Koronovirus pandemiyasının yaratdığı risk kommunikasiyasında medianın rolu

Koronovirus pandemiyasının yaratdığı risk kommunikasiyasında medianın rolu

Dünya koronavirusun səbəb olduğu böyük risklə üzləşib. Risk hələ ki, davam edir və düzgün kommunikasiyanın qurulmasına ehtiyac yaranır. İnsanların sağlamlığını necə qorumağı bilmək hüququ var və bunun əsasında da onlar düzgün qərarlar qəbul etməlidirlər. Bir sözlə, effektiv risk kommunikasiyası nəinki həyatı xilas edir və xəstəlikləri azaldır, eləcə də ölkələrə və icmalara fövqəladə hallar zamanı sosial, iqtisadi və siyasi sabitliyini qorumağa imkan verir. Düzgün və effektiv kommunikasiyanın qurulmasında medianın rolu isə əvəzsizdir.

Yarandığı vaxtdan kütləvi informasiya vasitələrinin yalnız bir məqsədi olub-cəmiyyəti məlumatlandırmaq. Hazırda dünyanın yaşadığı pandemiya dövründə də media ictimaiyyəti dəqiq məlumatlandırmaq istiqamətində öz açar rolunu saxlayır.

COVİD-19-la bağlı informasiya axını kifayət qədər boldur və sosial mediada yayılan saxta məlumatların qarşısını almaq çox çətindir. Baxmayaraq ki, pandemiya ilə bağlı dezinformasiyalar sosial mediada geniş yayılır, ənənəvi mediaya olan etibar bu balansı nəinki qoruyur, nəticə etibarı ilə hətta ikincinin  birincini üstələməsi müşahidə olunur. Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleks Giobinin sözlərinə görə, pandemiyanın ilk həftələrindən başlayaraq Avropada (bütün növ mediada) tirajlanma  və auditoriyanın sayı artdı, veb saytlara baxış çoxaldı və hazırda bu proses zəif olsa belə, davam edir. Bu o deməkdir ki, xəbər redaksiyalarının çiyinlərinə adi vaxtlardan daha böyük məsuliyyət düşüb. Aleks Qiobi növbəti aylarda Avropa mediasında maliyyə böhranının yaranacağını istisna etmir, bununla belə ümid edir ki, media pandemiya ilə bağlı çağırışlara cavab verə biləcək. Çünki jurnalistlər indi cəmiyyətdəki rollarını daha yaxşı bilirlər.

Hazırda saxta xəbərlə doğru xəbər arasında baş verən “döyüş” sosial medianın bu istiqamətdə fəaliyyətindən sonra daha da çoxalıb. Pandemiya zamanı dezinformasiya cəhdlərinin səviyyəsi kəskin şəkildə artıb. Bu da cəmiyyətə ilk vaxtlar daha çox mənfi təsir göstərdi. Aleks Qiobi hesab edir ki, cəmiyyət də dezinformasiyalara qarşı mübarizə aparmalı, insanlar etibarlı mənbələrə güvənməli, saxtakarlığa etiraz etməlidirlər. Xəbər agentlikləri informasiya toplamaq baxımından bu mübarizənin əsas hissəsidir. Dünyada daim yeni tədqiqatlar dərc olunur. “Reuters” Jurnalistika Tədqiqatları İnstitutu, “Nieman” Laboratoriyası, Columbia Jurnalistika Hesabatı həmişə olduğu kimi, bu dəfə də çox faydalı mənbə rolunu oynayır. İnsanlar da məlumat almaq üçün rəsmi və etibarlı mənbələrə müraciət etməlidirlər. 

Tomson Reuters Fondunun media məsləhətçisi Fil Vardman COVID-19 virusunun kəskin yayılmağa başladığı vaxtdan etibarən Böyük Britaniya mediasının öz işini nəzərəçarpan dərəcədə dəyişdiyini  qeyd edir. “Əminəm ki, bu Azərbaycanda da belədir” deyən media məsləhətçisi pandemiyanın jurnalistlərin işinə çox təsir etdiyini, onların bütün təhlükəsizlik qaydalarına əməl etdiklərini vurğulayır. O, yalnız ən vacib əməkdaşların xəbər otağına və ofisə girişinə icazə verildiyini, digərlərinin isə evdən işlədiyini qeyd edir: “Bu o deməkdir ki, rəhbər işçilərdən bir-ikisi ofisdə olmaqla əksəriyyəti evdən işləyir.  Reportyorlar ya süjetlə bağlı tapşırıq alana qədər evdə otururlar, ya da xəbər otağına gələrək təhlükəsiz məsafədə işləyirlər. Əməkdaşlar və evdən işləyənlər arasında xəbərlərə dair görüşlər (News meetings) Zoom və ya digər görüntü vasitələri ilə həyata keçirilir. Çəkiliş üçün reportyor və texniki heyət ara məsafəni saxlamaq üçün öz nəqliyyat vasitələri ilə hərəkət edirlər. TV reportyorları, həmçinin, təhlükəsizlik məsafəsini saxlamaq üçün mikrofonları müsahiblərindən iki metr aralı məsafədə tuturlar. Fiziki təmasdan yayınmaq üçün səhiyyə ekspertləri və dövlət rəsmiləri ilə aparılan bir çox müsahibələr əsasən Zoom olmaqla videokonfransalar vasitəsi ilə reallaşır”.

Fil Vardman smartfonlarından istifadə edərək çəkiliş aparan insanlara çox güvəndiklərini bildirir. İnsanlara müraciət olunur, necə yaşadıqlarını və üzləşdikləri problemləri çəkib göndərmələri xahiş edilir. Tomson Reuters Fondunun media məsləhətçisi pandemiya dövründə sosial mediadan konkret olaraq insan hekayələrini əldə etmək üçün yararlandıqlarını deyir. Hətta bəzi xəbər departamentləri adi insanların sosial mediaya yerləşdirdiyi hekayələri axtarmaq üçün daha çox heyət işə götürürlər. Ölüm hallarının çox olduğu hospitallar və qayğı evləri barədə daha çox COVID-19  hekayələri yazılır. Reportyorlar insanlarla Zoom vasitəsi ilə müsahibələr götürür və onlardan xahiş edirlər ki, mümkünsə, hospital və qayğı evlərindən çəkiliş aparsınlar, nəyin necə olduğunu göstərsinlər. Çünki reportyorların bu yerlərə çıxışı yoxdur. Fill Vardman COVID-19-la bağlı keçirilən brifinqlərin onlar üçün qeyri-adi olduğunu qeyd edir. Brifinq canlı yayımlanır və jurnalistlərin təşkilatçılara video vasitəsi ilə sual ünvanlamasına imkan verilir. Brifinqin keçirildiyi otağa heç bir jurnalist buraxılmır. O, bütün bunların jurnalistlərə çətinlik yaratdığını qeyd edir.

BDU-nun professoru, jurnalistika üzrə tanınmış ekspert Nəsir Əhmədli Azərbaycan mediasının pandemiya dövründə fəaliyyətinə toxunaraq deyir ki, başqa sahələrdə olduğu kimi, çap mətbuatının fəaliyyətində də müəyyən fasilə yarandı və bu səbəbdən sosial media ön plana keçdi. Mövcud şəraitdə ən müsbət cəhət isə bu idi ki, vəziyyətlə bağlı hər gün operativ məlumatlar yayılır, canlı yayımlar təşkil olunur. Əhalinin panikaya düşməməsi üçün maarifləndirici materiallar verilir, virusdan qorunmağın yolları göstərilir. Jurnalistlər öz həyatlarını riskə qoyaraq koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu şəfa ocaqlarından müsahibələr hazırlayır. 

Media ekspertləri bu məsələdə əsas mənbələrdən biri kimi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) göstərirlər. Qeyd edirlər ki, qurum COVID-19-la bağlı ən vacib məlumat mənbəyidir və bu mövzuda ən etibarlı tibbi məsləhətlər təqdim edir.

Qlobal həmrəylik vaxtıdır

ÜST-nin koronavirus pandemiyası ilə bağlı medianın rolundan bəhs edən təlimatında qeyd olunur ki, kütləvi informasiya vasitələri risklərlə bağlı təsəvvür formalaşdıran və cəmiyyəti öz sağlamlığını qorumağa kökləyən vasitə kimi ictimai səhiyyənin əsas elementlərindən biridir. Mənbə seçimində diqqətli olmalı, etibarlı mənbənin verdiyi informasiyaya istinad edilməlidir. Bu mənbələr  ÜST (ÜST Qlobal, ÜST Avropa və ya ÜST-ün yerli ofisi), yerli rəsmilər, etibarlı akademik nəşrlər ola bilər. Ekspertləri ehtiyatla seçmək tövsiyə olunur.

Elmi influenserlərə (təsiredicilərə) düzgün şəkildə yanaşılmalı, proqram və xəbər materiallarında onlar etibarlı mənbə kimi təqdim edilməlidir.

Saxta balansdan çəkinmək tövsiyə edilir. Uyğun olmayan müsahiblərdən ziddiyyətli məlumatlar alaraq fikir qarışıqlığına yol açmaq olmaz.

Tövsiyələrdə cavabları siyasiləşdirməmək, sensasiya və polemikalardan çəkinmək tələb olunur. Jurnalistlər aktlara əsaslanmalı, həyəcan təbili çalmaq deyil, xəbərdarlıq etməlidirlər. Eyni zamanda həyəcan təbili kimi səslənən “öldürücü virus”, “ölümcül xəstəlik” ifadələrdən çəkinməlidirlər. Panika yarada biləcək fotolardan istifadə edilməməlidir. Ölümlə bağlı məlumat verərkən “COVID-19-dan ölən insanlar” deyil, “COVID 19-a yoluxduqdan sonra ölən insanlar” ifadəsi işlədilməlidir. Buna səbəb odur ki, əksər insanlar əsasən COVID-19-a yoluxduqlarına görə deyil, daha əvvəl olan xəstəlikləri üzündən ölürlər.

İnsanlar sürətli ötürücü deyil, hadisə sürətli yayılandır 

Planet koronavirus pandemiyasının yaratdığı ekstremal vəziyyətdədir. Dünya mediası həm ekstremal şəraitdə işləyir, həm də ekstremal şəraiti işləyir. Və bu vəziyyət jurnalistika üçün həmişə aktual olan bir məsələnin - ixtisaslaşmanın əhəmiyyətini  gündəmə gətirdi: Səhiyyə və Tibb jurnalistikasını. Hazırkı dönəmdə ixtisaslaşmış jurnalistlərə daha çox ehtiyac var. Azərbaycanda sırf səhiyyə və tibb jurnalistikası üzrə ixtisaslaşmış jurnalistlər yoxdur. Onlar səhiyyə ilə yanaşı, digər sosial mövzular işləyir. “Change PR Kazakhstan” Şirkətinin rəhbəri Tariyel Cəlalinin qənaətinə görə, səhiyyə və tibb jurnalistikası, əsasən böyük ölkələrdə inkişaf edib. İnkişaf etməkdə olan ölkələrdə isə ixtisaslaşmış media çətin yaşayır.

Professor Nəsir Əhmədli isə Azərbaycanda təkcə səhiyyə jurnalistikasının deyil, digər  sahələrə aid jurnalistikanın da zəif inkişaf etdiyini deyir: “Bu, kadr hazırlığı ilə bağlı problemdir. Dəfələrlə yazmışam və demişəm ki, xüsusi kurslar açmalı, yazı qabiliyyəti olan, jurnalistikaya həvəs göstərən başqa peşə sahiblərinə (həkimlərə, iqtisadçılara, mühəndislərə və b.) peşəmizin sirlərini öyrətməliyik ki, onlar hadisələri professionallıqla araşdıra bilsinlər”.

“COVID-19”-la bağlı jurnalist araşdırmalarına gəlincə, professor tutarlı araşdırmalarla rastlaşmadığını təbii hesab edir, çünki pandemiyanın ilk mərhələlərində “isti” xəbərlərə daha çox ehtiyac duyulur, köklü araşdırma aparmağa imkan olmur. Onun sözlərinə görə, araşdırma, adətən, hadisədən müəyyən vaxt keçdikdən sonra aparılır, səbəb və nəticələr soyuqqanlılıqla nəzərdən keçirilir, diqqətdən kənarda qalmış faktların üstü açılır, məntiqi ümumiləşdirmələr edilir, qüsurların gələcəkdə təkrarlanmaması üçün tövsiyələr hazırlanır.

Hazırda dünyada və Azərbaycanda  böyük auditoriya ənənəvi medianın yaydığı informasiyaya etibar edir. Baxmayaraq ki, pandemiya dövründə ənənəvi medianın rolu  artıb, gələcəkdə bu prosesin belə sabit və üstün qalacağını söyləmək mümkün deyil.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.