Prokurorluq orqanlarında hansı islahatlar aparıla bilər? - I yazı

Prokurorluq orqanlarında hansı islahatlar aparıla bilər? - I yazı

Azərbaycan Prezidentinin sərəncamı ilə Kamran Əliyev Baş prokuror təyin edildi.

Dövlət başçısı yəni Baş prokuroru videoformatda qəbul etdi və bir sıra tapşırıqlarını verdi. Prezidentin əsas tapırığı isə prokurorluq orqanlarında daha genişmiqyaslı islahatlara ehtiyac olması ilə bağlı idi: “Hüquq-mühafizə orqanlarında daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq-mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Prezident kadr islahatlarının da vacibliyinə  toxunub: “Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız. Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır”.

Yeni baş prokurorun təyinatı bu orqanda bəzi struktur və kadr islahatlarının aparılmasına ümid yaradır. Uzun illər bu orqanda çalışmış biri kimi strukturda xeyli islahata ehtiyac olduğunu qeyd edə bilərəm.

İndi prokurorluq orqanlarının müasir tələblərə cavab verən, çevik və dinamik qurum kimi fəaliyyət göstərməsi üçün struktuk dəyişikliyinə ciddi ehtiyacı var.

Hazırda prokurorluq strukturu 14 idarə və 2 şöbə, ərazi və ixtisaslaşdırılmış prokurorluqlar olmaqla fəaliyyət göstərir. Lakin hazırda bəzi idarələr demək olar ki, bir-birini təkrarlayırlar.

Məsələn, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi də istintaq aparır,  bu sahədə ixtisaslaşıblar. Bu idarələrin hər birinin ayrı binası,  infrastrukturu, ştat cədvəli müəyyənləşib. Halbuki Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 10 müstəntiqi Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibində bir şöbə yaradılmaqla fəaliyyət göstərə bilər və struktur xeyli yüngülləşər.

Və yaxud da Müraciətlərə baxılması idarəsi sadəcə bir şöbə kimi fəaliyyət göstərə bilər. Bu idarənin işi daxil olmuş şikayətləri müvafiq olaraq aidiyyatı ünvanlara göndərməkdir. Bu idarədə 10-dan artıq idarə prokuroru işləyir. İdarənin digər fəaliyyət istiqaməti isə vətəndaşların qəbulunu həyata keçirməkdir. Yəni vətəndaşların şikayətinə cavab verə biləcək idarə prokuroru və ya idarə rəisinə yönləndirilməsini təmin etməkdir. Bu işi görmək üçün isə prokuror olmağa ehtiyac yoxdur.

Digər bir idarə Təşkilat-analitik idarəsidir ki, dünya praktikasında bu qurum Kadrlar idarəsinin tərkibində fəaliyyət göstərir. Kadrlar idarəsi işçilərin işə qəbul edilməsini təmin edir. Təşkilat-analitik idarəsi isə əməkdaşların xidməti fəaliyyətini yoxlayır, daha çox cəzalandırma qurumu kimi çıxış edir. İdarənin adı təşkilatı-analitik olsa belə, prokurorluqda işləyənlər bilir ki, hər hansı analitika və ya təhlildən söhbət getmir. Yeri gəlmişkən, bu günlərdə Milli Məclisdə aparılan islahatlar çərçivəsində də Analitik İnformasiya şöbəsi doğru olaraq ləğv edildi.

Prokurorluqda Təşkilat analitik idarəsinin qalması kadrlar idarəsinin işinin məhdudlaşdırılmasına, eyni zamanda kadrların orqan daxilində irəli çəkilməsi prosesində qeyri- şəffaflıq hallarının, xüsusi maraqların olmasına dəstək verir. Ümumiyyətlə, prokurorluq orqanlarında işləyən şəxslərin vəzifədə irəli çəkilmə mexanizmi işlənib hazırlanmalı və praktikada tətbiq edilməlidi.

Prokurorluq orqanlarının strukturundakı Elm-Tədris Mərkəzi də idarə səlahiyyətlidir. Bu idarənin fəaliyyət istiqaməti işə yeni qəbul olan prokurorluq orqanları əməkdaşlarına stajorluq dövründə 1 aylıq kurs keçməkdən ibarətdir. Bundan başqa, ildə  bir və ya iki dəfə 10-15 əməkdaşa kurs keçirilir. Halbuki qanunvericilikdə  orqana qəbul edilən şəxslərin 1 ay müddətinə Ədliyyə Akademiyasında kurs keçmələri nəzərdə tutulub. Baş Prokurorluq Ədliyyə Akademiyası ilə müqavilə imzalaya bilər və müəyyən peşəkarları yönləndirməklə həmin akamediyada kurs keçirilə bilər.

Hüquqi təminat idarəsinin fəaliyyət istiqaməti qanunvericiliklə bağlı prokurorluqda sənədlərin hazırlanması, qanunvericiliyin sistemləşdirilməsidir. Qanunvercilik təşəbbüsü ilə isə hər idarə ildə  bir dəfə təkliflə çıxış edə bilər. Bununla bağlı Baş prokurorun əmri də var.

Hüquqi təminat idarəsinin ərazi prokurorluğunda nəzarət etdiyi digər istiqamət isə “qanunvericiliyin sistemləşdirilməsi” işidir. Bu nə deməkdir?

Hər bir prokurorluq orqanında 45 gözlüklü dolab var. Qanunlara edilən dəyişikliklər rəsmi qəzətlərdən kəsilərək, bu dolabda yığılmalıdır. Hüquqi təminat idarəsinin bir işi də mütəmadi olaraq gəlib bu işin görülüb-görülməməsinə nəzarət etməkdir.

Ölkənin elektron hökumət sferasına keçdiyi, bütün qanunların portalda (e-qanun.az) anbaan yeniləndiyi vaxtda bu “iş” hansı effektə malikdir və bu arxiv nəyə lazımdır?!

İnformasiya-kommunikasiya texnologiyaları idarəsində isə əməkdaşların “prokuror” vəzifəsi daşımasına zərurət yoxdur. Axı İT mütəxəssisi Baş Prokurorluq sistemində işlədiyi üçün niyə “prokuror” adlandırılmalıdır?

Həmçinin, Bakı şəhər prokurorluğunun da strukturu və gələcək fəaliyyət istiqamətinə baxılmalıdır. Bu qurum indiki halda bürokratiyanın artmasında, Baş Prokurorluqla Bakının rayon prokurorluqları arasında əlaqənin uzaqlaşmasına şərait yaradır.

Bundan başqa, prokurorluğun müxtəlif strukturlarındakı beynəlxalq əlaqələr idarələri ləğv olunaraq, Baş Prokurorluqda daha geniş ştatlı Beynəlxalq Əlaqələr İdarəsi təşkil edilə bilər.

Həmçinin, ölkəmizdə hazırda məişət zorakılığı və uşaq hüquqları ilə bağlı bir sıra konvensiyalar ratifikasiya edilib. Prokurorluq cinayət işlərinə prosessual rəhbərliyi həyata keçirən orqan kimi istintaq zamanı məişət zorakılığının qurbanları və yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə istintaqın spesifik aparılmasına diqqət etməlidir. “Yuvenial ədliyyə”yə kecidlə bağlı bu cür işlərdə bu sahədə xüsusi ixtisaslaşan prokuror və müstəntiqlərin iştirakı təmin edilməlidir. Buna görə də prokurorluq strukturunda yetkinlik yaşına çatmayanlarla iş üzrə istintaq idarəsi yaradılması yaxşı olar.

Eyni zamanda müasir tələblərə adekvat olaraq kibercinayətkarlıq faktları artıb. Bu məzmunlu işlərin araşdırılması da xüsusi ixtisaslaşmış müstəntiq və prokurorların olmasını tələb edir. Yenilənəcək prokurorluq strukturunda Kibercinayətkarlıqla mübarizə üzrə istintaq və nəzarət şöbəsinin mövcudluğu da mümkündür.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.