Yeni dünya nizamı qurulur: Mövcud dünya nizamının önündə gələn ABŞ necə hegemon dövlət olmağı bacarmışdı?

Yeni dünya nizamı qurulur: Mövcud dünya nizamının önündə gələn ABŞ necə hegemon dövlət olmağı bacarmışdı?

2020-ci il olduqca həssas dönəmdir. Gözlərimiz qarşısında yeni dünyanın qurulması baş verməkdədir. İlin əvvəlindən COVID-19 virusunun bütün planetə yayılması, son həftələrdə ABŞ-da qaradərilinin polislər tərəfindən öldürülməsini “bəhanə” edərək, insanların bütün 50 ştatda aksiyalar keçirməsi, generalların Trampa qarşı çıxışları-bütün bunlar okeanın o tayından başlayaraq ən üst kuluarlarda ciddi mübarizənin getməsinin işarəsidir. Bu il ABŞ-dakı prezident seçkiləri COVID-19 virusundan heç də az əhəmiyyətli siyasi proses deyil. Tramp və ya Baydenin qalib gəlməsinin nəticələrini dünyanın bütün nöqtələri növbəti 4 ildə hiss edəcəklər.

Yuxarıda qeyd edilənləri düzgün təhlil etmək və qavramaq üçün - mütləq şəkildə ABŞ-ın dünya gücü kimi formalaşması tarixinə nəzər salmaq lazımdır.

İstiqlaliyyət müharibəsi ABŞ-ın iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdı. 1800-cü ildə prezident seçilmiş T.Ceffersonun hakimiyyəti dövründə dövlətçilik möhkəmləndirildi, seçki senzi ləğv edildi, borclular və məhbuslar üçün daha humanist qanunlar qəbul edildi. Qərbə doğru hərəkat genişləndirildi. İngiltərənin Şimali Amerikadakı müstəmləkələrini geri qaytarmaq cəhdi 1812-ci ildə müharibəyə səbəb oldu. İngiltərə məğlub oldu və 1814-cü ilin dekabrında Kent müqaviləsini imzaladı. Müqaviləyə görə İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkdi (sonradan ABŞ və İngiltərə vahid güclər tərəfindən idarə ediləcəkdi). XIX əsrin əvvəllərində Avropada aparılan aramsız müharibələr ABŞ-a öz ərazisini genişləndirmək imkanı vermişdi. Luiziana, Florida, Texas və Şimali Kaliforniya torpaqları hesabına ABŞ-ın ərazisi üç dəfədən çox artmışdı.

XIX əsrin sonlarına doğru Alman və Yapon işğallarının ortaya çıxması ABŞ-ı təhdid etməyə başlamaqda idi. Eyni zamanda, ispanlar, hollandlar, portuqaliyalılar və digərləri Latın Amerikası üçün mübarizəyə başlamışdılar. O dövrdə hələlik güclü olan Qərbi Avropalıların üstün mövqedə olması,  Cənubi və Mərkəzi Amerika qitələrini işğal etmə təhlükəsi qarşısında 1823-cü ildə ABŞ prezidenti Ceyms Monronun müraciəti Konqresdə oxundu. “Monro doktrinası” kimi tanınan bu müraciət “Müqəddəs ittifaq”ın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü. “Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. Onsuz da hələlik zəif olan ABŞ-ın Avropaya müdaxiləsi mümkün olmadığından “Monro doktrinası” “Amerika yarımkürəsində” ABŞ-ın nüfuz dairəsini genişləndirmək imkanını artırırdı. Beləliklə, Avropanın tədricən Latın Amerikasından çıxmasının əsasını qoyan bu doktrina, sonralar Avropanın Amerika dövlətlərinə müdaxiləsinə yox, tam əksinə, Vaşinqtonun bütün dünyanın daxili işlərinə qarışmasına gətirib çıxaracaqdı.

ABŞ geosiyasəti haqqında danışarkən mütləq şəkildə “atlantizm” nəzəriyyəsini də vurğulamaq lazımdır.

Ümumiyyətlə, bu dövr həm də ingilis-amerikan geosiyasi məktəblərinin yaranması ilə üst-üstə düşür. Tarixdə anqlo-sakson sivilizasiyası kimi tanınan Britaniya - ABŞ tandemi XIX əsrin sonlarından başlayaraq dünyanın geosiyasi mənzərəsini dəyişəcək siyasətin əsasını qoymaqda idi. Klassik anqlo-saks geosiyasi məktəbinin Amerika istiqamətinin əsasını ABŞ geosiyasi məktəbinin əsas yaradıcılarından biri Alfred Mehen qoymuşdur. Geosiyasi ədəbiyyatda “dəniz hökmranlığı” konsepsiyasının banisi Mehen yazırdı ki, yer kürəsində 30-cu və 40-cı paralellər arasındakı ərazilər “münaqişəli zonalardı”. Onun fikrincə, bu ərazidə okean sahillərinə nəzarət edən ABŞ və Böyük Britaniya ilə Avrasiya qitəsinin mərkəzində yerləşən dövlətlərin, Almaniyanın, Rusiyanın maraqları daimi və məcburi toqquşma tələb edir. Onun fikrinə görə, dəniz imperiyalarının maraqları və mövcudluğu üçün qitə dövlətləri daim Avrasiyanın daha dərinliklərinə sıxışdırılmalıdır, dəniz imperiyası sahilboyu əraziləri zəbt etməli, düşməni hərbi bazalarla həlqəyə almalıdır. Mehen bildirirdi ki, dənizə sahib olmaq, onu nəzarətdə saxlamaq və ondan səmərəli istifadə etmək həmişə dünya tarixində böyük rol oynayacaq. Doğrudan da, bu gün ABŞ-ın dünya hegemonluğu uğrunda okean və dəniz sularında ağalığa sahib olması buna bir misaldır. ABŞ-Rusiya, ABŞ-Çin qarşıdurmasında Vaşinqtonun Aralıq və Qara dəniz sularında Moskva ilə, Çinin şərq sahili sularında isə Pekinlə qarşı-qarşıya gəlməsi Mehen, Makkinder kimi geosiyasətçilərin tezislərini bir daha təsdiq etməkdədir. Mehen eyni zamanda dəniz vasitəsi ilə ticarətin rentabelliyinə işarə edərək, ticarət gəmilərinin yan aldığı sahil zolaqlarında hərbi donanmanın olduğu bazaların əhəmiyyətini də vurğulayırdı.

ABŞ-ın dünya dövlətinə çevrilməsi üçün, Mehen özü ilk praqmatik təkliflər hazırlamış və praktik tövsiyələr irəli sürmüşdür. Mehen ABŞ-ın Britaniya ilə fəal şəkildə əməkdaşlıq etməsini, almanların dəniz iddialarına qarşı çıxmasını, Sakit okeanda Yaponiyanın üstünlüyünə son qoymasını, Asiya xalqlarına qarşı mübarizədə Avropanın tərəfində dayanmasını tövsiyə edirdi. Onun fikrincə, ilk növbədə Rusiya, Çin və Almaniyanı aradan götürmək lazım idi. Doğrudan da, o, haqlı idi. Okeanın o tayında oturan strateqlər Vaşinqton üçün ən optimal xarici siyasət strategiyasını düşünərək I dünya müharibəsini başlatdılar. O zaman Rotşild və Rokfellerləri dinləməyən Almaniya, Avstriya-Macarıstan və Rusiya imperiyasını parçalamaq, onların yerinə öz adamlarını hakimiyyətə gətirmək lazım idi. Və, belə də edildi. Tezliklə hər üç rejim dağıdıldı, müharibənin yekunu olaraq dünya ABŞ tərəfindən idarə edilməyə başlandı (hazırda da Vaşinqton Almaniya (Aİ) - Rusiya yaxınlaşmasına böyük səylə mane olmaqdadır).

XX əsrdə hər iki dünya müharibəsindən sonra daha da güclənən məhz Amerika Birləşmiş Ştatları və onun strateji xarici siyasət konsepsiyası idi. 1913-cü ildə müharibənin  başlanmasına bir müddət qalmış ABŞ-da federal rezerv sistemi qurulur. Dolların dünyadakı ağalığını təmin etmək, Britaniya və ABŞ-ın dünyada hegemonluğunu qurmaq üçün rəqibləri zəiflətmək lazım idi. Onlara qarşı birbaşa müharibə mümkün deyildi. Deməli, onları bir-birinə qarşı vuruşdurmaq labüd idi. Rusiya, Almaniya, Osmanlı dövləti, Fransa adi imperiyalar deyildi. Onlarda oturuşmuş maliyyə sistemləri mövcud idi. Lakin artıq müharibənin sonunda, istər qaliblərin, istərsə də, məğlubların yeni maliyyə qrupuna külli miqdarda  borcları olacaqdı.

Birinci dünya müharibəsinin nəticəsi olaraq dünya yeni sistemə - Versal sisteminə keçid etdi. Beləcə, 1919-cu ildə ABŞ, Britaniya və Fransa Avropanın taleyini bölgənin son əsrlərdəki digər gücləri olan Rusiya və Almaniyasız həll etdilər. ABŞ-ın yalnız müharibənin sonlarına yaxın almanlara qarşı müharibədə iştirak etməsinə baxmayaraq, 1914-cü ildən savaşan rus ordusu və Peterburqun maraqları Versalda nəzərə alınmadı. Əvəzində, dünya qızıl ehtiyatlarının 40%-ı müharibə zamanı ABŞ-a təcili şəkildə göndərilmişdi. Eyni zamanda İngiltərə, Fransa, Almaniya, Rusiya və digər dövlətlərin federal rezerv sisteminə milyardlarla dollar borcu var idi.

1918-ci ildə ABŞ prezidenti Vilsonun Millətlər Liqasını təklif etməsi və 14 maddədən ibarət təkliflər irəli sürməsi Vaşinqtonun yeni dünya nizamının başına gəlməsi idi. Lakin Vaşinqton deyərkən, bu, ABŞ dövlətinin və ABŞ xalqının dünyanın ağası olması kimi başa düşülməməlidir. Söhbət okeanın o tayında oturan və dünya ağalığına start verən ailələrdən, qruplardan gedir ki, XX əsr boyu onların siyasətinə qarşı çıxan bir sıra ABŞ liderlərinə qarşı da amansızlıqları ( sui-qəsdlər) ilə seçildilər.

Beləliklə, yeni dünya sisteminin qurulmasında ABŞ-da oturan bankir qruplar əsas subyekt rolunu oynayacaqdılar.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.