxın zamanlarda mütləq şəkildə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazilərinə qaytarılacaq.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.