Prokurorluq orqanlarında hansı islahatlar aparıla bilər? -II yazı

Prokurorluq orqanlarında hansı islahatlar aparıla bilər? -II yazı

Prokurorluğun fəaliyyətinin əsasını cinayət işinin istintaqı təşkil edir.

Həm prokurorluqda, həm də digər mərkəzi icra qurumlarındakı istintaq orqanlarında hadisə yerinin müayinəsi problemlidir. Hazırda Kriminalistika idarəsi yaradılsa da, dislokasiya yerindən çox uzaq olan kriminalist-prokurorlar faktiki olaraq hadisə yerinə gəlib çata bilmir, gəlsələr belə, onların yetirincə  iş görməsi mümkün olmur. Krimnalistik texnikadan hadisə yerlərinin müayinəsi zamanı istifadə olunmur və ya az istifadə edilir.

Hadisə yerində bütün məsuliyyət müstəntiqin üzərindədir. Məncə, ağır və  xüsusilə ağır cinayət işləri üzrə hadisə yerinə ekspert və mütəxəssisləri cəlb etməklə “hadisə yerinin müayinə qrupu” yaradılmalıdır. Hazırda hadisə yerinin mühafizəsi demək olar ki, təmin edilmir, bu da işlərin açılmasında çətinlik yaradır. Kriminalist prokurorların işi və texnikadan istifadə isə rayondakı böyük müstəntiqə və ya rayon prokurorunun özünə tapşırıla bilər.

Ağır və  xususilə ağır cinayət işləri üzrə ittiham aktını prokurorluq orqanlarında Baş prokurorun I müavini təsdiq edir, amma daxili işlər orqanlarında bunu rayon prokuroru edir. Əgər rayon prokuroru bunu edə bilirsə, o zaman hər cinayət işi üçün Baş prokurorun I müavininin təsdiqinə nə ehtiyac var? Hələ mən bölgələrdə işləyən əməkdaşların ittiham aktının təsdiqi üçün Bakıya ezam olunmaları, buna görə ayrılan ezamiyyə xərclərini, onların həmin vaxt təhlükəsizlik baxımından rastlaşdıqları riskləri demirəm.

Ümumiyyətlə, ərazi və ixtisaslaşdırılmış prokurorluqlara müəyyən səlahiyyətlər verilməsi istintaqın operativliyini artıra bilər.

Hazırda propkurorluq sistemində bir sıra işlər qanunvericilikdən kənar daxili qaydalar əsasında qurulub. Bu isə yumşaq desək, qanunvericiliyə hörmətsizlikdi.

Məsələn, 01.11.2010-cu il tarixdə  Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərin baxılması və  vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında 10/100 №-li əmrə diqqət edək.

Əmrdə qeyd olunur ki, həlli prokurorluğun səlahiyyətinə  aid olmayan müraciətlər aidiyyəti üzrə göndərilməli və müraciət müəllifinə bu barədə məlumat verilməlidir. Eyni zamanda həmin əmrdə yuxarı prokurorluqdan daxil olan müraciət müəllifinin hər bir halda prokurorluğa dəvət edilərək, qəbul edilməsinin vacibliyi qeyd edilir.

Əgər müraciətin prokurorluğa aidiyyəti yoxdursa, həmin vətəndaşın qəbula dəvət edilməsinə nə zərurət var?! Hansısa əməkdaş bu əmrə riayət etmədikdə isə o cəzalandırılır.

Həmin əmrin digər maddəsində isə qeyd olunur ki, cinayət işi üzrə materiallardan ( xitam, rədd, dayandırma və  s) daxil olan şikayətlər zamanı qərar prokurorlar tərəfindən əsaslı hesab edildikdə materiallar “rəy” yazılaraq, öyrənilməsi üçün yuxarı prokurara göndərilir. Əslində rayon prokuroru qərarla razılaşmırsa, onu ləğv edə bilər. Rayon prokurorunun razılaşdığı qərarı xüsusi rəylə yuxarı prokurora göndərməsi absurddur. Bu, həm də CPM-nin tələbinin pozulmasıdır.

Başqa bir məsələ, CPM-nin tələbinə görə, müstəntiqin icraatda olan iş üzrə daxil olmuş ilkin müraciətə cavab vermək hüququ var. Lakin hazırda prokurorluqdakı daxili əmrə görə, müraciətə ancaq rayon prokuroru və ya müavini cavab verə bilər. Bu isə təkcə müstəntiqin yox, həm də vətəndaşın müstəntiqin cavabından prokurora şikayətini məhdudlaşdırır.

Başqa bir misal, 28 iyul 2010-cu il tarixli Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinmin səmərəliliyinin artırılması, istintaq və  təhqiqat üzərində  nəzarətin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında 10/70 №-li əmrdi.

Bu əmrə görə, cinayət işinin istintaqının ilk dəfə uzadılması müstəntiqlərin iştiarakı ilə idarələrdə, təkrar uzadılması isə prokurorun və Baş prokurorun köməkçisinin iştirakı ilə rəhbərliyin yanında müzakirə edilməlidir. Eyni qayda həbs müddətinin uzadılmasına da şamil edilir.

İl ərzində (2016-cı ildə 500-dən artıq idi-müəllif)  yüzlərlə istintaq, həmçinin həbs müddətinin uzadılması baş verir. Baş Prokurorluqdakı rəhbər şəxslər arzulasalar belə, bu prosesdə iştirak etmələri zaman baxımından mümkün deyil.

Daha bir nüans, istintaq müəyyən müddət ərzində aparılır, istintaq zamanı cinayət işi və materiallarının bir rayondan digərinə  göndərilməsi yalnız Baş Prokurorluq vasitəsilə mümkündü, bu isə 1 aya qədər vaxt alır. Sənədlər poçtla Baş Prokurorluğa göndərilir, orada öyrənilir, yenidən həmin sənədlər digər rayon prokurorluğuna göndərilir. Halbuki, məsələn Zərdab rayonunda olan cinayət işinin poçtla və ya birbaşa bir gün ərzində Ağcabədiyə göndərilməsi mümkündür. Göründüyü kimi, bu əmrlər yalnız vaxt itkisi, lüzumsuz bürokratiyadır.

Başqa bir məsələ, böyük ictimai təhlükə törətməyən və  az ağır cinayətlər üzrə həbs qətimkan tədbiri seçilməsi ilə bağlıdır. Bununla bağlı prokuror məhkəməyə təqdimat vermək üçün Baş Prokurorun I müavini ilə razılaşmalıdı. Qazaxda bir nəfərin xuliqanlıq hadisəsi ilə bağlı həbs edilməsi üçün təqdimat verən prokuror Bakıda I müavinin qəbulundə  məruzə etməlidir. Buna nə ehtiyac var?

Digər məsələ, “5 gündən bir istintaq hərəkətlərinin edilməsi ilə” bağlıdır. Bu isə Cinayət Prosessual Məcəlləsinin tələbləri ilə ziddiyyət təşkil edir.

Məsələn, bir cinayət işi üzrə mövcud olan 5 şahidin təxirəsalmadan 1-2 gün ərzində dindirilməsi başa çatdı, daha sonra 3-5 ekspertiza təyin edilir, sübutlara qiymət vermək üçün rəylər gözlənilinir. Əmrin tələbinə görə, bu müddətdə də 5 gündən bir dayanmadan istintaq hərəkəti etməlisən. Amma hansı hərəkət?! Axı istintaq işi üzrə hərəkətlər bitib! Buna görə də müstəntiq 1-2 günə dindirdiyi 5 şahidin dindirilmə tarixini müxtəlif vaxtlara qeyd edir, zəruri olmayan adamları dindirir, zəruri olmayan formal sorğular verilir. Məhkəmədə isə bəlli olur ki, dindirmə protokolunda qeyd olunan tarixdə həmin şahid ümumiyyətlə ölkədə olmayıb və ya ölüb...

Digər bir məqam, bütün intihar hadisələrinə  Cinayət Məcəlləsiin 125-ci  maddəsi ilə cinayət işinin başlanmasının tələb edilməsi qanunvericiliklə ziddiyyət təşkil edir. Cinayət işinin başlanması üçün səbəb, əsas və ya ilkin şübhələr olmasına diqqət yetirmək zərurəti var.

Bundan başqa, yalnız qəsdən adam öldürmə cinayətlərində  məhkəmə psixatrik ekspertizasının keçirilməsinin tələb edilməsi də absurddur.

Göründüyü kimi, əmrlərdəki lüzumsuz ümumiləşdirmələr, arayış və protokollaşdırmalar, təhlillər öz əksini tapıb ki, prtaktikada bunu tətbiq etmək qeyri-mümkündür.  Məsələ odur ki, bunlara görə əməkdaşları istənilən vaxt yoxlayıb cəzalandıra bilirlər.

Bu əmrlərin, ümumiyyətlə, ləğv edilməsi və prokurorluq orqanlarının işini daxili əmrlərdən daha çox, qanunveciliyə uyğun qurması yalnız işin xeyrinə olar...

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.