Televiziyalarda şəhid və qazilərlə bağlı reportajlar necə hazırlanmalıdır?

Televiziyalarda şəhid və qazilərlə bağlı reportajlar necə hazırlanmalıdır?

Vətən Müharibəsi başa çatandan sonra hər gün ənənəvi mediada, xüsusilə də TV-lərdə şəhid və qazilərin həyat hekayələri təqdim edilir, şəhid ailələri, qazilər televiziya proqramlarına dəvət edilir. Cəmiyyətin obyektiv və subyektiv platforması olan, əsas güzgüsü sayılan sosial mediada bu mövzu haqlı-haqsız müzakirə edilir, tənqid hədəfinə çevrilir.

Nəticədə “Sən kimsən səhid anasına elə sual verirsən?”, “Filankəs şou aparıcısıdır, niyə şəhid ailəsini studiyada o danışdırır ki, elə də sual verir?”, “O aparıcı bilirmi ki, şəhid kimdir?”, “Şəhid anasını niyə süni şəkildə ağladır?” və s. bu kimi iradlar sosial mediada tüğyan edir.

Bütün bu narazılıqlar, iradlar bir sıra həssas məsələlərdəki kimi, şəhid  və qazi mövzularında da son dərəcə ehtiyatlı olmaq zərurətini ortaya çıxarır, məsuliyyətli yanaşma tələb edir. Demək ki, bizim cəmiyyət üçün qazi, xüsusilə də şəhid məsələsi ali mövzudur və ona münasibət də ali olmalıdır. Əslində jurnalist mental dəyərlərə, adət-ənənələrə az-çox bələd olmalıdır ki, bu kimi məsələlərdə cəmiyyəti qıcıqlandıran, onun heysiyyətinə toxunan davranışlardan kənarda qala bilsin. Amma müşahidələr göstərir ki, bu da məsələnin tam həlli deyil, çünki ətrafda baş verən hadisələr bizi daha tez-tez fərqli situasiyalarla üz-üzə qoyur, bəzən hətta individual yanaşma tələb edir. Bu baxımdan jurnalist zamanla ayaqlaşmaq, bilik və bacarıqları artırmaq, yaxud təklmilləşdirmək üçün müntəzəm olaraq mütəxəssis rəyləri, tövsiyələri ilə maraqlanmalı, qaydaları, standartları doğru mənimsədiyindən əmin olmalıdır.    

Ekstremal jurnalistika təlimlərində də qeyd edilir ki, hadisə zamanı zərər çəkənlərlə, travma alanlarla, qurbanlarla çox ehtiyatlı davranmaq lazımdır. Bu cür insanlarla müsahibə zamanı isə jurnalistdən yüksək peşəkarlıq tələb edilir. O zaman şəhidin yaxınlarından və qazilərdən reportaja başlamazdan əvvəl yaxşıca hazırlaşmaq, “ehtiyat” məlumat toplamaq, mənbələrlə əlaqə qurmaq, əvvəlcədən suallar hazırlamaq tələb olunmurmu?  

Vətən Müharibəsindən sonra çox tez-tez  efirə gedən şəhid və qazilərlə bağlı bir sıra reportajlarda süjet xətri demək olar ki, eynidir. Baxmayaraq ki, televiziya kanalları ayrı-ayrılıqda belə reportajlar hazırlayır, nədənsə müsahiblərin cavabı və s. oxşar olur.

Hər gün təqdim edilən bu reportajlarda peşəkarlığa nə dərəcədə önəm verilir?  Aparılan müşahidələrə və sosial mediadakı fikirlərə istinadən demək olar ki, əksər reportajlar 4-5 saat ərzində hazırlanır: çəkiliş, materialının yazılması, redaktə, montaj. Bu reportajlarda “çəkici başlıq”lara az rast gəlmək olur. Sonluqlar təxminən eyni olur. Baxmayaraq ki, burda adi insan hekayəsindən yox, Vətən uğrunda şəhid olan, canını əsirgəməyən  insanlardan danışılır.

Əslində, jurnalistikanın adi və qızıl qaydalarına istinadən demək olar ki, şəhid və qazi ilə bağlı reportaj hazırlamaq istəyən reportyor ilk növbədə məlumatlar əldə etməlidir. Bu işdə “gedəcəm evinə, orda danışacaqlar” deyib yola çıxmaq olmaz. Bu, çox həssas mövzudur, insanlar yaralıdır, hələ də aldıqları travmaların təsirindədirlər. Jurnalist ilk olaraq məlumat alacağı mənbələri müəyyən etməlidir. Sosial mediada reportaj hazırlanacaq şəhid və qazi haqqında axtarış vermək də mühümdür. Çünki gənclərin əksəriyyətini indi sosial mediada tapmaq mümkündür.  

Şəhidin yaxınları ilə müsahibə zamanı daha çox həmsöhbət, onun dərdinə şərik olduğunu göstərmək lazımdır. Dəqiqədən bir “övladınızla biz də qürur duyuruq, şərəfli yoldur və s.” deməklə onların fikirlərini yayındırmaq, ürəklərindən keçənləri deyil, müsahibə götürənin istəyinə uyğun cavab verməyə təhrik edilməməlidirlər. Yəni müsahibləri bu mövzuda təsir altına  salmaq yox, onları sərbəstləşdirərək iç dünyalarını aşkar etmək lazımdır. Bu, həm də söhbətin səmimi alınması üçün vacibdir. 

Jurnalistikada cəmiyyətin həssas təbəqəsi ilə işləmək üçün ayrıca təlimatlar var. Bu təlimatlar dünyanın bütün aparıcı media qurumlarına qədər hər yerdə demək olar ki, eynidir.   

Həssas təbəqə ilə işləyən jurnalistlərdən də daha fərqli davranış, yanaşma gözlənilir. “Deyli sabah” (“Dailysabah”) qəzetinin əməkdaşı İbrahım Altay 2017-ci ildə Türkiyənin Antalya şəhərində şəhid ailələrinə həsr olunan sammitdəki iştirakından sonra yazdığı məqaləsində  qeyd edir ki, birinin kədəri başqa biri üçün zamanla azalsa, adiləşsə də, jurnalistlər bütün zamanlarda kədərli hadisələri işıqlandırarkən ailələrin ağrılarına və istəklərinə hörmət etməlidirlər. İbrahım Altaya görə, hər bir xəbər hekayəsi, nə qədər vaxt keçməsinə baxmayaraq eyni etik standartlara uyğun aparılmalıdır və həssas insanların istəklərinə hörmət edilməlidir.

Vətən Müharibəsindən sonra sosial mediada şəhid və qazilərlə bağlı hər gün xəbər paylaşım edən jurnalist, TV aparıcısı Ayşə İsazadə sözügedən məsələyə toxunaraq qeyd edir ki, müsahibə zamanı elə səmimi və rahat ortam yaratmaq lazımdır ki, müsahib fikirlərini ifadə etməkdə çətinlik çəkməsin, süni əngəllər onu sıxmasın. Bu, həm də, efir vaxtı müsahibin nə danışacağı barədə jurnalistdə müəyyən fikir formalaşması və söhbətin istiqamətini müəyyən etməyin nisbətən rahat olması baxımından vacibdir. Bəzən şəhid analarının və ya övladlarının efirdə hönkürtü ilə ağlamasına gəlincə, İsazadə hesab edir ki, onları bu şəkildə efirə vermək düzgün deyil: “Bizim məqsədimiz şəhidimizi tanıtmaqdırsa, o zaman onların mərdliyindən, igidliyindən, qəhrəmanlığından danışmalıyıq və söhbəti də bu istiqamətdə aparmalıyıq. Reytinq naminə efirdə ailə üzvlərini incidən, ağladan sualların verilməsinin qəti əleyhinəyəm”.

Kvant psixoloqu Gülnara İnanc ümumilikdə şəhid ailələri və qazilələrlə bağlı davranışı belə izah edir: “Şəhid  ailələri və qaziləri ucaltmaq, onları yeni həyat üçün motivasiya etmək lazımdır. Bu iş, çox ehtiyatla, mərhələli və fərdi aparılmalıdır. Heç bir halda insanın özünə acımasına, yaxud kənardan onlara kiminsə acımasına da imkan vermək olmaz”.

Psixoloqun izahına görə, ağlamaq terapiyadır, amma üç gündən artıq olanda depressiya yaradır. İndi televiziya verilişlərinə dəvət olunanlar arasında şəhidlərin yaxınlarının təqdimatı zamanı kədər, ağrı-acı önə çəkilir. Sözügedən kateqoriya insanlarla həm psixoloji yardım, həm də ictimaiyyətə təqdimat zamanı empatiya qurulmalı, amma onlar dərdli insanlar kimi təqdim olunmamalıdır. Gülnarə İnanc bütün hallarda güclü sevgi nümayişinin vacibliyini önə çəkir. Hesab edir ki, şəhid  ailələri və qazilərə göstərmək lazımdır ki, qazilər, keçmiş hərbçilər, şəhid ailələri bizim ürəyimizdədir. İctimai şüura da bu, təlqin olunmalıdır.

Mediada şəhid və qazilərlə bağlı xəbərlərdən digər şəhid ailələri və qazilər necə təsirlənir?

Birmənalı şəkildə demək olar ki, müharibədə döyüşənlərin hamısı qəhrəmandır, onlardan kimlərinsə qəhrəmanlığı azaldılmamalı, fədakarlığına kölgə salınmamalıdır. TV-də şəhidlə bağlı reportaja baxan digər şəhid ailəsi, anası, övladı, həyat yoldaşı yaxınının da belə işıqlandırılmaması sarıdan məyus olmamalı, özünə “Mənim atam, qardaşım, həyat yoldaşım qəhrəman deyilmi?” sualını verməməlidir. Jurnalist  mövzuya həssas yanaşmasa, bu, həmin insanların kədərini və narahatlığını daha da artıracaq. Bəzən şəhid ailəsi və qazi ilə bağlı əvvəlcədən kifayət qədər məlumat əldə etməsinə baxmayaraq, çəkiliş zamanı jurnalist şəhidin yaxınlarının, döyüş yoldaşlarının və ya qonşunun verdiyi hər məlumata diqqətlə qulaq asılmalıdır, çünki ortaya daha maraqlı, fərqli məqamlar çıxa bilər və müsahibini diqqətlə dinləyən reportyor suallarının istiqamətini indi eşitdiyi faktlara əsasən dəyişə bilər. Amma efirə gedən bəzi reportajlarda müsahibin dediyi faktın üzərindən ötüb keçildiyini də şahidi oluruq.

Veteran jurnalistlərdən Vendel Rauls (Wendell Rawls) özünün müsahibə texnikasını izah edərkən belə deyir: “Müsahiblərinə onun haqqında nələr bildiyini demə. Suallarını ver” .  Veteran jurnalistin dediyini bütün müsahibə növlərinə aid etmək olar. Şəhid ailəsi və ya qazilərlə müsahibələrdə də jurnalistdən bildiklərini deməyi, müsahibə zamanı danışmağı  tələb olunmur. Jurnalistin əldə etdiyi məlumatlar onun  hadisə, mövzu barədə məlumatlı olmasını göstərir, əslində, yeri gələrsə jurnalist əldə etdiyi məlumatları qabarda və o istiqamətdə suallar verə bilər.

Şəhid ailələri və qazilərlə bağlı hazırlanan reportajda məlumdur ki, müharibə, şəhidlik və ya qazilik öndədir. Amma reportajın fokusu müharibənin insan taleyinə vurduğu yara, o yaranın dərinliyi, ömür boyu sürəcək travma və ya müharibədən sonra yaşanacaq həyat, nikbin gələcək də ola bilər. Bu, jurnalistin mövzuya yanaşmasından, müşahidəsindən və  yaradıcı fantaziyasından asılıdır. Ancaq bütün hallarda reportajın ürək kimi döyünən xəttini tapmaq lazımdır və bu çox mühümdür.

Şəhid ailələri və qazilərlə bağlı reportajlarda əvvəlcədən aparılan hazırlıqlar içərisində texniki hazırlıq daha mühümdür. İnsan dərdini bir dəfə kameraya danışa bilər, ikinci dəfə o hisslərə qayıtmaq və müsahibə “texniki problemə görə üzr istəyirik, dediklərinizi bir də təkrar edin” demək olmaz.

İndi də çəkiliş məkanlarına nəzər salaq. Şəhid və qazilərlə bağlı çəkilişlərdə daha çox bir məkana üstünlük verilir, müsahiblər növbə ilə eyni yerdən danışırlar, arxa fonda şəhidin fotosu olur. Müsahiblərin əksəriyyətinin eyni məkanda danışması yol verilməzdir. Məkanlar müxtəlif olmalıdır. Şəhidin fotosunun fonunda, həyətdə, dostunun evində və s.  Məkan müxtəlifliyi, kadrların çoxluğu mövzunu dinamik və daha baxımlı edir. Bundan başqa şəhid və qazilərin sosial mediada keçmiş fəaliyyətinə nəzər salmaq, onun iştirak etdiyi tədbirlərdə, toylardakı görüntülərindən, ad günlərindəki çıxışlarından və s. maraqlı məqamlara da toxunmaq, təqdim etmək olar. 

Ümumi standartlarda deyildiyi kimi, müsahibənin sonunda “bəlkə danışmaq istədiyiniz nəsə var, soruşmadım, buyurun danışın” deyə sual vermək də olar.

Şəhidin yaxınlarının, qazilərin yaralarına, travmalarına toxunmaq olar, amma göynətmək üçün yox, məlhəm olmaq üçün.

Çəkici başlıqlar, xəbər yüklü, diqqət çəkən fraqmentlər çox az təqdim edilir. Bugünkü reportajların çoxu keyfiyyət yox, kəmiyyət istiqamətlidir.

Əgər reportyor özünə “mənim bu süjetimin fərqliliyi nədir?” sualını versə, demək ki, bu “həyat hekayəsi” sıradan, hesabat xarakterli bir iş deyil, yalnız redaksiya iclasındakı tələbə görə hazırlanmayıb.   

Vətən Müharibəsi Azərbaycan adlı dövlətə 2855 şəhid qazandırdı. Simvolik olaraq bu rəqəm tarixləşəcək, yaddaşlarda belə qalacaq. Amma Vətən Müharibəsindən əvvəl də, sonra da ölkə torpaqların azadlığı, təhlükəsizliyi uğrunda şəhidlər verib, verir, verəcək. Demək bütün şəhidlərimizin hamısı haqqında reportajlara ehtiyac var, bu, həm cəmiyyətin tələbidir, həm də onların ailələrinin təskinlik tapdıqları bir məqam, sabaha olan inam, güc və birlikdir. Şəhidlərin özləri sıradan biri olmadıqları kimi, onlar haqqında yaradılan reportajlar da sıradan olmamalı, peşəkar işlənilməlidir. Ən azı bu Vətən oğullarının həyatlarının, döyüş yollarının müəyyən bir məqamını göstərmək üçün. Axı bu video-materiallar da tarixə düşür. İllər keçəcək, bu kiçik video-materiallar insanların qarşısına çıxacaq və onlar Azərbaycanın qəhrəmanlarını tanıyacaq, xatırlayacaqlar.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.