Pul motivasiya edirmi?

Pul motivasiya edirmi?

Ümumilikdə işçilərin motivasiyasından danışarkən bir məsələni xüsusi vurğulamaq lazımdır.

İşçilərə gördüyü işinə uyğun olaraq və əmək bazarındakı dəyərinə əsasən əmək haqqı verilməlidir.

Yəni əgər bir sahənin mütəxəssisinin əmək haqqı, gördüyü işə uyğun olaraq əmək bazarındakı qiyməti 1000 manatdırsa və siz ona 400 manat ödəyirsinizsə, burada əlbəttə əlavə qeyri-maddi motivasiyadan danışmaq doğru olmaz.

Gəlin bunun əksinə baxaq. Həmin mütəxəssisin əmək bazarında gördüyü işin dəyəri 1000 manatdır, amma müəssisə ona 2000 manat ödəyir. Sizcə həmin işçini əlavə nələr iləsə də motivasiya etməyə ehtiyac varmı?

Öz təcrübəmdən bölüşə bilərəm ki, dəfələrlə şirkətlərdə yüksək əmək haqqı aldığı halda işindən narazı olan və ya işini daha az əmək haqqı ilə yeni iş yerinə dəyişən mütəxəssislər ilə qarşılaşmışam.

Bəzən bu, yeni iş yerində və yeni vəzifədə daha böyük perspektivlər olduğu üçün edilir.

Amma bir çox hallarda isə şəxsin çalışdığı müəssisədə gözləntilərinin qarşılanmaması, verilən sözlərin tutulmaması, ədalətsizlik, iş yoldaşı və rəhbərləri ilə olan münasibətlər, gördüyü işin qiymətləndirilməməsi və s. səbəblər təşkil edir.

Əlbəttə ki, pul hər kəs üçün önəmlidir, amma hər şey demək deyil. Müəssisədə əməkdaşların digər gözləntiləri də var.

Bu gün dünya sürətlə dəyişir. Yeni texnologiyaların tətbiqi və avtomatlaşdırma prosesi artdıqca əmək bazarında əl əməyi və fiziki iş tələb edən vəzifələrin sayı aşağı düşür. Daha çox məlumat (data) ilə çalışan, ağıl, bilik, yaradıcılıq tələb edən vəzifələrin sayı artır. Bu gün müəssisələrdə daha çox, belə desək “Bilik İşçiləri” (Knowledge workers) ilə işləyirik, yəni beyin məhsulu ortaya qoyan şəxslərlə.

Bu şəxslər, bir çox hallarda, öz sahələrində, öz rəhbərlərindən belə daha biliklidirlər.

Bu şəxsləri idarə etmək, işdə saxlamaq və motivasiyasını və performansını artırmaq üçün yalnız pul, yüksək əmək haqqı kifayət etmir.

Onlar daha çox müstəqil işləmək, müəyyən qədər öz sahələri ilə bağlı qərar vermə səlahiyyətlərinə sahib olmaq, çətin tapşırıqların həlli (challanging work), davamlı öyrənmək və inkişaf imkanlarının olmasını, Rəhbərləri tərəfindən lazım olan dəstəyin göstərilməsini və ünsiyyəti daha yüksək qiymətləndirirlər.

Bu şəxslər yalnız pul üçün yox, yüksək nəticələr əldə etmək, yeni biliklərə sahib olmaq və yeniliklər, yeni nailiyyətlər əldə etmək üçün çalışırlar. Bir çox hallarda, bu şəxslər üçün pul və ya mükafat, göstərdikləri nəticə və nailiyyətlərin nəticəsində əldə etdikləri qarşılıqdır. Bu qarşılığı görmədikdə isə əlbəttə ki, həmin şəxslərin müəssisəyə qarşı inamları itir və motivasiyaları düşür.

Bəs daha artıq pul, əmək haqqı və ya mükafatla hansı növ işləri görən şəxsləri motivasiya etmək olar?

Bu suala isə belə cavab verərdim. Əsasən əl əməyi və fiziki işlə məşğul olan şəxsləri. Yəni daha artıq ödəməklə daha yaxşı nəticə əldə etmək olar. Amma unutmamaq lazımdır ki, bəzən səmimi bir təşəkkürün puldan daha çox dəyəri var.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.