Şuşa müsəlman dünyasının mədəniyyət paytaxtı statusuna yüksəlir

Şuşa müsəlman dünyasının mədəniyyət paytaxtı statusuna yüksəlir

Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərini azad etməsi bütün müharibənin taleyini həll etdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəticədə bölgədə yeni tarix reallıqlar formalaşdı. Ərazi bütövlüyümüz bərpa edildi, beynəlxalq hüququn uzun müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayan prinsipləri işlək vəziyyətə gətirildi.

İşğaldan azad olunmuş bütün torpaqlarımızın, xüsusilə də strateji əhəmiyyətli Şuşa şəhərinin  bərpası və yenidən qurulması mərhələsi başlanıb. Bu prosesdə təkcə hərbi deyil, mülki idarəetmə məsələləri də ön plana çıxıb. Dövlət başçısı işğaldan azad olunan ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yaradılması ilə bağlı yanvarın 19-da sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələrək ilk dəfə məhz Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Prezidentin xüsusi nümayəndəsi təsisatının yaradılması təsadüfi hadisə olmayıb, ölkəmizdə həyata keçirilən geniş və hərtərəfli islahatlar kursunun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Bu xüsusda Prezident İlham Əliyevin yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin etməsi ilə bağlı videoformatda qəbul zamanı səsləndirdiyi fikirlər, mülahizələr  və tövsiyələr  xüsusi aktuallıq və əhəmiyyət kəsb edir, dövlətimizin qarşısında növbəti strateji vəzifələri müəyyənləşdirir. Bu vəzifələr ilk növbədə işğaldan azad olunmuş bütün torpaqlarımızın, xüsusilə də Qafqazın incisi Şuşa şəhərinin bərpası, yenidən qurulması və dirçəldilməsi məsələlərini özündə ehtiva edir. Eyni məntiqlə “O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!” - fikrini irəli sürməklə dövlətimizin başçısı bu tarixi missiyanın “yol xəritəsi”ni də göstərib.

Bu proses ilk növbədə Şuşanın tarixi, mədəni və dini irsinin bərpası, infrastrukturunun yenidən qurulması, festivallar, konsertlər və sərgilərin, xüsusilə də bu il ərzində Vaqif poeziya günləri və “Xarı bülbül” festivalının təşkil edilməsi, dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimat mərasimlərini keçirilməsi, həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyətin bərpa işlərinin gedişi ilə bağlı məlumatlandırılması məsələlərini özündə ehtiva edir. Xüsusilə həm prosesin beynəlxalq  vektoru və uğurlu nəticələri təkcə mədəni deyil, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Artıq bu istiqamətdə ilk uğurlu addımlar atılmaqdadır. Cənab İlham Əliyevin məlum görüşdə vurğuladığı kimi, “ICESCO-nun Baş katibi mənimlə görüş zamanı bildirdi ki, onlar təklif edəcəklər ki, Şuşa İslam mədəniyyətinin paytaxtı elan edilsin. Bu, bizi çox məmnun edən bir addımdır. Onu da bildirməliyəm ki, bu günə qədər Azərbaycanın iki şəhəri bu şərəfli ada layiq görülüb - Bakı şəhəri və Naxçıvan şəhəri. Mən xatırlayıram, ICESCO belə qərarı qəbul edəndə bir neçə il əvvəl qərar verilir, ondan bir neçə il sonra artıq o şəhər bu şərəfli ada layiq görülür. Növbə də var, sıra da var. Ona görə belə bir bəyanatın Bakıda səslənməsi xüsusi məmnunluq doğurur”.

Artıq bu istiqamətdə Türk Şurasının da analoji addım atmaq niyyəti bəllidir. “Eyni zamanda bu yaxınlarda Türk Şurasının nümayəndə heyəti ilə görüş əsnasında Türk Şurasının Baş katibi də belə bir təklif irəli sürdü ki, Şuşa Türk Dünyasının mədəniyyət paytaxtı seçilsin. Baxın, bu tarixi şəhərimizə türk dünyasında və bütövlükdə müsəlman dünyasında nə qədər böyük maraq var, nə qədər böyük məhəbbət var” - fikirlərini səsləndirən Prezident İlham Əliyev Şuşa şəhərinin öz əzəli siması və ruhunu qoruyaraq, dünyanın ən gözəl şəhərləri arasında layiqli yer tutacağına və böyük bir müsəlman arealının mədəniyyət paytaxtı statusunu şərəflə daşıyacağına əminliyini ifadə edib.

Müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq, həmin torpaqların, xüsusilə də təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi növbəti tarixi vəzifənin icrası naminə daha da səfərbər olmalı və bu taleyüklü prosesə konkret töhfələr verməliyik.

Bu, zamanın çağırışıdır!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Şuşa, sən azadsan!

Şuşa, səni dirçəldəcəyik!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.