Ötən yazılarda dünyadakı su hövzələrinin vacib geosiyasi mahiyyətinin təhlili zamanı Türkiyə ətrafındakı boğazların əhəmiyyətini qeyd etmişdik.
Bu dəfə dünyanın ən qaynar nöqtələrindən olan Körfəzdən bəhs edəcəyik.
Dünyanın iqtisadi xəritəsinə nəzər salsaq, planetdəki qitələri birləşdirən mühüm ticarət xətlərinin, nəqliyyat dəhlizlərinin məhz Körfəz vasitəsilə keçdiyinin, dünyadakı ən zəngin neft-qaz yataqlarının da məhz bu regionda cəmləşdiyini əminliklə deyə bilərik.
Son zamanlar ciddi şəkildə siyasi böhranın baş verdiyi planetin su hövzəsi - Körfəz coğrafiyasıdır. İranın faktiki olaraq nəzarət etdiyi Hörmüz boğazı Körfəzi Oman dənizi və Hind okeanı ilə birləşdirir.
Hörmüz boğazı son onilliklərdə geosiyasi güclərin amansız mübarizəsində dünyanın ən həssas boğazlarından bəlkə də birincisi hesab olunur. Elə məhz İran və İraq arasında baş tutan müharibədə və 1991-ci il Körfəz savaşının əsas hədəflərindən biri də məhz Hörmüz boğazına sahiblənmək olub. Bura hazırda dünyanın ən əhəmiyyətli enerji daşınması nöqtəsi hesab olunur.
Hörmüzün bu qədər maraq doğurması təsadüfi deyil. Məsələ ondadır ki, Körfəz ölkələrində ixrac olunan neftin böyük faizi Hörmüz boğazından ixrac olunur. 2000-ci illərdə Hörmüz boğazından gündəlik olaraq 17 milyon barel neft daşınıb. Bu isə sular vasitəsilə neft nəqlinin 35 faizi, ümumilikdə isə neft ticarətinin 20 faizi deməkdir. Hazırda isə Yaxın Şərqdə istehsal olunan neftin 40 faizi, yəni ABŞ, Avropa və Çinə göndərilən neftin yarısı Hörmüz boğazından keçir. Elə bu sadalanan faktlar Hörmüz boğazının əhəmiyyətini və Körfəz ətrafında son vaxtlarda baş verən qarşıdurmaların səbəbini aydın şəkildə izah edir.
Dünyada hər il dəniz yolu ilə neft və maye yanacağın 30 faizi bu boğazdan keçərək dünya bazarına çıxarılır. Sadalanan ölkələrlə yanaşı, Qətər sıxılmış qazın (LNG) demək olar ki, hamısını Hörmüz boğazından daşıyaraq satır. Bu isə dünyada istehsal olunan sıxılmış qazın 2/3-si deməkdir. Bundan başqa, Çin və Yaponiyadan Yaxın Şərq ölkələrinə idxal olunan məhsulların 60 faizdən çoxu məhz bu boğazdan keçir.
Koronavirus pandemiyasının başlanmasına qədər ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və ərəb müttəfiqləri ilə İran arasındakı gərginlik özünün tarixi maksimumuna çatmışdı. İran-Qərb, İran-İsrail münasibətlərindəki gərginliyin saxlanılması Tehranın Körfəz vasitəsilə manipulyasiyasını davam etdirə bilər. Bu barədə İran prezidenti Həsən Ruhani dəfələrlə xəbərdarlıq da edib.
Hazırda dünyada neft nəqlinin bir qədər azaldığını nəzərə alsaq, indiki dövrdə boğaz ətrafında gərginliyin səngiməsini və ən azı qarşıdakı bir il ərzində statik vəziyyəti müşahidə edəcəyimiz dəqiqdir. Lakin əgər İran öz hədəfini həyata keçirsəydi, bu, çox böyük ehtimalla, dünya neft ticarətini xeyli dərəcədə çətinləşdirərdi. Çünki boğaz çox dardır, tankerlərin hərəkətinə qarşı istənilən müdaxilə dünya neft tədarükünün azalmasına və qiymətlərin kəskin qalxmasına səbəb olardı.
Bu plana əsasən, Hörmüz boğası ərazisində batan bir və ya bir neçə gəmi boğazın bağlanmasına səbəb ola bilər. Bundan başqa, SEPAH boğazı keçidə qapatmaq üçün sürətli kiçik katerlər, qurudan quraşdırılıb dəniz nəqliyyatını hədəfə alan raketlər və digər artilleriya qüvvələrinə sahibdir.
Elə iyulun 28-dən başlayaraq İran İslam inqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələrinin Fars körfəzi və Hörmüz boğazında hərbi təlimlərə başlamasını təsadüfi saymaq olmaz.