Tapşırığı yerinə yetirmək üçün rəhbər şəxs işçiyə nə qədər zaman verməlidir?

Tapşırığı yerinə yetirmək üçün rəhbər şəxs işçiyə nə qədər zaman verməlidir?

Əlinizdə bir iş var. Bu işi bitirmək üçün sizə yalnız 1 saat vaxt lazımdır. Amma işi bir həftə içində təhvil verəcəksiniz. Yəni hələ vaxtınız var.

Bu halda nə edərdiniz? Bu işə növbəti 1 saatınızı ayırıb dərhal bitirərdiniz, yoxsa tələsməyə ehtiyac yoxdur, 1 həftə ərzində necə də olsa 1 saat vaxt ayıra bilərəm deyib sonraya saxlayardınız?

Və yaxud da bu işi görməyə başlayarkən xatırlayırsınız ki, bir azdan kanallarının birində sevdiyiniz serial var və ya dostlarınız ilə görüşməlisiniz və s.

Yəqin ki, başladığınız bu işi yarıda qoyub həmin o filmə baxacaqsınız, çünki hələ 1 həftə vaxtınız var. Yəni, normalda bir saata edəcəyimiz işi bir neçə saata, hətta bir neçə günə etmiş oluruq.

Əminəm oxşar hallar bir çoxumuzun başına gəlib.

Bir işi bitirmək üçün lazım olan vaxt, o işi bitirmək üçün ayrılan vaxt qədər uzanır.

Yəni, bir işi bitirmək üçün lazım olan vaxt bir saatdırsa və sizə verilən vaxt da bir saatdırsa deməli siz o işi bir saata bitirəcəksiniz. Yəni əlinizdə olan digər işləri kənara qoyub yalnız o işlə məşğul olub bitirəcəksiniz.

Düşünün, həmin bir saatlıq iş sizə verilir və bu səfər deyilir ki, bu işi iki saata bitirib təhvil verin. Bu zaman həmin işin bitirilməsi iki saat çəkəcək, və ya 1 gün verilsə, bir gün çəkəcək.

Vaxtınız bol olduğu üçün əlavə nələr isə də məşğul olacaqsınız. Sevdiyiniz filmlərə baxacaqsınız, dostlarınızla görüşəcək və ya sosial mediada vaxt keçirəcəksiniz (Əlbəttə ki, istisnalar da mövcuddur və hər zaman belə olmaya bilər). 

“Bir işi görmək üçün nə qədər çox vaxt olarsa o qədər yaxşı nəticə əldə edə bilərəm”.

Bəli, yaxşı səslənir. Amma, bu heçdə həmişə belə deyil. Yəni bu prinsip ilə çalışmaq hər zaman lazım olan effekti vermir.

Düşünün, bugünkü situasiya (Pandemiya) ilə bağlı, olaraq bir çoxlarımız evdən işləyirik. İstər-istəməz işlərimiz bir çox hallarda, ofisdə çalışdığımız vaxtlarla müqayisədə daha da azdır. Ofisdə çalışdığımız zaman kaş ki, zamanım olardı, onu edərdim, bunu edərdim, bu kitabı oxuyardım və s. deyirdik. Bu gün gəlin baxaq, o dediklərimizin hamısını edə bilmişikmi?

Bir müddət öncə bir tanışımla olan müzakirəni xatırlayıram. O, idmana başlamışdı, və yaxşı nəticələr əldə edirdi. Müzakirəmiz zamanı ona sual verdim ki, bu qədər işin içində necə vaxt tapırsan, o isə bildirdi ki, əksinə işim çox olduğu üçün, ayıracaq vaxtım az olduğu üçün, daha çox iş yerinə yetirə bilirəm.

Əksinə əgər vaxtım çox olsaydı, yəqin ki, edə bilməyəcəkdim. Vaxtım bol olanda planladığım bir çox işləri yerinə yetirə bilmirəm.

Əlbəttə ki, bu həmdə yaxşı planlama tələb edir.

Çox vaxt ən çox nəticə verən şəxs, ən az vaxtı olan (və ya ən çox işi olan) şəxsdir.

Gələk əsas məsələyə.

Rəhbər şəxslərə tövsiyəm bu olardı ki, əməkdaşlara verilən işi yerinə yetirmək üçün tələb olunan vaxt barədə məlumatlı olsunlar və ya işçi ilə müzakirə edib birgə qərar versinlər.

Vaxt az verilərsə o zaman görülən işin keyfiyyəti aşağı düşür. Çox vaxt verildikdə isə effektivlik aşağı düşür. Ona görə də işi görməyə nə qədər vaxt lazımdırsa o qədər də vaxt verilsə daha yaxşı olardı.

Əlavə olaraq isə qeyd edim ki, verilən belə işlərin sayı çox olacağı üçün, prioritet məsələlər xüsusi ilə qeyd edilməlidir ki, ilkin olaraq o işlər yerinə yetirilsin.

Eyni zamanda nəzərə almaq lazımdır ki, işin həcmi artan kimi, bir çox rəhbərlər dərhal yeni işçi işə qəbul edilməsi üçün müraciət edirlər.

Unutmamaq lazımdır ki, lazım olandan daha çox işçi saxlamaq özü də effektivliyi aşağı salır və bu zaman işçilər bir-biriləri üçün əlavə iş yükü yaratmış olurlar.

Bəs özümüzə qoyduğumuz hədəflərə zamanında necə çataq?

Bəzə elə olur ki, müəyyən işlərin görülməsi üçün özümüz yerinə yetirməli olduğumuz işlər olur. Amma yenə də fikrimizi dağıdan, vaxtımızı alan digər kiçik şeylər ucbatından bunları zamanında edə bilmirik.

Buna görə də özümüz üçün hədəf qoyduğumuz işləri vaxtında bitirmək üçün özümüz üçün bitmə vaxtı tərtib edib (deadline) və həmin prinsipə sadiq qalmalıyıq.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.