Su hövzələrinin geosiyasi əhəmiyyəti: Türkiyə qitələri birləşdirən geosiyasi və geoiqtisadi coğrafiya kimi

Su hövzələrinin geosiyasi əhəmiyyəti: Türkiyə qitələri birləşdirən geosiyasi və geoiqtisadi coğrafiya kimi

Bəşər sivilizasiyası yaranandan indiyə qədər dünyanın ən vacib regionları hər zaman dəniz sahilləri və iri çay vadiləri ətrafı olmuşdur. Müasir siyasi proseslərdə də bu faktın ən vacib geosiyasi amillərdən biri olması strateji su hövzəsi sahillərində yaşayan xalqlar və dövlətlər üçün həm başağrısı, həm də mühüm üstünlük kimi planetin mühüm siyasi, iqtisadi proseslərinin bu  coğrafiyalarda dövran etdiyini göstərmiş olur. Geostrateji cəhətdən ən vacib su hövzələri sırasında dünya okeanı ilə əlaqəsi olan dənizlər, boğazlar və kanallar dayanır.

Bəşəriyyət yaranar-yaranmaz, əvvəlcə müxtəlif tayfalar, sonra isə, kiçik dövlətlər və imperiyalar arasında savaşların ən böyük məqsədi isti sulara yol tapmaq, strateji əhəmiyyət kəsb edən dəniz və boğazları nəzarətə götürmək olub. Təsadüfi deyil ki,  sahil dövlətləri tarixin müxtəlif zamanlarında mədəni, iqtisadi-siyasi cəhətdən digərlərindən daha çox inkişaf etmiş olmuşlar. Mesopotamiya, Misirdən tutmuş, Qədim Yunan şəhərləri, İtaliyanın Venesiya, Genuya, Neapol şəhərlərinə qədər, İngiltərə, İspaniya, Portuqaliya, Niderlanddan tutmuş Osmanlı imperiyasına qədər hamısı məhz sahil dövlətlər olaraq beynəlxalq ticarətin inkişafında xüsusi rola sahib olmuşlar, ayrı-ayrı əraziləri işğal edərək planetin hegemon dövlətləri siyahısında yer almışlar.

Bəşəriyyət yaranandan bu günə qədər planetar güc olmağı arzu edən hər bir dövlət bir-biri ilə geostrateji əhəmiyyət kəsb edən su hövzələri uğrunda müharibələr aparmışlar. Təsadüfi deyil ki, məhz elə həmin su kanalları və boğazların bir çoxu yer kürəsinin ən strateji nöqtələri sayılır. Elə ona görə də su hövzələri dövlətlər üçün olduqca vacibdir və onların geosiyasi əhəmiyyətini artıran ən vacib resurslardan bəlkə də ən başlıcasıdır. 

Tarixi baxımdan, kütləviliyə görə ayrı-ayrı dövlətlər arasında ən çox münaqişə mövzusu olan və ətrafında müharibələrin getdiyi coğrafiya Anadolunu Avropaya birləşdirən dəniz sularıdır. Qlobusa baxdıqda sirr deyil ki, dünyanın ən vacib geosiyasi əhəmiyyətli boğazları Avropa və Asiya arasındakı Bosfor, Dardanel boğazlarıdır. Osmanlı dövləti və Rusiya, eyni zamanda Avropa ölkələri ilə daima münaqişə mövzusu olan bu boğazlar və ətrafdakı coğrafiya türk xalqının əsrlərdir qoruduğu bir dəyərə çevrilmişdir. Hələ XVIII əsrdə Bosfor və Dardanel boğazlarından xarici gəmilərin keçməsinə Osmanlı imperiyasının bəyan etdiyi qadağa dünyada böyük səs-küyə səbəb olmuşdu. Qara dənizlə Aralıq dənizi arasında ticarət və hərbi gəmilərin hərəkəti, ayrı-ayrı dövlətlərin öz geosiyasi ambisiyalarını reallaşdırmaq üçün boğazların çox mühüm əhəmiyyəti var idi . XVIII əsrin son rübünə qədər boğazlara Osmanlı imperiyası nəzarət edirdi. 1774-cü ildə ruslarla türklər arasında bağlanmış Kiçik Qaynarca sülhünə görə, Rusiya Qara dəniz boğazlarından ticarət gəmilərini, 1779-cu ildə isə, hərbi gəmilərini keçirmək hüququnu aldı. Lakin 1806-cı ildə başlanan müharibə ilə Türkiyə Rusiyanın bu hüququnu ləğv etdi. Boğazlar məsələsini həll etmək üçün 1841 ci ildə Londonda beynəlxalq saziş imzalandı. Osmanlı dövləti Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransanın imzaladığı bu razılaşmaya görə, bütün ölkələrin yalnız ticarət gəmilərini bu boğazlardan keçə bilərdi.

Bir qədər sonra, Birinci dünya müharibəsinin nəticəsi olaraq boğazlar məsələsinə baxılması zərurəti yaranmışdı. Bu istiqamətdə Lozanna konfransı xüsusi yer tutur. Ümumiyyətlə Türkiyə üçün Lozanna görüşlərinin çox mühüm əhəmiyyəti vardı. Konfransın təşkilatçılarından Lord Kerzon və ətrafındakıları isə boğazlarla bağlı öz məqsədlərini güdürdülər: Britaniya Rusiya və Türkiyə arasında elə yer tutmalı idi  ki, Qara dənizə istənilən vaxt Britaniya donanmasının daxil olmasına nail ola bilsin.

1922-ci il 20 noyabrda konfransın işinə start verildi. İngiltərəni Lord Kerzon, Fransanı Puankare, İtaliyanı Mussolini təmsil edirdi. Konfransda İngiltərə, İtaliya, Türkiyə, Yunanıstan, Yuqoslaviya, Bolqarıstan, Rumıniya və Yaponiya nümayəndələri, ABŞ dan müşahidəçilər iştirak edirdilər.

Konfransın gedişində müzakirə olunan əsas mövzulardan  biri də boğazlar məsələsi idi. Dekabrın 4-də boğazlar üzrə komissiya öz işinə başlayarkən SSRİ XİN rəhbəri Çiçerin bildirmişdi ki: “Mərmərə dənizində, Bosfor və Dardanel boğazlarında istər dəniz, istərsə də quru yolu ilə aparılan ticarət daimi olmalıdır».  Beləliklə, 1923-cü il iyulun 24-də tarixi Lozanna müqaviləsi bağlandı. Belə qərara gəlindi ki, boğazlar beynəlxalq nəzarət altında olmalıdırlar, bu isə, faktiki olaraq Türkiyənin Dardanel və Bosforla bağlı baxış bucağı ilə üst-üstə düşmürdü ki, məlum mövzu gələcəkdə qardaş ölkə tərəfindən bir daha qaldırılacaqdı.

13 il sonra 1936-cı ildə Montrö sazişi ilə Türkiyə öz haqqı olan Dardanel və Bosfor boğazlarını faktiki olaraq geri almağı bacardı. Yeni sazişə əsasən Türkiyəyə boğazlarda hərbi gəmilər saxlamaq, bütün ölkələrin ticarət gəmilərinə isə dinc dövrdə və müharibə şəraitində boğazlardan sərbəst istifadə hüququ verildi. Türkiyə hökumətini xəbərdarlıq etmək şərtilə Qara dəniz dövlətləri dinc dövrdə, demək olar ki, bütün növ gəmilər keçirmək hüququ aldılar. Qeyri Qara dəniz dövlətlər üçünsə, gəmilərin növlərindən asılı olaraq bir sıra məhdudiyyətlər var idi. Türkiyə müharibədə özü iştirak edərsə, boğazlardan hər hansı bir gəminin keçəcəyinə özü qərar verməli, müharibədə iştirak etmədikdə isə, vuruşan dövlətlərin  hərbi gəmiləri boğazlardan keçməməli idi.

Bütün XX əsr boyu Türkiyə həm də adı çəkilən boğazlara görə öz geostrateji əhəmiyyətini bir qədər də artıraraq soyuq müharibə dövründə xarici vektorlar üçün mühüm beynəlxalq subyektə çevrilmişdi. Maraqlıdır kı, Türkiyə baş naziri Ərdoğan indi də Bosfor boğazına alternativ sayılan regionun geosiyasi mənzərəsini dəyişəcək İstanbul kanalının tikintisinə başlayıb. Bu layihə, Rusiya, ABŞ və bir çox dövlətlərin ciddi etirazı ilə qarşılanmaqdadır. Qara və Mərmərə dənizlərini birləşdirəcək, boğazlara alternativ olacaq kanal çəkilişi ideyası ilk dəfə Roma imperatoru Trayan zamanında ortaya çıxıb. Osmanlı dövlətinin ayrı-ayrı sultanlarının inşa etmək istədikləri və hətta bir neçə dəfə cəhd etdikləri dənizlərarası kanalın tikintisi layihəsi müxtəlif zamanlarda, nədənsə görünməz bir qüvvə tərəfindən ertələnib.

Kanal İstanbulu digərlərindən fərqləndirən, onun bütünlüklə Türkiyəyə məxsus olacağıdır. Ankara təkbaşına olaraq Kanal vasitəsi ilə kimin və hansı gəmilərin keçəcəyi qərarını verəcək. Hesablamalara görə kanal bir neçə ilə qoyulan xərcləri çıxaracaq və daha sonra dövlətin büdcəsinə milyardlarla pul gətirəcək. Kanalın işə düşməsi həm də ekologiya tərəfdən də əhəmiyyətlidir. Belə ki, hazırda neft tankerlərinin üzdüyü Bosfor boğazını İstanbul kanalı əvəzləyəcək ki, bu da Bosfor istiqamətində suyun çirklənməsinin qarşısını alacaq. Bu kanalın inşası ərazidə turistik yaxtaların artmasına imkan veriləcək ki, bu da İstanbulu dünyanın ən cazibəli yaxta turizmi sıralarında yer almasına gətirib çıxaracaq. Öz növbəsində, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə işə düşməsi nəticəsində İstanbul dünyanın nəhəng ticarət mərkəzlərindən birinə çevriləcək. Son məsələnin reallaşması BƏƏ-nin dünya ticarətindəki rolunu azalda bilər ki, elə bu səbəbdən Birləşmiş Ərəb Əmirlikləri bu layihənin pozulması üçün addımlar atmaqdadır.

Beləliklə,  XXI əsrin olmasına baxmayaraq tarixin bütün çağlarında olduğu kimi, indi də, su hövzələri dünyanın geosiyasi və geoiqtisadi mənzərəsini təyin etməkdə davam edirlər. Bu fonda, dünyanın ən vacib su sahillərindən birini də məhz qardaş Türkiyə təşkil edir. Elə Türkiyə uğrunda bir çoxlarının apardıqları tarixi mübarizə də bunun bariz nümunəsidir. Hər halda, bir neçə dənizin əhatəsində yerləşən qitələri birləşdirən Türkiyənin geosiyasi və geoiqtisadi əhəmiyyəti artmaqdadır. Bu isə,  Türkiyəyə qarşı ittifaqların yaxın gələcəkdə daha da genişlənəcəyinə gətirib çıxaracaq. Lakin, eyni zamanda siyasi, iqtisadi və hərbi baxımdan güclü Türkiyə ilə hesablaşacaq dövlətlərin də sayını artıracaq.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Samir Əfətli
PR və Marketinq kommunikasiyaları üzrə mütəxəssis

Samir Əfətli

Ellada Əliyeva
Media-marketinq mütəxəssisi

Ellada Əliyeva