Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə, yoxsa inqilab?

Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə, yoxsa inqilab?

Artıq dördüncü aydır ki, COVİD-19 pandemiyası dünyanın gündəliyini müəyyən edən əsas məsələyə çevrilib. Dünya gündəliyinin digər aktual məsələləri “strateji pauza” mövqeyindədir. Pandemiyanın səngiməsi və sonrakı “təslim”i reallığında “strateji pauza”nın pozulması labüddür. Bu halda nə qədər paradoksal olsa da belə, tarixə çevrilmiş koronavirus mərhələsinin post-koronavirus dövrünün də siyasi, iqtisadi və təhlükəsizlik gündəliyini formalaşdıran əsas amillərdən birinə çevriləcəyi şübhə doğurmur. Məsələyə bu kontekstdə yanaşdıqda, koronavirusa qədərki münaqişələrin tənzimlənməsi prosesində müəyyən intensivliyin müşahidə olunacağını proqnozlaşdırmaq mümkündür. Mümkünlüyü istisna olunmayan digər həqiqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni reallıqların ortaya çıxması ilə bağlıdır. Haqqında bəhs edəcəyimiz bu yeni reallıqlar münaqişənin həlli prosesində həm sülh, həm də müharibə versiyasının, bəlkə də, heç bir zaman olmadığı səviyyədə aktuallığını artırmışdır. Ya sülh, ya da müharibə istiqamətində həlledici addımların atılmasının zəruriliyini post-pandemiya dövrünün yeni reallıqları şərtləndirir. Fikrimizi əsaslandırmağa çalışaq. Bu məqsədlə münaqişənin həlli perspektivləri ilə birbaşa əlaqəsi olan bir neçə vacib hadisənin üzərində xüsusi olaraq dayanaq.

Birincisi, aprelin 16-da eks-prezident Serj Sarkisyan 5 saat ərzində 2016-cı ilin aprel döyüşlərində Ermənistanın biabırçı məğlubiyyətini şərtləndirən vəziyyəti araşdıran  xüsusi “deputat komissiyası” qarşısında ittihamlara cavab verməli olmuşdu. Komissiyanın rəhbəri “Mənim addımım” adlı hakim blokdan olan deputat Andranik Koçaryandır. Bu faktın özü artıq xeyli mətləblərə işıq saçır. Faktiki olaraq Paşinyan hakimiyyətinin bu ilin iyun ayında “deputat komissiyası”nın işini yekunlaşdırıb, Serj Sarkisyanı da Robert Köçəryanın yanına - məhbəsə göndərəcəyinə həm Ermənistanda, həm də işğal altındakı Dağlıq Qarabağda ictimai fikir hazırlanmaqdadır. Bu realıq Ermənistan və Dağlıq Qarabağ klanları arasında dərinləşməkdə olan mübarizəyə yeni ştrixlər əlavə edə bilər. Bu yeni ştrixləri şərtləndirən  digər vacib hadisə üzərində də xüsusi olaraq dayanaq.

Beləliklə, ikincisi, Dağlıq Qarabağda separatçı rejimdə keçirilən qondarma “prezident seçkisi”nin qalibi statusuna, 11 il ərzində separatçı “hökumət”ə rəhbərlik etmiş, Ermənistanda “məxməri inqilab”dan sonra istefa verərək Nikol Paşinyana loyallıq göstərən oliqarx Araik Arutunyan yüksəldilib. Aprelin 19-da baş nazir Nikol Paşinyan onu İrəvanda qəbul edərək təbrik edib. Onu da xüsusi olaraq vurğulayaq ki, dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü də bu qondarma “seçkilər”in nəticələrini tanımayıb.

Onu da qeyd edək ki, Qarabağ klanı artıq 2018-ci ildən vahid orqanizm olaraq mövcud deyil. O, iki hissəyə - Paşinyanın tərəfdarları və əleyhdarlarına bölünüb. Aramik Arutunyanın gəlişi ilə bu parçalanma prosesinin yeni müstəviyə keçəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Bu halda Nikol Paşinyanın  “parçala, hökm sür” klassik prinsipinə istinad edərək, klanın bir hissəsinin mənafeyini nəzərə alıb onların təhlükəsizliyinə və gəlirlərinə zəmanət verməklə, qeyri-loyal olan digər qanadına qarşı amansız mübarizə aparacağını söyləmək mümkündür. Daha sonra isə dəstək verdiyi hissənin öz daxilində də yenidən təmizləmə kampaniyası aparacağı labüd görünür. Bu prosesin Qarabağ klanı daxilində tam loyal təbəqənin formalaşacağı zamanadək aparılacağı şübhə doğurmur. Məqsəd bu klanı təkləyib, hissə-hissə zərərsizləşdirməkdən ibarətdir. Məsələyə bu kontekstdə yanaşdıqda Qarabağ klanının zirvəsində olmuş şəxsin - separatçı rejimin keçmiş “prezident”i Bako Saakyanın nümayişkaranə şəkildə həbsinin olacağı istisna olunmur. Bu həmin klanın “ipə-sapa yatmayan” iddialı simalarına ibrət dərsi vermək anlamını özündə əks etdirən addım ola bilər.

Üçüncüsü, aprelin 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə videoformatda keçirilən görüşündən öncə Mixail Qorbaçov Fondunun təşkil etdiyi dəyirmi masada çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq  bildirib ki, “danışıqlar masası ətrafında Qarabağ münaqişəsinin mərhələli həllini özündə ehtiva edən sənədlər müzakirə olunur və həmin sənədlərin imzalanması BMT TŞ-nın məlum qətnamələrinin icra olunmasında mühüm addım olardı”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu bəyanatı Ermənistanda Paşinyan hökumətinə qarşı olduqca ciddi ittihamların irəli sürülməsinə, hətta ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsinə qədər tələblərin səslənməsinə rəvac verib. Paşinyanın ölkədaxili əleyhdarlarının mövqeyinə görə Sergey Lavrovun səsləndirdiyi bu fikirlər həqiqəti əks etdirmir və dezinformasiya diversiyasıdırsa, deməli, Ermənistan-Rusiya münasibətləri ən bərbad vəziyyətdədir və bunun məsuliyyəti ilk növbədə Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyətinin üzərinə düşür. Yox, əgər, səslənən fikirlər həqiqəti əks etdirirsə, bu, artıq Ermənistanın milli və dövlət maraqlarının iflasıdır. Başqa sözlə, baş nazir Nikol Paşinyan Ermənistanın milli maraqlarına xəyanətdə açıq şəkildə ittiham olunması ölkədaxili situasiyanın kifayət qədər mürəkkəb vəziyyətdə olduğunun göstəricisi hesab oluna bilər. Bundan savayı, baş nazir Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasında çıxışından öncə “texniki kadrlar”ın efirdə göstərilməsi və həmin kadrlarda onun tez-tez öskürməsi, butulkadan su içməsi və bu kontekstdə onun koronavirus daşıyıcısı olmasını təbliğ edən videogörüntülərin sosial şəbəkələrdə yayılması əslində hakimiyyətin sosial dayaqlarının kifayət qədər zəifləməsi və nüfuzunun fəlakətli səviyyədə aşağı düşməsinin göstəricisi hesab oluna bilər.

Dördüncüsü, Sergey Lavrovun münaqişənin tənzimlənməsi ilə bağlı məlum mövqeyi və bu kontekstdə Ermənistanda ictimai fikrin Nikol Paşinyan və Zöhrab Mnatsakanyan əleyhinə sərtləşməsi sonuncunun radikal və rikorikaya söykənən davranışını şərtləndirir. Zöhrab Mnatsakanyan bəyan edib ki, yalnız 2014 və 2016-cı illərdə mərhələli həll variantı danışıqlar predmeti olub, lakin erməni tərəfinin maraqlarını təmin etmədiyindən qəbul edilməyib. Hazırda danışıqlar stolunda heç bir sənəd yoxdur. Yalnız ayrı-ayrı elementlər müzakirə olunur. Ermənistan heç bir birtərəfli güzəştlərə getməyəcək və heç bir qərar “Qarabağ xalqı”nın razılığı olmadan qəbul edilə bilməz. Zöhrab Mnatsakanyanın bu məsuliyyətsiz mövqeyi münaqişənin həlli ilə bağlı onsuz da kövrək olan danışıqlar prosesinə arxadan vurulan zərbə kimi qiymətləndirilə bilər. Onun bu avantürist fikirlərini fəaliyyət istiqaməti kimi qəbul edən separatçı rejimin yeni “rəhbəri” Araik Arutunyan özünün “kompromissiz” siyasətçi obrazının ilkin dizaynını erməni ictimai fikrinə calaq etmək məqsədilə bir qədər də irəli gedərək siyasi diversiya hesab olunan açıqlama ilə çıxış edib. Separatçı “lider”in siyasi sayıqlamasına əsasən, qondarma “DQR” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalq”ının müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz”. Qondarma rejimin rəhbəri öz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedib, Azərbaycanın mümkün hücum əməliyyatlarına qarşı qeyri-mütənasib əks-zərbə endirəcəklərini və bu əməliyyatları qarşı tərəfin ərazisinə keçirəcəklərini də dilinə gətirməkdən çəkinməyib. Bu yerdə xalqımızın “ac toyuq yuxusunda darı görər” misalını xatırlamamaq olmur.

Göründüyü kimi, Ermənistan rəhbərliyi və onun himayəsində olan separatçı rejimin münaqişənin həlli ilə bağlı mövqeyi koronaviris dövrü kəsiyində artan hərbi ritorikası ilə seçilməkdədir. Belə isə post-koronavirus dövrü münaqişənin həlli ilə bağlı hansı perspektivləri vəd edir? Əslində biz ikinci dəfə bu ritorik suala qayıdırıq. Yuxarıda təqdim və təhlil etdiyimiz hadisə və proseslər əslində bu mürəkkəb suala cavab vermək üçün baza yaratmaq məqsədi daşıyırdı.

Beləliklə, yuxarıda apardığımız təhlil və analizlərdən çıxış edərək münaqişənin həlli ilə bağlı birinci olaraq sülh variantının yeni aktuallıq kəsb etdiyini qeyd edə bilərik. Bu variantı şərtləndirən əsas amil koronavirus pandemiyasının yaratdığı yeni dünya iqtisadi böhranı və onun Ermənistan üçün dağıdıcı iqtisadi fəsadları ilə bağlıdır. Təxminən 2 ay sonra Ermənistanda iqtisadi fəlakət səviyyəsində kataklizmlərin olması labüd görünür. Onsuz da kasıb həyat tərzi sürən erməni əhalisinin dilənçi kökünə düşməyəcəyinə inananlar barmaq sayı qədər qalıbdır. Belə hallarda Ermənistana dayaq olan erməni lobbisi də özünün pis günlərini yaşayır. Xüsusilə Rusiyadakı erməni mənşəli kiçik və orta biznes nümayəndələrinin başı öz haylarına qarışdığından, onların həmvətənlərinə maddi dəstək göstərmək imkanları qeyri-realdır. İstənilən halda koronavirus pandemiyasının birbaşa təsiri altında Ermənistanın əvvəlki kimi xaricdən maliyyə dəstəyi almaq imkanları dəfələrlə məhdudlaşacaq. Bu proses artıq başlanmışdır. Bu vəziyyət Nikol Paşinyanı ədədi deyil, həndəsi silsilə ilə seyrələn sosial dayaqlardan tam məhrum etmiş ola bilər. Bu halda Nikol Paşinyanın yubanmadan təxirəsalınmaz addımlar atması tarixi zərurətə çevrilər. Şekspir dilemması qarşısında onun manevr imkanlarının heç zaman olmadığı səviyyədə daralması uzaq olmayan perspektivdə Nikol Paşinyanı siyasi intiharını şərtləndirə bilər. Siyasi labirintə düşən Nikol Paşinyanın yeni şəraitdə “buzunun əriməsi” yeganə fiziki və siyasi nicat yolu kimi alternativsiz variant təsiri bağışlayır. Başqa sözlə, bu halda işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvdən hifzinin yeganə çarəsi ola bilər. Ermənistan rəhbərliyi bu haqda dərindən düşünməli və obyektiv  nəticələr çıxarmalıdır. Sonra gec ola bilər.

Gec olacağı təqdirdə, ikinci variant - müharibə versiyası alternativsiz görünür. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində bu varianta əl atması, yəni “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdən yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və “xarici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa, bu istiqamətdə avantürist davranışların artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, iri miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, bu gün də o hadisə Ermənistan rəhbərliyini təqib edən bir kabusa çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin aprel döyüşlərindən sonra səsləndirdiyi “Biz əgər aprel döyüşləri zamanı malik olduğumuz müasir silahların yalnız cüzi bir hissəsindən istifadə etdik, əgər bütün silahları işə salsaydıq, Ermənistanda daş-daş üstə qalmazdı” - fikirləri bu gün də Nikol Paşinyanın “yuxusuna haram qatmaqdadır”. Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir.

Beləliklə, yuxarıda apardığımız təhlil, analiz və siyasi qiymətləndirmələr belə bir qənaətə gəlməyə imkan verir ki, COVİD-19 pandemiyasının təsiri altında Ermənistanın post-pandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət oluna bilər. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə ya “göyərçin” obrazına, ya da “qırğı” qiyafəsinə girməsi gözləniləndir. Bəlkə də post-pandemiya dövrünün başlanması ilə Ermənistanda yenidən inqilab mehi əsəcək. Bu dəfə “məxməri” olmaya da bilər...

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.