Koronavirus pandemiyası yeni qaydaları həyatımıza daxil etdi. Sərt karantin rejimindən çıxış hələ həyatın əvvəlki ritmə qayıtması anlamına gəlmir. İndi maskadan istifadə, sosial-məsafənin qorunması yeni həyat normamıza çevrilməkdədir. İstər TƏBİB rəsmiləri, istərsə də onların xarici həmkarları dəfələrlə bəyan edirlər ki, yeni qaydalarla yaşamağa vərdiş etməli, pandemiyadan öncəki həyata geri dönüşü uzun müddət unutmalıyıq.
COVID-19 pandemiyası təkcə dünya səhiyyə sisteminin yüklənməsi ilə deyil, eyni zamanda ikinci dünya müharibəsindən sonra iqtisadiyyatı noqdauna salan yeganə hadisə kimi tarixə düşdü. Ölkələr sərt karantin rejimindən mərhələli şəkildə çıxsa da, bu proses özü özlüyündə yeni qaydaların tətbiqi ilə baş tutur. Post-pandemiya dövründə ən çox əziyyət çəkəcək sahələrdən biri reteyl sektoru olacaq. Xüsusən alış-veriş mərkəzlərində cəmləşən reteylçilər yeni dönəmdə yeni qaydalarla çalışmaq məcburiyyətindədirlər. Müəyyən edilən bu qaydalar mağazalarda mütəmadi dezinfeksiya işlərinin aparılmasını, mağazalarda sosial məsafənin qorunmasını, mağaza daxilinə girişlərdə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur, eyni zamanda geyinib-soyunma otaqlarının istifadəsi qadağan edilib. Başqa sözlə, almaq istədiyiniz cins şalvarın ölçüsünü yoxlamaq üçün əlcək, maska taxıb mağazaya daxil olub, geyinib-soyunma otağına keçmədən onu alıb evə getmək kimə zövq verə bilər?
Hesab edirəm ki, şopinq həvəskarları bu vəziyyətdən razı qalmayacaqlar. Xüsusən də həftəsonu tətbiq olunan sərt qadağanın tətbiqi və bu tədbirlərin hələ bundan sonra nə qədər davam edəcəyinin qeyri-müəyyən olması, eyni zamanda alış-veriş mərkəzlərində əyləncə sektorunda məhdudiyyətlərin davam etməsi bu sektorda çalışanlar üçün xərclərin artması və gəlirliliyin azalması ilə müşahidə ediləcək. Bu mənzərə təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada müşahidə olunur. Belə ki, COVID-19 pandemiyasının təsirləri ilə dünyada məşhur geyim reteylləri hesab olunan Debenharms, JCPenney, J.Crew, Neiman Marcus kimi şirkətlər artıq müflis olduqlarını bəyan edənlər sırasındadır.
Bu baxımdan sərt karantin rejiminin tətbiq edilməsi, həm də insanlara öz ənənəvi vərdişlərinin dəyişdirilməsi baxımından sınaq dövrü oldu. Sınaqdan keçən sahələr içərisində online-reteyl də oldu. İlkin statistik rəqəmlər onu göstərir ki, online-reteyl sistemi bu sınaqdan uğurla çıxmağı bacardı. Belə ki, online-reteyl sistemi üzərindən edilən ticarətin dünya üzrə həcmi 30-40% artıb. Ödənişlərin təhlükəsizliyinin təmin edilməsi, istənilən əşyanın məsafədən asılı olmayaraq sifarişi və ən əsası, qiymət cəlb ediciliyi post-pandemiya dövründə də evdən çıxmadan online alış-verişə marağın yüksək qalmasını şərtləndirəcək. Qlobal pandemiya təhlükəsi əvvəllər online sifariş etməyə çəkinənlərə bu sistem üzərində sınaq etmək üçün də imkan qazandırdı. Daşıma şirkətlərinin gecikmələrə yol verməsinə rəğmən, çatdırılmanı həyata keçirmələri əvvəllər ehtiyat edənləri də artıq ənənəvi alış-verişdən online ticarətə keçidə həvəsləndirdi. Görünən odur ki, post-pandemiya dövründə bu, yeni trendə çevriləcək. Artıq indidən söyləmək olar ki, böyük şəbəkələr internet mağazalarla ciddi rəqabətə girəcək. Aydındır ki, vaxt baxımından ənənəvi satış mərkəzləri rəqabətdə udsa da, qiymət baxımından onlar online mağazalara uduzacaq. Bu da öz növbəsində şəbəkə mağazalarının filial saylarının azalması və əsasən online-rejimə keçidi sürətləndirəcək. Ümumiyyətlə, post-pandemiya dövrü lokal brendlərin formalaşması və daxili istehsal prosesinin təşkili baxımından əla fürsət hesab edilə bilər. Beləliklə də, Azərbaycanda tekstil sənayesinin inkişafını sürətləndirməklə milli brendlərin formalaşdırılmasını təşkil etmək mümkündür. Bu, təkcə ölkə bazarı baxımından deyil, eyni zamanda qlobal online-platformalar üzərindən təchizatda rol almağa imkan verər. Ancaq bunun üçün uzunmüddətli vaxt, investisiya və ən əsası alıcı inamı lazımdır.