Şirkətdə əməkdaşlar bir-birinin maaşını bilməlidirlərmi?

Şirkətdə əməkdaşlar bir-birinin maaşını bilməlidirlərmi?

Əminəm ki, bu suallar zaman - zaman bir çoxumuzu maraqlandırıb və bu mövzu ilə bağlı hər kəs müxtəlif fikirlərə sahibdir. Bir çox şirkətlər əmək haqqı məlumatlarının şirkət daxili gizli saxlanılması ilə bağlı sərt qaydalar tətbiq edirlər.

Yəni bir işçinin maaşı haqqında məlumatı digər işçilər ilə bölüşməsinə icazə verilmir və maaş məlumatlarına çox az sayda əməkdaşın çıxışı olur (baxmayaraq ki bunun qarşısını tam olmaq yenə də mümkün olmur, işçilər bəzən öz aralarında bu məlumatları bölüşürlər). Şirkətlər də var ki bu mövzu ilə bağlı hansısa qaydalar tətbiq etmirlər.

Fikrimcə burda tək bir yol izləmək çətindir və fikirlər müxtəlifdir. Hər yanaşmanın öz mənfi və müsbət tərəfləri vardır. Lakin təcrübədə qarşılaşdığım hal o olub ki, işçilər bir çox hallarda öz gördüyü işləri və əməkhaqlarını digərləri ilə müqayisə edirlər.

Heç kəs öz gördüyü işi və nəticəsini başqasının gördüyü işdən və nəticədən aşağı qəbul etmir və öz əmək haqqını hər zaman özü ilə oxşar işləri görən digər şəxslər ilə müqayisə edir. Oxşar işləri görən digər əməkdaş ondan cüzi də olsa artıq əmək haqqı alırsa, bu halda bu hal işçilər arasında narazılıq və demotivasiya yaradır.

Düşünün ki, siz iş axtarırsınız, əmək haqqı gözləntiniz aylıq 1000 AZN-dir. Bir müddət sonra siz o arzusunda olduğunuz işi tapırsınız. Daha sonra öyrənirsiniz ki, sizinlə eyni vəzifədə olan, oxşar işləri görən bir neçə əməkdaş 1200 AZN əmək haqqı alır. Bu zaman müqayisə edirsiniz və baxmayaraq ki, gözlədiyiniz əmək haqqı məbləğinə uyğun iş tapmısınız, yenə də oxşar işləri görən digər əməkdaşların sizdən daha çox əmək haqqı alması faktı sizi narahat edir. Həvəsdən düşürsünüz və düşünürsünüz ki, sizə qarşı ədalətsizlik edilib.

Bununla bağlı uzun-uzun müzakirələrin getdiyinin, konfliktlərin və narazılıqların dəfələrlə şahidi olmuşam.

Dyuk Universiteti professoru, Davranış İqtisadçısı (Behaviroal Economist) Dan Ariely bu mövzuyla bağlı öz kitabında belə izah edir:

Böyük bir investisiya şirkətinin rəhbəri ilə görüş zamanı O bildirmişdi ki, bir dəfə əməkdaşlarından biri öz əmək haqqı məbləğinin az olması ilə bağlı ona şikayət etməyə gəlmişdi və O həmin əməkdaşa nə qədər müddətdir ki, şirkətdə çalışdığını soruşduqda, işçi bildirmişdi ki, universiteti bitirdiyi vaxtdan, toplamda 3 ildir, burada çalışır. Növbəti sualı isə, bura gələrkən 3 il ərzində nə qədər məbləğ əmək haqqı almaq səni qane edirdi? İşçi isə cavabında təqribən 100 000 $ deyib. Bəs sən nə qədər əmək haqqı almısan? 300 000 $.

Bəs o zaman nədir şikayətin? İşçinin cavabı isə belə olub. Yanımda çalışan məndən heç də daha ağıllı olmayan bir neçə əməkdaş 310 000 $ qazanıb.

İnsanlar özlərini başqalarından daha yüksək qiymətləndirir

Oxuduğum məqalələrin birində Avstraliyada şirkət əməkdaşları arasında keçirilən bir sorğunun nəticələri ilə qarşılaşmışdım. Sorğuda iştirak edən işçilərin 86 %-i, özlərinin digər oxşar işləri görən işçilərdən daha yaxşı nəticə ortaya qoyduğunu iddia etmişdilər.

Xatırlayıram əvvəllər şirkətlərin birində belə bir qiymətləndirmə aparmışdım. Şirkətdə işçilər müəyyən kriteriyalar üzrə özlərini qiymətləndirmişdi (1 və 5 aralığında, pisdən yaxşıya doğru). Daha sonra isə eyni kriteriyalar üzrə rəhbərləri onları qiymətləndirmişdi. Cavablar çox təəccübləndirici idi.

Bəzi hallarda rəhbərin işçisinə bəzi kriteriyalar üzrə 2-3 olaraq verdiyi qiymətlərin əksinə, həmin işçi eyni kriteriya üzrə özünü 4-5 və bəzən isə bütün kriteriyalar üzrə 5 olaraq qiymətləndirmişdi.

Ümumi ortalamada bütün şöbələr üzrə işçilərin özlərinə verdiyi qiymətlər, rəhbərlərin həmin kriteriyalar üzrə onlara verdiyi qiymətlərdən daha yuxarı çıxmışdı.

İnsanlar çalışıb yaxşı nəticələr ortaya qoyduqda, əsasən səbəb kimi özlərinin ağıllı və çalışqan olduqlarını göstərirlər. Nəticələr pis olduqda isə bunun onların günahı ucbatından olmadığını bildirirlər. Bəhanələr tapmağa çalışırlar. Bəzən başqalarını günahlandırırlar. Eyni zamanda oxşar hallar ilə insanlar komanda şəklində çalışdığı hallarda da qarşılaşmaq mümkündür.

Komanda yaxşı nəticələr əldə etdikdə, hər kəs burda özünün böyük səyi və rolu olduğunu düşünür. Amma komandanın işinin nəticəsi pis olduqda heç kim özünü günahlandırmaq istəmir və digər komanda üzvlərini mühakimə etməyə başlayır və ya xarici digər faktorları səbəb kimi göstərir.

Bir misal ilə izah edim, şirkətdə çalışan satış təmsilçisi hər ay yaxşı satış edir və satış hədəflərinə çatır və hər zaman bunu öz səylərinin nəticəsi kimi izah edir. Amma müəyyən aylarda nəticələr aşağı olduqda bəhanələr gətirir, səbəb kimi xarici faktorları, iqtisadi vəziyyətin pisləşməsini və sair səbəblər göstərərək izah edir. Çox zaman problemi özündə axtarmır. Əminəm oxşar hallar ilə bir çoxumuz qarşılaşmışıq.

Gəlin çalışaq müqayisə etmək əvəzinə və ya başqalarını günahlandırmaq əvəzinə (çünki bu hər zaman məsələni həll etmir hətta daha da pisləşdirir) bir az da bunun həllini başqa yerlərdə axtaraq. Əlbət ki, müəyyən vaxtlar insanlar iş yerlərində müəyyən ədalətsizliklər ilə qarşılaşır. Bu qaçılmaz haldır. Amma hər zaman başqalarını günahlandırmaq doğru deyil. Yeri gəldikdə özümüzü tənqid (self-criticism) etməyi bacarmalıyıq. Bəlkə elə şeylər var ki, özümüzü dəyişdirmək ilə əldə edə bilərik.

Aldığımız əmək haqqını və ya işimizin nəticəsini digərləri ilə müqayisə etmək əvəzinə, özümüzə baxaq və öz sahəmiz ilə, yanaşmamız, xarakterimiz və ya davranışımız ilə bağlı nələri dəyişə və ya inkişaf elətdirə bilərik, bunlara nəzər yetirək. Bəlkə də ondan sonra məmnun olmadığımız bir çox məsələlər həllini tapacaqdır.

Digər məsələ isə, özümüzü müqayisə etdiyimiz iş yoldaşımızın qatdığı dəyərə, rəhbərimiz olan şəxsin gözü ilə baxmaq lazımdır. Bu çox önəmlidir. Biz bəzən buna baxmırıq. Filankəs nə iş görür ki, bu qədər əmək haqqı alır, sualını verən çox şəxs görmüşəm. O işçinin şirkətə qatdığı dəyərə onun rəhbərinin gözündən baxmaq lazımdır.

Əgər mən düşünürəmsə mən hamıdan yaxşıyam və ağıllıyam və düşünürəmsə mənim bütün uğursuzluqlarımın arxasında bəhanələr və ya kimlərinsə səhvləri dayanır, o zaman mənim özümü inkişaf elətdirməyim və vəziyyəti düzəltməyim heç zaman mümkün olmayacaqdır. Buna görə də çalışıb məsələlərə hərtərəfli baxmaq lazımdır.

Amma unutmamaq lazımdır ki, hər şeyi limitində etmək, balans saxlamağı bacarmaq da lazımdır. Yəni baş verən hər pis şeydə özünü günahlandırmaq və ya başqalarını özündən daha üstün görmək isə bir xəstəlikdir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.