Həsrətin sonu varmış...

Həsrətin sonu varmış...

Həsrətin də sonu olurmış, işğalın da - 27 illik Cəbrayıl həsrətinin, işğalın sonu. Bu həsrətə bu gün neçə gündən bəri davam edən şiddətli döyüşlərdən sonra Azərbaycan Ordusu son  qoydu. Azərbaycan Prezidenti,  Ali Baş Komandanın bu müjdəni paylaşması bizi bu gerçəyə inandırdı...

Həmişə özümüz kimi  köçkün, sınıq, əzik olan ruhumuzla dolaşdığımız torpaqlara bu gün qalib, məğrur ruhla getdik. Doğrusu, son illər xəyal da qurmurdum. Neçə il idi həmişə Cəbrayıl axtarışına çıxdığım Google Maps-a da baxmırdım. Baxanda ta evimizin xarabalığını tapa bilmirdim. Əvəzində düşmənin öz dilində Cəbrayıla, kəndlərimizə verdiyi qondarma adlar çıxırdı qarşıma. Bir də son illərdə bizim şəhərdə açılan bir kafe, guya bir məktəb, bir də kilsə görünürdü. Cəbrayılın ən hündür yerində, “Qartal”ın yanında restoran açmışdılar deyəsən. Bir dəfə də youtube-da Arazqırağı kəndlərimizdə üzüm, bostan əkib-becərdiklərini, suvarma sistemləri qurduqlarını görmüşdüm. Bunları hər görəndə ümidlərimi dəfn edirdim. “Əvvəllər adama belə təsir eləməzdi, yəqin yaşla bağlıdı”, deyirdim öz-özümə.

Beləcə bu ilin avqustunda Cəbrayılsızlığın 27 ilini tamamladıq. 27 ildə bəlkə də 27 min dəfə xəyalən getdik. Torpaqsızlığın, Vətənsizliyin, işğalın 3, 5, 10, 15, 20, 25, 27-ci ildönümlərini  beləcə başa vurduq. Böyüdük, qocaldıq. Körpələr çadırlarda, vaqonlarda, yataqxanalarda doğuldu, sonra ev-eşik sahibi oldu hamı. Sevincimiz də yarımçıq oldu, yaxşı gündə də bir gözümüz ağladı, ürəkdən sevinə, öyünə bilmədik. Bu həsrətlə nə qədər insan nakam getdi, kimləri Vətən həsrəti ilə dəfn etdik...

Cəbrayılın ilk kəndləri azad olunanda, ilk qələbə xəbərini alanda qohumlardan biri atamı müjdələmişdi, söz vermişdi ki, bir-iki günə sizin evin xarabalığının fotosunu sənə göndərəcəm. O da sevincək neçə gündür onu gözləyir.

27 ildir necə dözmüşük? Qələbə xəbərləri gəldikcə 27 ili bu bir neçə günə sığışdırdıq sanki. Dözmək çətin imiş.

Neçə gündür kəndlərin alınması bir-bir elan olunduqca xəyalən uşaq vaxtlarında olduğu kimi Bakıdan Cəbrayıla qayıtdığımız günlərə döndüm. Qatarla getdiyimiz günləri xatırladım: Qaradiz (Horadizə biz elə deyirik)  stansiyasından sonra kəndləri sıraladım- Qazaxlar, Böyük Mərcanlı, Mehdili, Maralyan və bizim son stansiyamız Mahmudlu. İndi Mahmudlu da azaddır.

Qatardan Mahmudluda düşərdik. Sonra Soltanlı, Qumlaq, ordan sonra Zəngilanın Məmmədbəylisi, Akarası (Həkəri) gələrdi. Gedənlər bilir, Mahmudludan bir az maşınla qalxan kimi Cəbrayıl şəhəri, ordan yuxarı Hadrutun kəndləri ovuc içi kimi görünürdü, son illərdə isə dağların arasında ermənilərin çəkdiyi yol-bizim camaatın “Ağ yol” dediyi, strateji yüksəkliklərə gedən yol görünürdü. O yola baxıb vahimələnərdik. O yüksəkliklər, o postlar uğrunda neçə canlar qurban getdi, ordan güllələr, “Qradlar” ələndi. Ora bizim üçün nağıllardakı kimi sanki divin mağarası idi. Həmişə düşünmüşük ki, Qarabağın açarı həm də ordadı, oralar azad olunan kimi düşmənin canı çıxacaq...

...Qaradizə çatanda Cəbrayıla, Mərcanlıya çatanda evə çatdıq deyirdim ürəyimdə. Cocuq Mərcanlıya gedə bilmədik, çünki ordan o yana bizim kəndimizə cəmi 16 kilometr var deyirdilər. Dözə bilməzdim. İndi Cocuq Mərcanlı bizim son dayanacağımız deyil. Bu gündən yolumuz açıqdı. Cəbrayıla gedən yolumuza əngəl qalmayıb.

Dünyanın ən balaca, amma ən doğma, ən gözəl şəhərinə, kəndlərinə gedə biləcəyik. Çinarları yoxdu, kəhrizləri quruyub, bağ-bağatı, evləri, binaları heç biri yoxdu, daşı daş üstdə qalmayıb, bilirəm, heç axar-baxarı da yoxdu. Olsun. Əvəzində daha əsir deyil, daha düşmən çəkmələri altında inləmir, torpağında Azərbaycan əsgəri addımlayır, Azərbaycan tankları gəzir, Azərbaycan bayrağı dalğalanır qoynunda. Azərbaycan Ordusu bu gün bayrağımızı sancdı bizim xəyalən dolaşdığımız torpağa, yəqin ki, ən uca nöqtəsinə.

Bilənlər bilir, Cəbrayıldan Şuşaya da, Qubadlıya da, Zəngilana, Laçına da bir addım qalıb, bircə addım. Tezliklə gedəcəyik. Tezliklə o torpaqlarda da müqəddəs bayrağımız dalğalanacaq!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.