Prezidentin TASS-a müsahibəsi: Faşizm üzərində Qələbədə Azərbaycan və azərbaycanlıların rolu

Prezidentin TASS-a müsahibəsi: Faşizm üzərində Qələbədə Azərbaycan və azərbaycanlıların rolu

Bir neçə gün əvvəl 9 May qələbəsi ərəfəsində Rusiyanın nüfuzlu TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin agentliyin direktorunun birinci müavini Mixail Qusmanla müsahibəni təqdim edib. Öncə qeyd edilməlidir ki, Rusiyanın ayrı-ayrı agentliklərində faşizm üzərində qələbə qazanmış MDB dövlətləri içərisində məhz Azərbaycan Prezidenti ilə mütəmadi olaraq 9 may qələbə gününə həsr olunan müsahibələr ölkəmizin liderinin bu illər ərzində apardığı siyasətinin göstəricisidir. Çünki uzun illər idi ki, ermənilər və Sovet hakimiyyətindəki bəzi qüvvələr İkinci Dünya müharibəsində faşizm üzərindəki qələbədə Azərbaycan xalqının roluna kölgə salırdılar. Lakin son zamanlar MDB ictimaiyyəti, ələlxüsus Rusiya ictimaiyyəti Azərbaycanın müharibədəki rolu haqqında həqiqətlərə yiyələnmiş olmaqdadır.

Prezident İlham Əliyev TASS agentliyinə müsahibəsində Azərbaycanın İkinci Dünya müharibəsinə verdiyi töhfələr haqqında geniş və izahlı şəkildə şərh verib. O bildirib ki, Sovetlərin faşizm üzərindəki qələbəsində Azərbaycan xalqının oğul və qızları öz həyatlarına bahasına gecə - gündüz işləyərək Qələbəyə mühüm töhfə verdilər.

Bundan başqa, Prezident İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Bakı neftinin də xüsusi rola malik olmasını qeyd edib.

Azərbaycan dövlət başçısı çıxışı zamanı həmişəki kimi Ermənistanın apardığı faşizm və işğalçılıq siyasətini də unutmayıb. O xüsusilə qeyd edib ki, "Biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Azərbaycan bir sıra forumlarda bu mövzuda açıq çıxış edib, o cümlədən mən dəfələrlə öz mövqeyimi bildirmişəm. Deməliyəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyə tam şərikdir. Əlbəttə, bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesi bizim üçün əsla qəbuledilməzdir".

Prezidentin bu çıxışı ilk dəfə deyil. Bir neçə ay əvvəl MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə də, o, Ermənistanın işğalçı və faşist simasını ifşa etmişdi. Həmin vaxt, Prezident İlham Əliyev İkinci Dünya müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna xidmətlərini faktlarla sadaladı. Dövlət başçısı sonra vurğuladı ki, MDB məkanında bəzi dövlətlər, o cümlədən Ermənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir, bu, dövlət səviyyəsində həyata keçirilir. Ermənistanda Qaregin Njdeyə abidə qoyulub, onun adı küçəyə verilib. Prezident İlham Əliyev bunun qəbuledilməz olduğunu bildirdi. Dövlət başçısının çağırışının məqsədi o idi ki, beynəlxalq ictimaiyyət bununla bağlı ölçü götürsün.

Və məqsədə çatıldı. Məhz Prezidentin çıxışından sonra Rusiyanın cənubunda yerləşən Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsi söküldü.

Təbii ki, bütün bu uğurların təməlində Prezidentin düşünülmüş siyasi kursu dayanır. Bu siyasət ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir, mövqeyini daha da möhkəmləndirir. Biz TASS agentliyinə müsahibədə bunun bir daha şahidi olduq. Bu müsahibə Ermənistanda nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmə meylin artması barədə dünya ictimaiyyətinin məlumatlandırılması baxımından da yadda qalacaq.

Prezident İlham Əliyev rusdilli ictimaiyyəti bir daha Azərbaycanın İkinci Dünya müharibəsindəki qələbəsinə kökləyərək, növbəti dəfə ölkəmizin müharibədəki yerinə və roluna ətraflı izah gətirib. Prezidentin İkinci Dünya müharibəsi ilə bağlı son illərdəki müsahibə və çıxışları uzun illər Sovet - alman faşizmi arasındakı qarşıdurmada azərbaycanlıların roluna kölgə salan ermənilərə və sovetlərin ayrı-seçkilik siyasətinə tutarlı cavab idi.

Ümumilikdə, bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub.

Qələbə Azərbaycan xalqına asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb. Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin 3/4 hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir. Buna görə də İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaq.

Ümummilli lider Heydər Əliyev Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli görüşlərin birində çıxış nitqində bu barədə demişdi: "Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi..."

Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu Qələbədən çox şey götürməliyik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsidir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.