Psixoloji kontrakt

Psixoloji kontrakt

İşə qəbul zamanı və ya müəyyən işlərin və ya xidmətlərin göstərilməsi üçün razılığa gəldikdə, tərəflər arasında adətən yazılı müqavilə imzalanır.

Müqavilədə şərtlər, qarşılıqlı razılaşdırılmış hallar öz əksini tapır.

Məsələn, Əmək müqavilələri... Əmək müqaviləsində əsasən işçinin iş yeri, vəzifəsi, iş saatları, əmək haqqı, əmək funskiyası, məzuniyyət günləri, mükafatlar və s. barədə şərtlər və məlumatlar öz əksini tapır.

Amma haqqında danışacağım konsept başqa bir müqavilə forması ilə bağlı olacaqdır, hansı ki, Psixoloji kontrakt (və ya müqavilə) adlanır.

Psixoloji kontrakt yazılı müqavilə forması və ya yazılı bir sənəd deyil və tərəflər arasında müxtəlif qarşılıqlı gözləntiləri və öhdəlikləri əhatə edir.

Bu gözləntilər və öhdəliklər adətən formal müqavilədə öz əksini tapmır (və ya qismən tapır) və bir çox hallarda tərəflər arasında müzakirə edilmir. Buna baxmayaraq yenədə böyük önəmə sahibdir və tərəflərin davranışına və rəftarına böyük ölçüdə təsir göstərir və eyni zamanda münasibətlərin demək olar ki, əsasını təşkil edir.

Psixoloji kontrakt yalnız iş münasibətlərində deyil, eyni zamanda ailə münasibətlərində, dostluqlarda və bir-birini tanımayan şəxslər arasında belə mövcud ola bilər.

Əgər iş mühitindən danışacaq olarsaq, işçilərin və rəhbərlərin bir – birinə olan gözləntilərini aşağıdakı şəkildə bir neçə misal ilə izah edə bilərik.

1.   İşçilərin rəhbərlərindən gözləntiləri:

-      Onlar üçün təhlükəsiz iş şəraiti yaradılsın və onlara işlərini yerinə yetirmək üçün lazım olan bütün imkan və vasitələrlə təmin edilsinlər.

-      Rəhbərlər əməkdaşlara qarşı hörmət və qayğı ilə yanaşsınlar və onların fikirlərinə önəm versinlər.

-      Ədalətli olsunlar və işçiləri onların gördüyü işin nəticəsinə uyğun olaraq qiymətləndirsinlər.

-      Vəzifə artımı və inkişaf üçün lazım olan şəraiti yaratsınlar.

-      Bərabərhüquqlu iş imkanı yaratsınlar və s.

2.   Rəhbərlərin əməkdaşlardan gözləntiləri:

-      Rəhbər heyəti və iş yoldaşlarına hörmətlə yanaşsınlar

-      Müəssisəni üçüncü şəxslər (müştərilər, təchizatçılar və s.) qarşısında layiqli şəkildə təmsil etsinlər və müəssisənin korporativ imicinə xələl gətirməsinlər

-      Şirkətdaxili qaydalara və prosedurlara əməl etsinlər

-      Sui - istifadə hallarına yol verməsinlər

-      Öz işini layiqli şəkildə yerinə yetirsinlər və yaxşı nəticələr əldə etsinlər

-      Sadiq olsunlar (loyalty) və s.

Tərəflərin bir - birinə olan müəyyən qarşılıqlı gözləntiləri çox zaman nə müqavilədə tam olaraq əksini tapır, nə də işə qəbul zamanı işçilər və müəssisə rəhbərliyi tərəfindən müzakirə olunmur. Çünki belə qəbul olunur ki, bunların bir çoxu təbii olaraq baş verməlidir. Yəni müqavilədə və ya müzakirədə yox bunlar əslində tərəflərin inanclarında və ağlındadır.

Yəni bir misal ilə izah etsək, bir əməkdaş çalışqan olanda, işində yaxşı nəticələr göstərəndə və digər iş yoldaşlarına nümunə təşkil edəndə, nəticədə onun gözləntisi müəssisədə onun bu uğurlarının rəhbərlik tərəfindən qiymətləndirilməsi, əmək haqqı və vəzifə yüksəlişi ilə qarşılıq verilməsidir.

Psixoloji kontrakt pozulanda nə baş verir?

Göstərilən yaxşı nəticələrə baxmayaraq, həmin əməkdaşın gözləntilərinin əksi baş verəndə, məsələn, həmin əməkdaşa səbəbsiz olaraq iradlar tutulduqda və ya bu nəaliyyəti rəhbərləri tərəfindən gözardı edildikdə Psixoloji kontraktın pozulması halı baş verir ki, nəticədə yaxşı işçilərin motivasiyası pozulur, məhsuldarlığı aşağı düşür və hətta həmin işçi imkan yarandıqda həmin müəssisəni tərk edir. Hətta tərk etməsə belə mental olaraq biz o işçini itirmiş oluruq.

Yəni qısa izah etsək Psixoloji kontraktın pozulması nə müəssisə nə də işçi üçün yaxşı nəticələr vermir. Hər iki tərəf üçün də bir çox neqativ təsirləri vardır.

İşçilər arasında ruh düşkünlüyü yaradır və nəticədə şirkətlər çətinliklə əldə etdikləri peşəkar mütəxəssisləri itirə bilərlər.

Nəzərə almaq lazımdır ki, elə bir dövrdə yaşayırıq ki, şirkətlər istedadlı şəxsləri əldə etmək üçün bir-biri ilə yarışırlar.

Eyni zamanda unutmamaq lazımdır ki, Psixoloji kontraktın Müəssisə Rəhbərliyi tərəfindən pozulması hallarında qarşılıqlı olaraq işçilərin də o müəssisəyə olan münasibəti dəyişir, yəni müəssisənin əmlakına olan qayğısı azalır və ya işinin keyfiyyəti aşağı düşmüş olur və ya işinə daha az can yandırır.

Yəni əgər işçi düşünsə ki, şirkət onun qayğısına qalmır və onun əziyyətini qiymətləndirmir, bu zaman onun da şirkətə və işinə olan qayğısı azalmış olmur.

Hər bir halda, hər iki tərəf bundan ziyan çəkmiş olur.

Psixoloji kontraktın ən çox pozulduğu digər bir hal isə yeni işçilərin işə qəbul olduğu vaxtdır.

Ən çox edilən səhvliklər, kandidatların rəhbər və işçilər arasındakı münasibətlər və ya iş prosesi barədə verdiyi suallara reallıqda olduğu kimi yox, çox vaxt Müəssisə Rəhbərliyinin və ya İnsan Resursları nümayəndələrinin özlərinin görmək istədikləri kimi cavab verməsidir. Bu bir çox hallarda, müəssisə tərəfindən hansısa yaxşı kandidatı razı salıb, müəssisəyə cəlb etmək üçün edilir.

Unutmamaq lazımdır ki, yeni işə qəbul edilən işçilərin yeni iş yerindən gözləntiləri adətən yüksək olur. 

İşə qəbul edilən yeni əməkdaşlar isə cox vaxt hələ ilk bir neçə gün ərzində onlara doğru olmayan məlumatların verildiyinin şahidi olur və ruhdan düşürlər.

İşə qəbul zamanı İnsan Resursları nümayəndələrinə və Rəhbərlərə tövsiyyəm ondan ibarət olar ki, Müəssisə barədə məlumat verərkən, olmasını istədiyiniz kimi yox, olduğu kimi deyin. Əks halda işçinin işə qəbul olduğu ilk günlərdə onu mental olaraq itirəcəksiniz.

Nəticə olaraq deyə bilerik ki, Psixoloji kontrakt əslində yazılı müqavilədən daha böyük önəm kəsb edir. Tərəflər psixoloji kontraktın tələblərinə riayet etdikdə veya sadiq qaldıqda bu hər iki tərəfin də maksimum faydasınadır.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.