Tənha aprel

Tənha aprel

Aprelin 13-üdür, yazın sevimli ayıdır, illərdən 2020-ci ildəyik. Bu il təqvimə hər işin, arzuların gerçək ola biləcəyi bir il kimi daxil olmuşdu. Artıq bir neçə aydır ki, 2020-ci ilin təlatümü hər tərəfi çalxalayıb qarışdırıb, bilmək olmur kimə və nəyə inanasan. Dünya pandemiya adlı terminin təsirində qalıb, nələrsə baş verir-qorxmalı, ağlamalı, gülməli vəziyyətlər qarışıqlığı dolaşığa salıb. Fikirləşdikcə inanmaq, düşündükcə səbr etmək istəyirsən, vəziyyət nə vaxtsa düzələr. “ Hər şey yaxşı olacaq” deyiminə inanıb özümüzdə güc tapa biliriksə, deməli inandığımız bizi tək qoymayacaq .

Şəhərlər bu neçə ayda öz həyatına dəyişiklik etdi-işlər dayandı, yola çıxmaq, hansısa restoran-kafedə əyləşmək, ad günü, toy şənlikləri, ali və orta məktəblərin fəaliyyəti dayandırıldı. Teatrlar, musiqi salonları və daha nələr rəsmi olaraq müvəqqəti bağlandı. Dünya boşalıb sanki, şəhərlər adam sıxlığından, avtomobillər sürətindən qalıb - dünyamız bir növ dincəlməyə macal tapıb. Bir tərəfdən də ömürlər seyrəlir, adamlar seyrəlib - dünya genəlib.

Zaman qopardıqlarını bərpa edə bilsəydi, biz görəsən, nələri seçib götürmək istərdik, nələri kəsib atardıq, kimləri itirib, kimləri axtarardıq? Çətin də olsa, belə şəraitdə sınaqlar önündə yol tapıb irəliləmək fərasət işidir. Bir tərəfi ac-yoxsul, digər tərəfi tox-zəngin  olan dünyanın qəzəbi necə yarandı?

Heç də hər kəsə ədalətli, adil davranmadığını görənlərin gözündə dünya indi hansı ölçüdədir? Bəlkə, elə adil ola bilmədiyindən dünya ölçülərini itirib, düzənini yenidən  qurub yaratmaq istəyir. Birinin arzusundan, ömründən, digərinin qazancından kəsib götürən, harda gəldi parçalanan əcaib dünyamızdan bir də doğulmayacaq - nədirsə, budur. Belə bir dünyanı dəyişdirə bilmək böyük zəhmət, əmək və fədakarlıq tələb edir .  İnsanlar müharibələri, itkiləri, yenilikləri olan dünyanı necə qurub-yaradıbsa, yenidən səliqəyə salmaq çətinləşib .

Dünya tənha qalıb, insan zəkasından bir-birinə qarışıb. Əziyyətlər, dolaşıqlıqlar, elə bil insanları qınayır. Bir neçə böyük dövlətin ağlına tuş gəlib - necə istəyirlərsə, o cür idarə edirlər. Deməyək ki, dərddən boşalıb, dünya hökmündən yadlaşıb.

Yazın sevimli ayı apreldəyik, pandemiya səbəbindən yazın bu gözəl ayı xasiyyətini dəyişib qışa dönüb. Sağ-salamat yazdan keçib yayımıza qovuşmaq ümidilə yaşayırıq.

Apreldəyik - yazın sevimli ayıdır, ağaclar çiçəkləyir, arzular, ümidlər də bu cür çiçəklərdən böyüyüb yetişəcək, bəhrəsini verəcək, özünü istədiyi yerdə tapa biləcək.

Dünyanın havasına adamlar kimi şəhərlər də seyrəlib. Aprel də dəyişib, indi tənhalaşıb.

Şəhərimiz boş qalıb - tənhalıqda dincəlir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.