Tarixçi baxışı ilə Azərbaycan dili, onun keçmişi, bu günü və gələcəyi

Tarixçi baxışı ilə Azərbaycan dili, onun keçmişi, bu günü və gələcəyi

"Sizi deyib, gəlmişəm, ey mənim müsəlman qardaşlarım! Mən sizin ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi... Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!"  Bunu indi cılız insanların tənqidinə məruz qalmış Mirzə Cəlil deyib. Həm də Osmanlı imperiyasında dövlət dilinin osmanlıca olduğu, Osmanlıda Türkcə ifadəsinin xor görüldüyü, Türkcə sözcüyünün bir dil kimi sadəcə Azərbaycanda işlədildiyi bir zamanda - XX əsrin əvvəllərində. Mirzə Ələkbər Sabir öz Hophop-naməsində əbəs yerə demirdi ki, “Mümkün iki dil bir-birinə tərcümə, amma  “Osmanlıcadan tərcümə türkə” nə deməkdir?” Öz dilinin Türk dili olduğunu bilən və yaşadan Azərbaycan əhalisi indi öz dilinin Türkcə olub-olmadığına şübhə ilə yanaşır. Azərbaycanda mütəfəkkirlər osmanlıcanı belə Türk dili kimi qəbul etdiyi halda Azərbaycandakı əhali öz ana dilini unutmuş, yarısı rus və Avropa dillərinə, yarısı (xüsusən dindarlar) isə ərəb və fars dillərinə yönəlmişdilər.

Yad dillərə yönəlmə. Etnik kimliyin dərki

Sizcə o illərdən bu günümüzə nə dəyişib? İndi də rusca və ya ingiliscə danışmaq və ya leksikonunda rus və ya ingilis sözləri işlətmək insanın savad göstəricisi hesab olunmurmu? Hansı işəgötürən öz elanında “Azərbaycan dilində danışmaq vacibdir” şərtini qoyur. “Bazar dili” adlandırılan yazıq dilim XX əsrin başlanğıcından bu günümüzə nə qədər əzilər, nə qədər məhv etdirilməyə çalışılar? Sovetlər dönəmində bilərək onsuz da öz kökündən qopardılmış dilimizdən Türkcə ifadələr çıxarılıb yerinə fars və ərəb kökənli sözlərinin qarışdırılması ilə akademik dil, rus sözlərinin qarışdırılması ilə danışıq dili  yaradılmağa cəhd edilmədimi. İndi də “döngə”, “soyuducu”, “dondurma”, “sürücü” və sözləri yad dildə tələffüz edirik. B. Vahabzadə demişkən itin də dilinə hörmətimiz var, öz dilimizdən başqa.  İndi müstəqilik, onda niyə dəyişən bir şey yoxdur. Elə əvvəlki sayda rus məktəbləri və oranı bitirənlər keyfiyyətli Azərbaycan dili imtahanı vermirlər, nəticədə dili bilməməkləri bir yana dursun, dillərində vurğulama əskikliyi olur. Niyə bu torpaqlarda doğulmuş, demək olar ki, 100 faizi bu dildə danışan, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət dili olan Azərbaycan dili Azərbaycan vətəndaşları tərəfindən normal bir şəkildə danışılmır? Boyunduruq psixologiyası niyə mənim millətimə bu qədər xoş görsənir? Çağdaş dövrümüzün ikinci bir bəlası da gəlməkdədir, ingilis dilinə yönəliş və ingilis vurğulaması (aksenti) ilə uzadarak danışmaq. Hansı bir ölkənin mərkəzi küçəsində “elitlik” göstərgəsi olaraq yad dildə danışılır və ya mağaza adı bir yana dursun, reklamları yad dildə yazılır. Məsələn Parisin Şanzelize küçəsində var olan durum Bakının Nizami küçəsindəki ilə eynidirmi? Bunun zərərini görən M. Ə. Sabir hələ o zamanlar deyərdi ki, biz daha Türkcə danışmayaq çünki biz “intiligentlərik”.  Niyə insan özünü bu qədər istəməsin, onu var edən ən birinci şeyi dilini sevməsin. K. Uşinski demişdir ki, “bir milləti məhv etmək istəyirsənsə ilk öncə onun dilini məhv et”. Sizcə özümüz-özümüzü məhv edirik, ya məhv olmağı istəmək xoşumuza gəlir?

Bunun bir neçə səbəbi var. İlk öncə onu deməliyəm ki, biz bir xalq olaraq öz etnik kimliyimizdən bixəbərik. Əhalisinin 91 faizi Azərbaycan Türkü olan bir ölkədə bu əhaliyə ya azərbaycanlı, ya da müsəlman deyilir. Müsəlman sözü XIX yüzillikdən bəri istifadə olunur. Eyni zamanda tatar ifadəsi də geniş yayılmışdır. İnsanlar unudublar ki, azərbaycanlı bizim vətəndaşlığımızdır və ümummilli Liderimiz demişkən “Mən Azərbaycanlı olmağımla daim fəxr etmişəm, indi də fəxr edirəm” Çünki, azərbaycanlı olmaq qürur verici bir durumdur. Sizin bu torpaqlara bağlılığınızı göstərir. Dərbənddən Həmədana qədər uzanan böyük bir Azərbaycanın sizə aid olduğunuzu göstərir. Böyük bir multikultral mədəniyyətin sahibi olduğunuzu göstərir. Amma Azərbaycan vətəndaşlarının, yəni azərbaycanlıların 91 faizi Azərbaycan Türküdür və 30 milyona yaxın Azərbaycan Türkü də Cənubi Azərbaycanda İran İslam Respublikasında yaşayır və oranın vətəndaşıdır. Savadsızcasına hazırlanmış statistika önümə çıxmışdı. Əhalinin etnik faizini göstərir, talış var, ləzgi var, hətta erməni var, azərbaycanlı var və türk var. Bununla nə etmək istədiklərinə anlam verə bilmədim. Demək özünü dərk etməmiş bir millət öz dilinə də yad davranacaq.

Türk: Türkiyə vətəndaşlığı ya Türk milləti

İkinci bir səbəb isə Türk sözünün çağdaş işlənmə arealı ilə bağlıdır. Türkiyə Cümhuriyyətinin vətəndaşlığı Türk adlanır. Dili də Türk dili. Türkiyədə reformasiya olunanda məncə Türk adını vətəndaşlıq kimi seçmək yanlış addım idi. Unutmaq olmaz ki Türkiyə Cümhuriyyətində sadəcə Türklər yaşamır. Bəlkə Türkiyəli ola bilərdi. Dil isə Türkiyə türkcəsi. İndi Türk dili deyəndə Türkiyə Türkcəsi və ya vətəndaşlığı xatırlanır və bu səbəblə də insanlar Türk sözünə itici yanaşırlar. Azərbaycan bu istiqamətdə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ən düzgün qərarı qəbul etdi. Vətəndaşlığımız ideal bir şəkildə azərbaycanlı adlandırıldı. Onu da vurğulamaq lazımdır ki, Türk sözü ümumi Türk xalqlarını da əhatə edir.  İnsanlar yazılarımı oxuduqca məni “qınayırlar” ki, niyə Türk dilində işlənən sözlərdən istifadə edirsən? Bu “qınağın” əsas səbəbi yuxarıda vurğuladığım səbəbdir. Anlamadığım budur ki, bu dil nə dilidir? Ərəbcəyə və ya farscaya daxil olan Türkcə sözlərindən ibarət köksüz göstərilməyə çalışılan bəlirsiz bir dilmi? Necə ki bizi köksüz assimilyasiya olunmuş xalq kimi göstərirlər. Bəli, “halbuki” yerinə “oysa”, “vacib” yerinə “önəm”, “müasir” yerinə “çağdaş”, “zərrəbin” yerinə “böyütgəc”, “şüur” yerinə “bilinc”, “əhəmiyyət” yerinə “önəm”, “mənşə” yerinə “kökən” və bu kimi yüzlərlə sözlər istifadə edirəm, edəcəm də. Mənə hansısa qurumun leksikonumuzu əzik günə qoyaraq nəyi çıxarıb, nəyi salması maraqlı deyil. Mənə öz dilimdə mövcud olduğu halda ərəbcə və ya farscada olan sözlərdən istifadə etmək xoş deyil. Bu get-gedə yad ünsürlər qataraq dilimizi köksüz göstərməkdən başqa bir şey deyilmidir. Niyə akademik Azərbaycan dili ərəb və fars sözləri bol işlənəndə daha sanballı hesab olunur, oysa dilimizdə onları əvəz edən Azərbaycan dilinə məxsus sözlər vardır. Alınma sözlər hər dildə vardır və bu təbii haldır, lakin öz dilində ola-ola ola başqa dildən söz alırsan. Bu özündə yumurtlayan toyuq var ikən qonşudan yumurta alaraq ondan bişən yeməyin daha dadlı olduğunu deməyə oxşayır.

Dilimizə tarixi yanaşma

Dilimizə biganə münasibətin olmasının üçüncü səbəbi tarixə dilə biganə yanaşılmasıdır. Erkən orta əsrlərə qədər ərazilərimizdə yaranan dövlətlərin dilimizə münasibəti haqqında əlimizdə demək olar ki, heç bir qaynaq yoxdur. Yerli qaynaqların azlığı bizim bu haqda hər hansısa bir fikir söyləməmizə əngəl olur. Lakin, VII yüzillərdə yaranmış “Kitabi Dədəm Qorqud”a nəzər salaraq belə qənaətə gəlmək olar ki, bu dönəmdən başlayaraq dilimizə yad sözcüklər girməyə başlamış və dilimiz öz kökündən ayrılmağa davam etmişdir. Qaraxanlılar zamanından demək olar ki, yox olma dərəcəsində olan fars dili öz inkişafının zirvəsinə yüksəlmiş, Əbülqasım Firdovsi özünün “Şah-namə”sini bu dövrdə yazmışdır.  Beləliklə dilimizə ikinci bir təsir keçməyə başladı, bu farscadan sözlərin  dilimizdə türkcə sözlərin yerinə işlənməsinin başlanğıcı idi. Daha sonra bu ərazilərdə dövlət qurmuş Səlcuqlular zamanında farscanın rolu daha da gücləndi. Nizamülmülk özünün “Siyasətnamə” əsərində farsca bilən və farsca yazan katiblərin tələb olunduğunu yazırdı. Türk olan bir xanədanlıq Türkcəni geri itələyib farscanın əhəmiyyətini artırdı. Beləcə, Nizami Gəncəvi başda olmaqla bir çox şairimiz farsca yazdı, çünki, elitar dil farsca idi.

Daha sonra Azərbaycanda Elxanilər dövləti yaradıldı. Hinduşah Naxçıvani dövlətdə üç dilin istifadə olunduğunu yazırdı. Çox təəssüf ki, “Divani-lüğət it-Türk” kimi nəhəng bir əsəri yaratmış Türklər öz dillərində elmi əsərlərin yazılmayacağından o qədər əmin idilər və özlərini o qədər inandırmışdılar ki, ərəbcəni elm dili hesab edirdilər. Hətta bu tendensiya Səfəvilər dövründə də davam edirdi. Adam Oleyari Şamaxıda mədrəsədə dərslərin ərəb dilində aparıldığını yazırdı. Oysa, Məhəmməd Mahmud-u Şirvanı özünün göz xəstəliklərinə dair tibbi risalə olan “Mürşüd” əsəri başda olmaqla bir çox əsəri məhz Azərbaycan Türkcəsində yazmışdı. Bu onu göstərir ki, Azərbaycan Türkcəsi başda olmaqla bütün Türkcələrdə elmi mətn yazmaq olardı. Xatırladım ki, Türk dilləri o zamanlar hələ  bir o qədər də bir-birindən ayrılmamışdı. Baharlı və bayandurlular, eləcə də Səfəvilər zamanında Türk dili önəmli bir səviyyəyə çatdı, Sadəcə olaraq kargüzarlıq işini farsca aparmamız və tarixi əsərləri bu dildə gerçəkləşdirməmiz Türk dilini arxa panda qoydu, baxmayaraq ki, saray dili və ordunun dili türkcə idi. Hətta, Əmir Teymura həsr olunan əsərlər belə farsca yazıldı. Osmanlıda Türkcə osmanlıca adlandırıldı və osmanlıcanın demək olar ki 70-80 faizi qeyri-Türk sözcüklərindən ibarət idi. Osmanlı imperiyasında yazışmalar osmanlıca aparılırdı ki, bunu müsbət hal kimi qiymətləndirmək olar.  Dərin təəssüflə bildirirəm ki, böyük imperiyalar yaratsaq da öz dilimizə kiçiltdik və dəyər vermədik.. Beləcə dilimizə özümüzün biganə və aşağılayıcı münasibətimiz onu deformasiyaya uğratdı.  Daha sonra Rus işğalları başladı və sonrası isə məlumdur.

Dil Tariximizin Qaynaqları

Azərbaycan dil tarixinin qaynaqları həmişə ədəbiyyat nümunələri olub. Bu işi görənlər nədənsə tarixi qaynaqlara müraciət etməyiblər. Ən yaxşı halda “Kitabi Dədəm Qorqud” ilə başlana dil tariximizdə laylalar və sayaçı sözlərdən də istifadə olunub. Layla və buna bənzəyən ədəbiyyat nümunələrinin yaşlarını akademik formada necə müəyyənləşdirmək olar? Heç şübhəsiz onlar da istifadə olunmalıdır, lakin ciddi qaynaqları göz ardı edərək dil tarixini yazmaq olmaz. Məsələn niyə şumer dilində 500 ədəd Türk mənşəli sözlər var? Hansı sözlərdir və bizim dil ilə necə bağlılığı var? Bu fikirlər dil tariximizin elmi dövriyyəsinə gətirilibmi? Və ya Manna toponimində Alateye (Aladağ), Uişşdiş (üçdiş) kimi yüzlərlə buna oxşar adlar necə istifadə olunub. Albanlar hansı dildə danışa bilərdi və ya niyə Mingəçevirdən üzərində Orxun yazısına bənzər saxsı qablar çıxır. Dil tarixinə bir tarixçi kimi bu yöndən yanaşılmanın və bunu ədəbiyyat nümunələri ilə zənginləşdirmənin, eyni zamanda tarixi proseslərin dilə etkisinin səviyyəsinin müəyyən olunmasının tərəfdarıyam. 

İllərlə Orxun yazıları, Divani-Lüğət it-Türk, Qutadğu Bilik bizə yad əsərlər kimi təbliğ olundu, Kitabi Dədəm Qorqud bəsit ədəbi nümunə kimi göstərildi və göstərilməkdə davam etdirilir. Oysa bu əsərlər BİZİM ana dilimizin özək qaynaqlarıdır. Dünyanın indiki ən aparıcı dillərinin belə bu qədər qaynağı yoxdur. Kimdə İ. Nəsimi və M. Fizuli, yaxud Nəvahi var? Erkən orta əsrlərdə ingilis və ya fransızcada və ya ruscada bir Mahmud Kaşğarlı varmı? Heç şübhəsiz ki, at belindəki Türklərin elmi bir dili olmayacağı önyarğısı Səlcuqlulardan bəri var olmaqdadır. Oysa Məhəmməd-i Mahmud-u Şirvani Azərbaycan Türkcəsində tibbi risalələr yazmışdır. Azərbaycan dilində yazılmış orta əsrlərə dair elmi mətnlər nə dərəcədə dil tariximizin öyrənilməsində istifadə olunub? Onlarca cavabını bilmədiyimiz, bəlkə də bildiyimiz belə suallar.

Müasir Azərbaycan dili

Müasir dilimizə gəlincə, rusca danışmaq və ya dildə rus, ingilis sözləri istifadə etmək elitarlıq göstəricisi olub. Bu Rusiyanın Sovetlər dövründə yürütdüyü siyasətin bir parçası idi və anlaşılan o ki, bəziləri bu qul psixologiyasından çıxa bilmir. Yazılı mətbuatımızda vəziyyəti qənaətbəxş hesab etmək olar, lakin sözlü mətbuatımız bərbad gündədir. Reklamları səsləndirənlər rus və ya ingilis vurğulaması ilə danışır və cümlələr birbaşa reklamın orijinal dilindən sözbəsöz çevrilib. KİV-də dövlət dili normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməsi Prezident İlham Əliyev tərəfindən yerində atılmış addım idi.  Dövlətin bu yöndə çeşidli yasaqlar qoymasına baxmayaraq hələdə tv aparıcılar və onların hər şeyi bilən qonaqları rus sözləri istifadə edir. Bundan başqa televiziyada ləhcə ilə danışmaq təbii dil hesab olunur, oysa ədəbi dil ilə də təbii danışmaq mümkündür. Yaxud da ki, Bakı ləhcəsi üstün tutulur və ədəbi dil imiş kimi davranılır. Musiqilərdə xüsusilə muğamlarda ı səsi i kimi tələffüz olunur və dilimiz eybəcərləşdirilir. Və ya “qara” və “yara” sözləri “qarə” və “yarə” kimi tələffüz edilir. Sosial  mediada durum dəhşət vericidir. Hələ də, “ş” hərfi, ya “sh” kimi, yada “w” ilə yazılır. Yaxud “ə” yazmağa ərinirik, “e” ilə yazırıq. Aydın olur ki, biz yetərincə dilimizi sevmirmişik.

Dilçi alimlərimizin də dilimizə münasibəti birmənalı deyil, bəzən öz ləhcələrini ədəbi dilə soxuşdurmağa çalışırlar. Niyə “-lar” şəkilçisini gah “-dar”, gah “-nar”, gah da ki, “-rar”  kimi tələffüz etməliyəm. Bu zaman keçdikcə Azərbaycan Türkcəsinin digər Türkcələrdən kəskin formada ayrılmasına səbəb olacaq. İsmin cəm şəkilçisi olan “-lar” və “-lər” heç bir türk dilində dəyişmir. Və ya sonu “k” ilə bitən bir çox söz dilimizdə tarixən mövcud olmayan və /x`/ kimi işarələnən səs ilə tələffüz olunur. Bu səs yumşaq “y” kimi səs versə də bunu boğaz səsi olaraq y və x nin qarışığı olaraq tələffüz edirlər. Bu hal dilimizi ləkələmirmi? Bu səsi /x`/ kimi yazıb boğaz səsi edənə qədər /y`/ yazmaq olmazdımı və ya olmazmı ki, “k” hərfi elə ”K” səsini versin? Gəlmək sözünü “gəlməy”, mələk sözünü “mələy” kimi tələffüz etmək və y-ləri vurğulmaqla tələffüz etmək ədəbi dilimizi eybəcər göstərir. Tarixən dili belə ləkələndirənlər olub, gəlin indi bunu etməyək. Hər ləhcədəki tələffüzü də fonetikamıza gətirmək doğru deyil, sizcə bu dilimizdə xaotik bir vəziyyət yaratmırmı? Tarix boyu dilimizin təbii laboratoriyasında yeni sözlər öz türkcə sözcüklər hesabına yaranmışdır. Buna “qarğıdalı”, “suiti” və “arayış” sözlərini örnək olaraq göstərmək olar. Çağdaş dilimizdəki sözlər isə alınma sözlər hesabına əldə edilir və türkcə sözcüklərin istifadəsi insanlarda gülünc hislər yaradır. Demək lazımdır ki. İngilislər siçana “maus” deyir. İnternet terminologiyasında “link” dediyimiz şeyə “keçid” desək doğru olmazmı? Söyləmək mümkündür ki, çağdaş texniki dilimizin vəziyyəti olduqca ağırdır. Nəşr olunan kitabları ədəbi dil baxımdan redaktə edən dilçi redaktorlar yoxdur, kim necə istəyir, o formada yazır. Onda qarğının dalımı olar deyərək tərəvəzin adını dəyişərək ona güləkmi? Arayış sözünə ikrah hissi ilə baxaq? Niyə dildə yaranan yeni sözlərə insanımız birmənalı baxmır və dilimizi aşağılayır? Dildəki sözlərə gülmək öz kökünə sayğısızlıq göstərməkdən başqa bir şey deyil.

Mən elm adamı olsam da, dilimə aşiq biriyəm və bu yazı elmi-akademik səciyyə daşımır, sadəcə bir tarixçinin kənardan gördükləridir. Yaxşı ki bu dildə danışaraq doğulmuşam və anam mənə laylanı bu dildə söyləyib - Azərbaycan Türkcəsində.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov

Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Hafiz Səfixanov
Mina problemləri üzrə təhqiqatçı

Hafiz Səfixanov