Pandemiya bizi necə dəyişdi?

Pandemiya bizi necə dəyişdi?

Pessimist olmayaq, amma, bu gün bir çox proqnozlar COVID-19 virusunun hələlik bir müddət insanlar arasında yaşamaq ehtimalı olduğunu deyirlər. Hətta bitsə də belə gələcəkdə yenidən qayıtmaq ehtimallarını da qeyd etmək lazımdır.

Görünən odur ki, hətta dünyanın inkişaf etmiş bir çox ölkələri belə bu xəstəlik qarşısında acizdirlər və hazırlıqsızdırlar.

Bu gün dünyada təsirə məruz qalmış bir çox digər sahələr ilə yanaşı, əsasən turizm və hava yolu şirkətləri artıq çökmə səviyyəsinə gəlmişdir. Amerikada işsizlik səviyyəsi son illərin ən yüksək səviyyəsinə gəlib çatmışdır.

Pandemiyanın belə bir şəkil alması artıq ölkələri və şirkətləri öz gələcəkləri ilə bağlı planlarını və qərarlarını dəyişmək məcburiyyəti ilə üz – üzə qoyub.

Yeni texnologiyanın tətbiqi indiyə qədər müəyyən şirkətlərdə və sahələrdə bir qədər yavaş tətbiq edilirdisə də, artıq şirkətlər bunu sürətlindirmək məcburiyyətindədirlər.

Artıq online, uzaqdan (və ya evdən) işləmək daha da çox gündəmdədir və gələcəkdə insanlardan yeni biliklər və kvalifikasiyalar tələb olunacaqdır. Əlbəttə ki, uzaqdan (və ya evdən) işləmək praktikasını bütün sahələrdə tətbiq etmək olmur, amma edilə biləcək sahələr də az deyil.

Əslində bu Pandemiyadan öncə belə mümkün idi, sadəcə bir çox şirkətlər bu barədə düşünmürdülər.

Məsələn, bir müddət öncə tədbirlərin birində iştirakçılardan biri, bir şirkət rəhbərinə, müəyyən işçilərə evdən işləmə (telecommuting) imkanının niyə yaradılmadığı ilə bağlı sual vermişdi. Həmin şirkət rəhbəri isə bunu daha çox, belə bir imkan müəyyən işçilərə yaradılarsa digər işçilərin də bunu istəyəcəyini bildirmişdi.

Halbuki imkan olduğu halda müəyyən işçilər üçün bu imkan yaradıla bilərdi. Bu həm İş və həyat balansı (Work - life balance) ilə bağlı bir məsələdir. Həm də bunun şirkət və əməkdaş üçün bir çox faydaları da mövcuddur, məsələn müəyyən əlavə xərclərin aşağı salınması kimi (bəzi neqativ halları da qeyd etmək olar əlbəttə).

Bu gün görünən odur ki, online keçirilən görüşlər bir çox hallarda üz – üzə keçirilən görüşlərdən daha effektivdir. Amma bir neçə ay öncə demək olar ki, bu barədə heç kəs düşünmürdü.

Bu gün bir çox müəllimlər, coach – lar, psixoloqlar və hətta həkimlər öz sessiyalarını və konsultasiyalarını online edir və bu heç də üz-üzə keçirilən görüşlərdən geri qalmır.

Onlinə təhsili və evdən işləməyi yeni texnologiya artıq çoxdan mümkün edirdi. Bu gün qlobal şirkətlərdə virtual komandalar var ki, onlar dünyanın müxtəlif yerlərində olsalar da, komanda şəklində çalışırlar və realda bir – birini demək olar heç vaxt görmürlər. Yeni texnologiya vasitəsiylə bu virtual komandalar heç bir çətinlik çəkmədən işlərini uğurla yerinə yetirə bilirlər.

Əlbəttə ki, nəzərə almaq lazımdır ki, texnologiyanı hər işə və hər sahəyə tam tətbiq etmək olmur və hər işi də distant və ya evdən işləməklə etmək olmur.

Digər bir məsələ isə indiyə qədər bir çox qlobal şirkətlər üçün işçilərin işdə saxlanılması məsələsi (Job security) çox böyük önəm kəsb edirdisə də indi bir çox belə şirkətlər müəyyən qədər işçilərini istəməsələr belə artıq ixtisar etmək məcburiyyətində qalıblar.

Artıq dünya dəyişir. Unutmamaq lazımdır ki, hər böyük dəyişikliklərdən öncə ağrılı günlər olur və indi belə bir hal ilə qarşı qarşıyayıq.

Əminəm ki, bu baş verənlər müvəqqəti çətinliklərdir və ümid edirəm ki, gözəl günlər hələ qabaqdadır.

Bu çətinliyi bir imkan və perspektiv kimi dəyərləndirmək lazımdır. Bu imkandan istifadə edib özümüzü inkişaf elətdirməyin əsl vaxtıdır.

Gəlin indiki evdə keçirdiyimiz zamanımızı verimli edək və əsasən özümüzü inkişaf elətdirmək ilə məşqul olaq. Bu yeni əldə edəcəyimiz biliklər və qabiliyyətlər bizim Pandemiya bitdikdən sonra nəinki ölkə daxilində, qlobal müstəvidə rəqabət üstünlüyü əldə etməyimizə səbəb olacaqdır.

Əlbəttə Pandemiyanın bir çox neqativ hallar ilə yanaşı, bir çox müsbət tərəflərini də qeyd etmək lazımıdır.

Yəqin ki, uzun müddət hələ insanlar bir – biri ilə məsafə saxlayacaq və hətta əllə görüşmək vərdişini belə bir müddət unutmalı olacaq.

Artıq yaşından, təhsil, maliyyə vəziyyəti və dünya görüşündən asılı olmayaraq hər kəs təmizliyə və gigiyenaya daha da çox önəm verməyə başlayıb.

İnsanlar öz sağlamlıqlarının önəmini daha da çox anlamağa başlayıblar. Əvvəllər çoxlu içki içməyin və tütün istifadəsinin sağlamlığa vurduğu ziyan barədə heç düşünməyən şəxslər bu gün bu virusa yoluxmamaq üçün lazım olan demək olar hər şeyi edirlər.

Sürət limiti saatda 110 km olan yerdən və ya piyada keçidinin yaxınlığından yolu necə gəldi keçənlər, öz həyatlarını və təhlükəsizliklərini heçə sayan bir çox şəxslər bu gün bu xəstəlik ilə bağlı böyük stress yaşayır.

Eyni zamanda insanlar yaxınlarına, sevdiklərinə daha da çox vaxt ayırmağa və önəm verməyə başlayıblar, bu karantin günlərində belə bir-birlərini görmək üçün cəhd edirlər və daha çox ünsiyyətdə olurlar.

Eyni zamanda təbiətə olan faydaları da unutmamaq lazımdır. Hava çirkliyinin aşağı düşməsini isə xüsusi qeyd etmək lazımdır.

Bu gün bizə düşən birlik olmaq, bir-birimizə lazım olan dəstəyi göstərməkdir. Sevindirici haldır ki, artıq sosial mediada tez-tez müxtəlif şəxslər tərəfindən xeyriyyə aksiyalarının keçirildiyinin şahidi oluruq.

Həyat əslində bizi hər şeyə öyrədir. Bir neçə gün öncə evdə oturmağa və evdən işləməyə çətinlik çəkən və depressiyaya düşən şəxslər artıq bu hala öyrəşməyə başlayıb və daha az şikayət edirlər. Necə deyərlər, buna da öyrəşirik.

Sağ qalmaq barədə düşündüyümüz bu günlərdə, artıq anlayırıq ki, kaş ki daha öncəki həyatımızın qədrini daha çox bilərdik. Bəzən boş, kiçik məsələləri özümüz üçün dərd edirdik, onları problem edib bir-birimizin xətrinə dəyirdik. Bu gün qarşılaşdığımız bu hal qarşısında onlar bizə necə də mənasız gəlir.

Sonda hər kəsə arzum sağlam olmaqdır. Ailəsində tibb işçisi olan bir şəxs kimi bütün tibb işçilərini alqışlayıram və bu müqəddəs və çətin vəzifədə onlara uğurlar arzu edirəm.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.