
Qara günlərin şahidi - Ağdam Cümə məscidi
“Azərbaycan xalqı öz dini və mənəvi ənənələrinə sadiq olan xalqdır. Biz hesab edirik ki, bu sahədə işlər daha da sürətlə aparılmalıdır. Azərbaycanda din, vicdan azadlığı tam şəkildə təmin edilibdir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində çıxışı zamanı vurğulayıb.
Ölkəmizdə vicdan azadlığı bütün dövrlərdə qorunub, qədim zamanlardan Azərbaycanda yaşayan azsaylı xalqlara, onların inancına xüsusi hörmətlə yanaşılıb.
2016-cı ildə “Multikulturalizm ili”nin elan edilməsi, ölkəmizdə keçirilən humanitar forumlar, Roma Papası Fransiskin və digər yüksək titullu din xadimlərinin respublikamıza səfərləri, habelə bugünədək 992 dini qurumun dövlət qeydiyyatına alınması, 2253 məscidin mövcudluğu, 16 kilsə və 7 sinaqoqun fəaliyyət göstərməsi Azərbaycanda vicdan azadlığının yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Ölkəmizdə vicdan azadlığı Azərbaycan Respublikasının Konstitusiya ilə də qorunur. Konstitusiyanın 25-ci maddəsində qeyd edilib ki, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Azərbaycanda demək olar ki, bütün dini abidələr bərpa edilib. Bəzi müəlliflər qeyd edir ki, Qafqazda tikilən ən qədim kilsə belə məhz Azərbaycandadır, daha dəqiq desək Şəkidəki Kiş kəndindəki kilsədir.
2020-ci ildə müzəffər Azərbaycan Ordusu Ali Baş Komadanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı düşməndən azad edib. Bunun nəticəsində həmin torpaqlarımızda məscidlərin böyük əksəriyyətinin dağıdıldığının, bəzilərinin isə tövlə və digər məqsədlər üçün işlədildiyinin şahidi olduq. Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistana kaputilyasiya aktı imzalatdırdıqdan sonra işğaldan azad edilmiş torpaqlara ilk səfərini Ağdamdan, məhz Ağdam Cümə məscidindən başlayıb.
“Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.
Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib”.
Bu sözləri ölkə başçısı İlham Əliyev Ağdama ilk səfəri zamanı bildirib. Dövlət başçısının Ağdam məscidinin qarşısında bu çıxışı onun dini abidələrə verdiyi önəmin bariz nümunəsidir.
Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
Amma Azərbaycan hökuməti həmişə dini abidlərin bərpasına böyük önəm verir. Xüsusi dini-mənəvi və tarixi-mədəni əhəmiyyət kəsb edən Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir, Əjdərbəy, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində təmir və yenidənqurma işləri aparılıb. Şamaxı Cümə məscidi və Gəncədə “İmamzadə” dini-mədəniyyət abidəsi əsaslı bərpa edilib, Bakıda Qafqazın ən böyük məscidi olan Heydər Məscidi (2014), Hacı Cavad Məscidi (2018) və dağ yəhudiləri üçün sinaqoq (2011), Nic qəsəbəsindəki Alban kilsəsi, Jen-Mironosits kilsəsinin yerləşdiyi ərazidə Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi tikilərək dindarların istifadəsinə verilib.
Ağdam Cümə Məscidi isə 1868—1870-ci illərdə Kərbəlayı Səfixan Qarabağinin memarlığı əsasında tikilib. Məscid Ağdam rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsidir. Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma verib. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub, qadınların ibadəti üçün nəzərdə tutulub. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.
Abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Cümə məscidi işğal zamanı qismən dağıdılıb. “Associated Press” qeyd edib ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanıb və divarı qraffiti ilə vandalizasiya edilib. Məscidin interyeri baxımsız və dağıdılmış vəziyyətdədir.
Bakı Dövlət Universitetinin professoru, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov APA-ya açıqlamasında bildirib ki, istər Ağdam, istərsə də ümumilikdə Qarabağ məscidlərinin özünəməxsus xüsusiyyəti var idi:
“Amma bütövlükdə bu məscidlərin hamısı İslam dininin çalarlarına, mahiyyətinə uyğun idi. Bununla bərabər o məscidlərdə millilik, nisbətən müasirlik daha güclü idi. Ağdam Cümə məscidində də milli xüsusiyyət məscidin zahiri görünüşündə, tikilişində daha güclü idi. Eyni zamanda məscidin görünüşündə Ağdam regionunun, Azərbaycanın mədəniyyətini, qədimliyini əks etdirən çalarları var idi. İşğal dövründə məscidin millilik xüsusiyyətləri vandalizmə məruz qalmışdı, həmin çalarlar dağıdılmış, itirilmişdi. Millilik xüsusiyyətləri dağıdıldığı üçün sadəcə məscid görüntüsü qalmışdı. Ermənilər Qarabağ məscidlərini, eyni zamanda Ağdam Cümə məscidini dağıdan zaman ilk növbədə çalışıblar ki, milli Azərbaycan və İslam xüsusiyyətlərini əks etdirən nə varsa məhv etsinlər. Eyni zamanda işğal dövründə məscidlərmiz təhqir olunub. Bəzən məscidlərimizi erməniləşdirməyə, öz erməni xüsusiyyətlərinə uyğun etməyə çalışıblar, alınmayanda isə dağıdıblar”.
Hazırda Ağdam Cümə məscidinə məsul olan şəxs Mehman Nəsibov APA-ya açıqlamasında bildirib ki, məscid işğaldan əvvəlki dönəmində Qarabağ ərazisində mərkəz rolunu oynamışdı:
“Bütün ətraf ərazilərdən ibadət edən şəxslər, kəbin üçün müraciət edənlər Ağdama üz tuturdu. 1868-ci ildə o ərazidə elə möhtəşəm məscidin tikilməsi onu göstərir ki, o dövrdə orada potensial var idi. Məscid tikiləndə ərazinin potensialı əsas götürülür. Məscidin tikilişi, genişliyi, möhtəşəmliyi onu göstərir ki, o ərazidə yaşayan insanlar ibadət üçün ora gələrmiş.
Yadımdadır ki, bir gün Xocalının deputatı Xındırıstan məscidinə gəlmişdi. O, işğaldan əvvəl Ağdam Cümə məscidinin axundu olan, Ağdam işğal olunduqdan sonra isə müvəqqəti olaraq Xındırıstan kənd məscidinin imamı olan rəhmətlik Hacı Baratla görüşdü. O, Hacı Barata dedi ki, “Sovet dönəmində kəbinimi sən kəsmisən”. Hətta Şuşanın axundunu da o dövrdə Hacı Barat Ağdamdan aparmışdı. Yəni bütün ətraf ərazilərin ən əsas məscidi Ağdam məscidi sayılırmış. Ağdam işğal olunandan sonra Hacı Barat Ağdam rayonunun qazisi idi. Mən 2012-ci ildən Hacı Baratın müavini olmuşam.
Ağdam Cümə məscidi həm də Xocalı faciəsinin əsas şahidlərindən olub. Soyqırım zamanı həm şəhidlər, həm də Xocalıdan düşən qaçqınlar məsciddə yeləşdirilib. Həmin şəxslər bir müddət məsciddə qalıb. Hacı Barat Xocalı faciəsini xatırlayan zaman deyirdi ki, Xocalıda vəhşicəsinə öldürülənlərin bəziləri donmuşdu. Hətta bir neçə şəhid donaraq bir-birinə birləşib. Məsciddə isti su ilə yuyaraq onları bir-birindən ayırmaq mümkün olub. Ermənilər tək özümüzə yox, mədəni, dini abidələrimizə də düşmən olublar. Məscidlərimiz dağıdılıb, hətta işğal dövründə məscidlərimizdə İslam dinində murdar sayılan heyvan da saxlanılıb”.
Mehman Nəsibov deyir ki, Sovet dönəminin son dövrlərində məsciddə mədrəsə də fəaliyyət göstərib. Hətta Bərdədən, Ağcabədidən də orada təhsil alanlar olub. Bir neçə gün əvvəl bir kitaba rast gəldim. Kitab Hicri təqvimi ilə 1331-ci ilə təsadüf edir. İndi Hicri təqvimi ilə 1443-cü ildir. Həmin kitabda da qeyd edilir ki, həmin dövrlərdə Şeyx Murtuza Ağdam məscidində tədrislə məşğul olub. Yəni ta qədimdən Ağdam məscidində Quran tədris olunurdu. Bu kitabın çap olunması təxminən Ağdam məscidinin tikilməsinə təsadüf edir”.
Hazırda işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq, abadlıq işləri aparılır. İlk bərpa olunan mədəni, dini abidələrimizdən biri isə Ağdam Cümə məscididir. Mehman Nəsibov deyir ki, həmin məsciddə təmir işləri aparan Avstriya şirkəti ilə görüşüb, diskussiya aparıblar:
“Ağdam Cümə məscidi hazırda çox gözəl şəkildə düzəldilir. Orada təmir aparan şirkətin nümayəndəsi dedi ki, “biz ilk olaraq orqamentləri tapmaq istəyirik”. Sovet dönəmində məscidin kənarlarına mərmərlər vurulmuşdu. Amma o məscid birinci tikiləndə mərmər olmayıb. Tikinti aparan şirkət də istəyir ki, ilk görünüşündə vəziyyətinə qaytarsınlar. Məscidin üzərindəki yazıların əksəriyyəti Qurani-Kərimin ayələridir. Hətta məscidin qülləsində də Qurandan ayə yazılıb. Həmin yazı “Tövbə” surəsinin 18-19-cu ayələridir. Tarixi abidlərin bərpası çox zaman aldığına görə yəqin ki, məscidin bərpası da bir müddət çəkəcək. Amma məscidin bərpası üçün güclü iş gedir”.
Əminik ki, Ağdam əhalisi öz doğma torpaqlarına geri qayıdanda tarixi, mədəni xüsusiyyətləri ilə fərqlənən Ağdam Cümə məscidi də tam bərpa olunacaq.
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.