Şagirdinə təcavüz edən müəllimə niyə 1 il iş verildi?

Şagirdinə təcavüz edən müəllimə niyə 1 il iş verildi?

Rayonların birində şagirdinə təcavüz etmiş müəllimə məhkəmə tərəfindən 1 (bir) il cəza verilməsi vətəndaş cəmiyyətinin, medianın müzakirəsinə, sosial media istifadəçilərinin narazılığına səbəb olub.

Mən lüzumsuz olaraq artıq cəza verilməsinin əleyhinəyəm. Amma cəza cinayətə adekvat olmayanda belə halları stimullaşdırır. Çünki cəza şəxsin islahı ilə yanaşı, sosial ədaləti bərpa etməli, cəmiyyətin digər üzvlərini eyni məzmunlu cinayət törətməkdən çəkindirməlidir.

Azərbaycan Milli Məclisi "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurasının Konvensiyasını (Lanzarotta Konvensiyası) 22 oktyabr 2019-cu ildə ratifikasiya edib.

Məsələ odu ki, konvensiyanı təkcə ratifikasiya etmək yox, onu işlək vəziyyətə gətirmək vacibdi...

***

Bizim araşdırdığımız məsələdə hadisə belə baş verir: 60 yaşlı müəllim 15 yaşlı şagirdi ilə cinsi əlaqədə olur. Zərərçəkənin şikayəti əsasında cinayət işi başlanılır. Rayon məhkəməsinin hakimi təqsirləndirilən şəxsə 1 il azadlıqdan məhrumetmə cəzası verir.

Burda Cinayət Məcəlləsində diqqət yetirməli olduğumuz iki maddə var: Cinayət Məcəlləsinin 149-cu maddəsi (zorlama) və Cinayət Məcəlləsinin 152-ci maddəsi ( yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə olma).  

Zorlama - Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə sanksiyalaşdırılıb.

Zərərçəkmiş şəxsə və ya başqa şəxsə qarşı zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, həmçinin zərərçəkmişin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaq zorlama hesab edilir.

Zorlama cinayətində həmişə zərərçəkmiş qadın olur. Çünki təbii cinsi əlaqə yalnız müxtəlif cinslərdən olan şəxslər arasında mümkündür. Qeyd edim ki, zorlama cinayəti cinsi əlaqə aktı başlayan anda başa çatmış hesab edilir.

Zorla cinsi əlaqədə olmaqla bağlı şikayətçi kişi olanda bu əməl zorlama kimi qiymətləndirilmir.

Bəzən sosial mediada və ya cəmiyyət arası müzakirələrdə qadını evlənəcəyi vədi ilə aldadıb cinsi əlaqədə olmaq zorlama kimi qələmə verilir ki, bu, kökündən yanlışdır. Çünki qadınla onun razılığı ilə cinsi əlaqədə olma zorlama deyil.

Bəzən mental dəyərlər və “ailə adının qorunması” əsaslandırması ilə cinayətin subyekti zorlanma qurbanı ilə evlənəcəyi təqdirdə onun məsuliyyətdən yaxa qurtarmasına çalışılır. Bu kimi hallar istintaqa bəlli olmadan çox vaxt “el arasında” həll edilir də. Əlbəttə ki, bu cür “ailə”nin uzunmüddətli olmadığını, qadının da, kişinin də birlikdəlik müddətində psixoloji discomfort yaşadığını hamımızı bilirik. Bu, sadəcə cinayətdən yayınmaq üçün vaxt udmaq gedişidir. Çünki cinayətin mahiyyəti qadının evlənib-evlənməməyi deyil, cinayətin obyekti qadının cinsi azadlığı, yetkinlik yaşına çatmayan və az yaşlıların isə cinsi toxunulmazlığıdır.

Zorlama zamanı qadının bakirəliyini itirib-itirməməsinin əməlin tövsifində əhəmiyyəti yoxdur.

Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə olmaq isə CM-nin 152.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Bu maddəyə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Burada zərərçəkən həm qadın, həm də kişi ola bilər.

CM-nin 152.1-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün təqsirkarın 16 yaşının tamam olması əsas şərtdi, zərərçəkmiş şəxslə aralarında isə 2 il yaş fərq olmalıdı.

Bu cinayətin xüsusiyyətlərindən biri də təqsirkarın zərərçəkmişin 16 yaşının tamam olmamasını bilməsidir.

Bu cinayət 16 yaşına çatmayan şəxslə cinsi əlaqəni və ona qarşı seksual hərəkətləri ehtiva edir ki, bu  əməllər könüllü surətdə olmalıdı.

İndi  isə konkret hadisəyə baxaq...

60 yaşlı müəllim 15 yaşlı şagirdi ilə cinsi əlaqədə olur və  bu işə görə rayon məhkəməsinin  hakimi təqsirləndirilən şəxsə 1 il azadlıqdan məhrum etmə cəzası verir.

Cinayət işi üzrə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulduğu halda 1 il cəza verilməsi  sanksiyanın  1/3 hissəsinə  bərabər tutulur ki, buda kifayət qədər humanist cəzadır. Hakimin belə “humanist” cəzası cəmiyyətdə  birmənalı qarşılanmır. Amma burada da sual doğuran əsas budur: İstintaq niyə CM-nin 149-cu yox, 152.1-ci maddəsi ilə aparılıb?!

Sosial media istifadəçiləri, həmçinin qadın, uşaq hüquq müdafiə təşkilatları 15 yaşlı qızın psixi xəstəliyinin olduğunu, baş verən cinsi aktı və  hazırda hamilə olduğunu dərk etmədiyini  bildirir. Əgər zərərçəkmiş hətta “könüllü” cinsi əlaqədə olubsa, amma psixoloji durumu bu vəziyyəti anlamağa imkan vermirsə, bu zorlamadır. Digər versiyada əgər aktın mahiyyətini anlayıb, yenə də müqavimət göstərmək, imtina etmək imkanından məhrumdursa, bu da köməksiz vəziyyətdən istifadə etməklə zorlamadır. Yeri gəlmişkən, spirtli içki və  narkotik vasitələrdən istifadənin təsiri altında şəxs köməksiz vəziyyətə düşübsə, bu vəziyyətdən istifadə etməklə cinsi əlaqədə olma da zorlamadır.

Burda hakimlə yanaşı, rayon polis şöbəsinin  müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da qınanmalıdır. Hakimin görəcəyi iş isə cinayət işini ağır ittiham elan edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq olmalı idi.

Cinayət işinin zərərçəkmişi  yetkinlik yaşına çatmayan şəxs olduğuna görə iş yuvenial ədliyyə ilə bağlı ölkəmizin ratifikasiya etdiyi konvensiyalara əsasən, CPM-nin bu kimi hallarla bağlı fəslinə  uyğun həyata keçirilməli idi.

Cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-psixolj, bu  durumda eyni zamanda məhkəmə-psixiatrik ekspertizalarını keçirilməsi zəruridi.

Bundan başqa məhkəmə-trasaloji, məhkəmə-lifli, fiziki-kimyəvi, digər hallara bağlı bioloji, eyniləşdirmə və  s. kimi ekspertizaların keçirilməsini  təmin etməli idi.

Əməliyyat aparatı formal işlər əvəzinə  ciddi əməliyyat tapşırığını  həyata keçirə, hadisə  baş verən günü və onun başlama formasını izləyə, hadisənin zorlama olub-olmamasına görə versiya irəli sürə bilərdi.

Təəssüflə qeyd etmək lazımdı ki, prokurorluq orqanları kifayət qədər rezonans doğurmuş hadisə ilə bağlı müfəssəl bilgiləri ictimaiyyətin diqqətinə  çatdırmadı (Təbii ki, istintaq sirri təşkil edən məlumatlardan başqa-red.).

Ümumən cəmiyyətin belə hadisələri gizlətməyə meylli olması, tərəflərin barışdıqdan sonra şikayət etməməsi seksual xarakterli cinayətlərin istintaqını çətinləşdirən amillərdəndi.

Bu işlərlə bağlı istintaqda xeyli ziddiyyətlər olsa da, Ali Məhkəmənin tövsiyəsi yoxdu. Bizim məhkəmələrdə hələ də SSRİ Ali Məhkəməsinin Plenumunun 25 mart 1964-cü il tarixli  “Zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına istinad edilir.

Burda digər məsuliyyət isə təhsil sisteminin üzərinə düşür, əlbəttə daha çox mənəvi məsuliyyət. Şagirdlərlə  məktəbdə  işin düzgün qurulmaması, qızda hamiləlik baş verdikdən sonra valideynlərin bu məsələdən xəbərdar olması məktəblərdə işini düzgün qurulmadığını göstərir. Bunu dəfələrlə yazmışıq, məktəblərdə psixoloq ştatları doğru təyinatla çalışmır, bura daha çox qeyri-ixtisas sahibləri işə götürülür. İbtidai təhsildən etibarən psixoloq yardımı alınmasına təşviq edilməli və buna real şərait yaradılmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra və  hüquq-mühafizə orqanları bu halları müəyyən etməkdə çox aciz durumdadırlar. Eyni zamanda biz hüquq-mühafizə orqanlarının  Qeyri-Hökumət Təşkilatları ilə birlikdə maarifləndirmə fəaliyyətini də görmürük…

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Hafiz Səfixanov
Mina problemləri üzrə təhqiqatçı

Hafiz Səfixanov

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev