Regionları dayanıqlı investisiya mərkəzinə necə çevirməli?

Regionları dayanıqlı investisiya mərkəzinə necə çevirməli?

Dünyada hər keçən gün investisiyaların cəlbi istiqamətində ölkələr arasında rəqabət güclənməkdədir. Ölkələr bu rəqabətdə öndə olmaq üçün öz iqtisadiyyatlarını davamlı şəkildə liberallaşdırırlar. Çünki, investisiyalar ölkələrin inkişafı üçün “oksigen” rolunu oynamaqdadır.

“İnkişaf motoru” üçün siyasi iradə

Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı tərəfindən (UNCTAD) sərmayələr inkişaf etməkdə olan ölkələr üçün “inkişaf motoru” kimi qəbul edilir. Bu investisiyaların cəlbi üçün ilk növbədə əlverişli mühitin formalaşdırılması təşviq olunur.
Azərbaycan da investisiyaların cəlb edilməsi üçün əsas iddialı ölkələrdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildən bu günə qədər qəbul edilən iqtisadi qərarlar birmənalı olaraq investorlar üçün mühitin səmərəliliyinin artırılmasına hesablanıb. Bu da hədəflərin reallaşdırılması üçün çox önəmlidir. Belə ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək müəyyənləşdirilən 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin ilk rübündə ölkəyə 3 mlrd 77 mln AZN investisiya yatırılıb. Bu investisiyanın 69%-i, yəni hər 3 manatdan 2-si Bakı və Abşeron yarımadasına yönlənib.

Regionlar investorları necə itirir?
Digər statistikaya əsasən, təkcə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2019-cu ildə güzəştli şərtlərlə 175 milyon manat kredit verilib ki, bunun da nəticəsində 1573 sahibkar 5363 yeni iş yeri yaradıb. Ümumiyyətlə, bu günə qədər regionlara investisiyalar birbaşa dövlət xətti ilə yatırılıb. Azərbaycana investisiyaların cəlb edilməsində əsas flaqman rolunu mərkəzi icra hakimiyyəti orqanı oynayır. Yerli icra hakimiyyəti orqanları bu prosesdə yalnız mərkəzi icra hakimiyyətinin tapşırıqlarının icrası ilə öz funksiyalarını bitmiş hesab edirlər. Yeni təyin edilən icra başçılarını qəbul edən zaman məhz bu məqama diqqət çəkən prezident İlham Əliyev qeyd etdi ki, icra hakimiyyəti başçıları çalışmalıdırlar ki, regionlara sərmayə qoyulsun və bunun üçün səy göstərilməlidir. Azərbaycan regionlarına investisiyaların cəlb edilməsi potensialı isə kifayət qədər yüksəkdir. Bu baxımdan ölkə prezidentinin nümayiş etdirdiyi siyasi iradə və qəbul edilən strateji qərarlar qlobal nəqliyyat dəhlizlərinin Azərbaycana yönəlməsinə nail olundu.

Yeni Bakı Beynəlxalq Dəniz ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və hər iqtisadi rayonda müasir hava limanları infrastrukturunun yaradılması imkan verir ki, Azərbaycanın şəhər və rayonları qlobal ixrac zəncirinə asan şəkildə qoşulsun.

Müşahidələr onu deməyə əsas verir ki, regionlar investisiyaların cəlbi prosesində o qədər də aktivlik nümayiş etdirmirlər. Misal üçün, bu yazı hazırlananda bir neçə regionun icra hakimiyyətlərinə sorğu göndərildi və onlardan regionda investisiya imkanları haqqında məlumat vermələri xahiş edildi. Ancaq heç bir məlumat daxil olmadı. Ümumiyyətlə, şəhər və rayon icra hakimiyyətlərinin internet saytları hamısı bir-birinin oxşarı olmaqla yanaşı, regionların investisiya imkanları barədə istər ingilis, istərsə də rus dilində istifadəçiyə heç bir məlumat verilmir. Bu isə potensial investorun digər ölkəyə və ya regiona üz tutmasına səbəb olur.

Bakı niyə investisiya paytaxtına çevrilir?

Azərbaycan regionlarına daxili və xarici investisiyaların icra hakimiyyətləri tərəfindən cəlb edilə bilməməsinin əsas səbəblərindən biri də yerli icra hakimiyyətlərinin investisiya potensialları ilə bağlı vahid strategiyaya malik olmamalarıdır. Yenidən yerli icra hakimiyyətlərinin internet saylarına nəzər salaq. Xəbərlər bölməsində İcra Hakimiyyətlərində potensial investorlarla hər hansısa görüşün keçirilməsi və ya investorlara hər hansısa təqdimatların edilməsi ilə bağlı informasiya yoxdur. Bu isə o deməkdir ki, yerli orqanlar investisiyanın cəlbi üçün yetərli səviyyədə iş həyata keçirmirlər. Ona görə də Bakının dialoq platformasına çevrilməsi, paytaxtın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi investisiya potensialını artırır və bu baxımdan gələn gəlirin böyük hissəsini Bakı və Abşeron yarımadası cəlb edir. Bu isə regionla Bakı arasında iqtisadi fərqi artırır, daxili miqrasiya Bakı şəhərinə baş verir və paytaxt infrastrukturu həddindən artıq yüklənir. Bu prosesin uzun müddət davam etməsi regionların bacarıqlı işçi qüvvəsinin də azalmasına gətirib çıxaracaq ki, nəticədə regionlar əmək qüvvəsinin çatışmazlığını hiss edəcəklər. İqtisadçı Ruçir Şarmada hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə paytaxtla ikinci şəhər arasında əhali sayının  nisbəti 3/1 bərabər olarsa, bu, gələcəkdə disbalans yarada və iqtisadi inkişafı tıxaya bilər.

Çıxış yolu nədir ?

Regionların investisiya imkanlarının təbliğ edilməsi baxımından Rusiya nümunəsindən istifadə etmək olar. Belə ki, qonşu ölkədə tətbiq edilən inteqrasiya edilmiş informasiya sistemi yaxşı nümunədir. Məsələn, istənilən investor www.lenoblinvest.ru portalına daxil olub Leninqrad vilayətinin investisiya imkanları ilə tanış ola, özü üçün yer seçib və sistem üzərindən sifariş yerləşdirə bilər.

“Place Branding  and Public Diplomacy”nin təsisçisi Saymon Anxoltun "index good country" tədqiqatına əsasən, hansı  ölkə ki, bəşəriyyətə daha çox fayda verir, o ölkələrin investisiya cəlb etmək imkanları daha yüksək olur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi qlobal hümanitar siyasət strategiyası ölkənin tanınma əmsalını da yüksəldib, bu da yerli icra hakimiyyəti orqanlarına imkan verir ki, daha asan şəkildə təmsil etdikləri bölgələrə investisiya cəlb etsinlər.

Burada təkcə hədəf regionun spesifik potensialı deyil, ümumilikdə daha geniş mənada qlobal dəyər zəncirində iştirak prioritet olmalıdır. Misal üçün, Mərakeş dövləti Fransanın “Renault” şirkətini, Polşa “Hyundai” şirkətini öz regionuna investisiya yatırmaq üçün cəlb edə bilib. Burada əsas faktor adıçəkilən ölkələrin böyük bazarlara yaxınlığıdır. Azərbaycan regionları da bu nümunədən uğurla istifadə edə bilərlər. Belə ki, Azərbaycan ətrafında 350 milyonluq böyük bazar mövcuddur və bu da xarici investorlara əlverişli bazar imkanı verir. Başqa sözlə, regionlarda sırf xarici bazarlara yönəlik istehsal prosesini təşkil etmək üçün böyük potensial var.

Azərbaycan regionları üçün əsas investor qismində bölgələrdən çıxan və bu gün MDB məkanında bizneslə məşğul iş adamları da çıxış edə bilər. Yerli icra hakimiyyətləri bu potensial - Gəncə, Şəmkir, Quba, Lənkərandan olan investorları tapıb, görüşüb, onlar üçün real təkliflərlə çıxış etməlidirlər. MDB məkanında çalışan iş adamları bazarlarda yaxşı əlaqələrə malikdir ki, bu da onlara Azərbaycanda istehsal edib, ixrac etdikləri məhsulları rahat şəkildə satmağa imkan verə bilər. Burada İcra Hakimiyyətlərinin üzərlərinə düşən missiya investor üçün regionu açmaq, ona real xidmət paketi təklif etməkdir. Misal üçün, bu gün Azərbaycanda uğurla inkişaf etdirilən Sənaye Parklarında icra edilən biznes layihələrində dövlət infrastruktur xərclərini öz üzərinə götürür. Məhz bu praktikanı icra hakimiyyətləri də tətbiq edə bilər. Belə olan halda investorlar regionda fəaliyyət göstərmək üçün daha maraqlı ola bilərlər.

Əsas məqamlardan biri də, Azərbaycanın aqrar rayonlarının istehsal zəncirinə qoşulmasıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin aylıq ixrac icmalı hesabatlarının bir neçə ildir ki, dəyişməz favoriti kənd təsərrüfatı məhsullarıdır. Bu məhsullar əsasən yaş formada və ən çox Rusiya bazarına göndərilir. Halbuki, prezident İlham Əliyevin müəyyən etdiyi əsas strategiya istehsal zəncirinin son məhsula qədər genişləndirilməsidir. Bu istiqamətdə yerli icra hakimiyyətləri və bələdiyyələr xüsusi rol oynaya bilər. Bu sahədə isə əsas nümunə rolunda elə Azərbaycan modeli çıxış edə bilər. ABAD kəndli fermerlərin həyatının asanlaşdırılması istiqamətində ən gözəl nümunədir. Ona görə də yerli icra hakimiyyətləri bu nümunəni yaxından öyrənib ayrı-ayrı lokal brendlər yaratmaqla regionlarda mikro-sahibkarlığın inkişafını sürətləndirə bilərlər.

Bir sözlə, yeni iqtisadi mərhələdə Azərbaycan iqtisadiyyatı qlobal trendlərə transformasiya olmalıdır. Bu transformasiya isə yalnız bütün regionların aktiv iştirakı ilə uğurlu ola bilər. Ona görə də İcra Hakimiyyətləri prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi kursa uyğunlaşmalı və fəallığı artırmalıdırlar.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.