İstintaqda hal şahidi institutuna ehtiyac varmı?

İstintaqda hal şahidi institutuna ehtiyac varmı?

Cinayət işlərində tez-tez işlədilən ifadələrdən biri də budur: "Hal şahidlərinin təsdiqlədiyi...". Hal şahidi kimdir, onun təsdiqi nəyə lazımdır? Hal şahidi istintaqda hansı funksiyanı yerinə yetirir?   

Şahid və hal şahidi: fərq nədir?

Şahid-iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olandır. Hadisəni görən, cinayət (və ya inzibati xəta) hadisəsi baş verəndə və ya əvvəldən hadisəni məzmununu özündə daşıyandır.

Hal şahidi isə hadisə baş verəndən sonra təhqiqatçı, müstəntiq tərəfindən prosesə cəlb edilir. Hal şahidi hadisəni deyil, hadisədən sonra müstəntiq və ya təhqiqatçının apardığı prosessual hərəkətlərin nəticələrini təsdiq edir.

Şahid iradəsindən asılı olmadan hadisənin iştirakçısına çevrilir, hal şahidi isə prosesə öz razılığı ilə qoşulur. Hal şahidinin cinayət prosesində şəxsi marağı olmur. O, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün istintaq hərəkətinin aparılmasında iştirak edir. Hal şahidi qismində cəlb olunmuş şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır.

Kimlər hal şahidi olar bilməzlər?

Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, həmçinin, yetkinlik yaşına çatmayanlar və Azərbaycan vətəndaşı olmayanlar hal şahidi ola bilməzlər. Eyni zamanda cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, həmçinin, görmə, eşitmə və nitq qabiliyyətində qüsur olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər hal şahidi ola bilməzlər. Hal şahidinin şəxsiyyətini dəqiqləşdirmək təhqiqat, istintaq orqanının əməkdaşının üzərinə düşür. Hal şahidi cinayət təqibi orqanının çağırışı ilə gəlməli, cinayət prosesində iştirak edən şəxslərlə münasibətləri barədə məlumat verməli,  istintaq hərəkətini aparan şəxsin prosessual göstərişlərinə tabe olmalı, iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləməli, istintaq hərəkəti aparılan yeri tərk etməməlidi.

Hal şahidi istintaq orqanının əməkdaşının prosessual göstərişlərinə tabe olmalı, işə mane olmamalı, lakin istintaq orqanının qanunsuz göstərişlərini icra etməməli, qanun pozuntusu ilə toplanan sübutlara etirazını bildirməli, qeydləri protokolda əks olunmadığı halda isə onu imzalamaqdan imtina etməlidi. Hal şahidi onun iştirakı ilə aparılmış istintaq hərəkəti və aşkar edilmiş hallar barədə məlumatları, şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamalıdır.

Hal şahidinin həqiqi və ya saxta olmasını müəyyənləşdirmək üçün hadisə baş verən yerlə onun yaşayış və ya iş yeri arasındakı məsafə, hadisə baş verən yerə hansı zərurətdən getməsi aydınlaşdırılmalıdır. Eyni zamanda hal şahidinin təhqiqat və ya istintaq qurumunun əməkdaşları ilə uzun müddətli telefon əlaqələri və ya ünsiyyətləri, digər cinayət işlərində iştirakı yoxlanılmalıdır.

Şəxs hal şahidliyi etdiyi zaman yol verdiyi qanun pozuntularına görə, qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət daşıyır.

Hal şahidi institutu lazımdırmı?

Hal şahidi institutu hazırda qeyri-funksional mahiyyət daşıyır. Çünki bu institutun funksiyası istintaq orqanı üzərində ictimai nəzarət funksiyasını həyata keçirməkdir. Hazırda isə müasir informasiya texnologiyaları, təhqiqat və ya istintaq aparılarkən edilməsi mümkün olan video çəkilişlər, digər yeni metodların tətbiqi faktiki olaraq hal şahidini sıradan çıxarır.

Qanunvericiliyə edilən dəyişiklikdən sonra istintaq hərəkətləri aparılarkən, məsələn, baxış həyata keçirilərkən, video çəkilişdən istifadə edilirsə, hal şahidinin iştirakı vacib sayılmır. Ümumilikdə isə istintaq hərəkətlərinin video çəkilişinin aparılması hal şahidi institutundan daha yaxşı effekt verə bilər. Çünki Azərbaycan reallığında adamlar hal şahidi olmağa maraq göstərmirlər. Hal şahidinə "üzəduran", "adam tutduran" kimi baxırlar.

Təsəvvür edək ki, gecə saat 3-də cinayət hadisəsi baş verir və ya polis əməliyyat keçirir. Gecə saat 3-də təsadüfən həmin ərazidən keçən və hal şahidliyi etməyə razılaşan vətəndaş tapmaq mümkündürmü? Hətta dəfələrlə iştirak etdiyim istintaq hərəkətlərində adamların çox olduğu hadisə yerində belə hal şahidi tapmaq müşkülə çevrilib.

Məhz buna görə də istintaq orqanı daimi tanıdığı və "ştatlı" hal şahidlərini dəvət edir. Həmin şəxslər isə hadisələrin məğzini anlamır, prosesin ardıcıllığını izləmir, məzmun onu maraqlandırmır. Bəzən anlamadığı və faktiki şahidi halın olmamasına formal imza edir. Bu isə əsassız məhkumluq üçün şərait yaradır.

Qanunvericilikdə şəxsin bir və ya bir neçə dəfə hal şahidi olması barədə müddəa yoxdur.

Praktikada məhkəmələr “ştatlı” hal şahidlərinin iştirakına və  digər prosessual nöqsan və sübut etmənin obyektivliyinin təmin olunmamasına  görə bəraət hökmləri verib. Hal şahidinin cəlb edildiyi işdə şəxsi marağı olmamalıdı, prosesə razılığı ilə cəlb edilməlidi. Hal şahidi istintaq hərəkəti müddətində prosesdə iştirak etməli, yekun protokolla tanış olmalı, qeyd edilməsi zəruri olan halların protokola daxil edilməsini tələb etməlidir. Eyni zamanda izləmədiyi və ya izlədiyindən fərqli xüsusatların protokolda qeyd edilməsi ilə bağlı etirazını bildirməli, təqdim olunan sənədləri yalnız dərk etdiyi halda imzalamalıdı. Hal şahidinin cinayətin araşdırılması prosesində sərf etdiyi xərclərin ödənilməsinə və prosesi həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya almaq hüququ var. Praktikada isə belə bir hal, demək olar ki, baş vermir. "Ştatlı" hal şahidləri əksər hallarda istintaq orqanının əməkdaşı ilə əməkdaşlıq edərək, protokola imza atmaq müqabilində aldığı kiçik qonorarla kifayətlənir.

Əslində müasir iqtisadi modeldə xərclənən vaxtın ekvivalenti puldur və hal şahidinin də istintaq hərəkətlərini izləmək üçün sərf etdiyi vaxt və ya çəkdiyi xərclərə ( yol, qida xərci və s) görə qarşılıq alması normaldır. Lakin bu heç bir halda istintaq və ya təhqiqat orqanının əməkdaşı ilə sövdələşmə nəticəsində olmamalı, qanunvericiliyin tələbinə uyğun həyata keçirilməlidi. Təəssüf ki, Cinayət Prosessual Məcəlləsinin (CPM)  94.4.5-ci maddəsi işlək deyil.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.