#
# 18:08
4 aprel 2023

Vatikan katolik kilsəsi, Müqəddəs İsidorun xəzinəsi

Ötən əsrə qədər geniş yayılmış əlaqə vasitələri sırasında əvvəlcə qələmlə parça və kağız üzərinə yazılan məktublar əsas yer tuturdu, onu da fərdi qaydada çaparlar vasitəsilə  birindən digərinə ötürürdülər. Sonra səyyar daşıyıcı poçtlar yaradılmağa başladı. Teleqram, teleqrafın yaranması ilə iş və ev də daxil olmaqla, yaxın-uzaq məsafəli şəhərlərarası, şəhərdaxili danışıq xidmətləri dövrü başladı, sonra yeni tərtibat və sürətli ötürücülüyə malik telefonlar icad olundu.

Fərdi telefonların yaranması ilə ona olan tələbatın nə qədər böyük olduğunu görə bilirik. İndi isə belədir, əvvəlki dövrdən fərqli olaraq, ev, iş telefonlarına o qədər də ehtiyac olmur, daha çox mobil telefon adlandırdığımız cib və ya əl telefonuna, kompyuterə, noutbuka üstünlük vermişik. Buna güc verən dalğanın sayəsində onsuz qala bilmirik, səhərdən axşama qədər onun resurslarından fərqli qaydada istifadə edirik - onun sayəsində bir sıra şəbəkələr mövcuddur. Hərdən aludəçilik yaratsa belə, ona olan ehtiyaclar tükənmək bilmir. Hər yerdə onu axtarırsan - uzaq səyahətlərdə, dağın başında, çayın, dənizin kənarında, çimərlikdə də bu vasitəyə ehtiyac duyulur. Tanımayana tanıdır, bilməyənə öyrədir. Darıxanı darıxmağa qoymur, dost-tanışdan, ailədən - hamıdan eyni vaxtda xəbərdar olmağın yolunu göstərir. Kim nə iş görür, kimin nəyi, hansı uğuru, problemi varsa, onun sayəsində daha tez bəlli olur, yayılır, hər cür məlumat həm görüntülü, həm də yazılı şəkildə dünyanın bir ucundan başqa tərəfinə ötürülür. Onlara inanırıq, cavabsız qalanda susuruq, sualımız olanda ünvanlayırıq, danışırıq, yazışırıq. O, həm də bir çoxu üçün su, qida qədər vacib amilə çevrilib. 

Son zamanlar hər şey sürətlə inkişaf edir - dünyanın hər növ xəbərlərini, prosesləri eyni anda hamıya müxtəlif dildə çatdırmaq olur. Sanki dünya hərdən böyüyür, məhvərindən, hədəqəsindən çıxır, hərdən də kiçilir, daralır və hər halıyla onun sayəsində nə baş verdiyindən, nələr olacağından agah oluruq. Sanki dünyanı o dəyişdirir - böyüdən, kiçildən, bölən, idarə edən və tanıdan da odur. Şəhərbəşəhər, kəndbəkənd gəzir, suda,  quruda hər yeri dolanır, sürətinə sürət qatır, o sənə çatır, sən isə haralara gedirsən.  Radiasiya təhlükəsi olan vasitələr sırasında öndə gedir, buna baxmayaraq, uşaqdan böyüyə kimi hamılıqla gündəlik tələbatımızda ona mühüm yer ayırmışıq. Onu ailəmizə, işimizə, fəaliyyətimizə daxil etmişik. Onun sayəsində həm də hər cür müxtəliflikləri fərq edə bilmişik, öyrənmişik, maariflənmişik, bir növ axına  düşmüşük. Bu axında kimisi tora düşür, kimisi hardasa nə vaxtsa düşdüyü tordan - bəladan çıxa bilir, kimisi də sadəcə izləyərək keçib gedir. Bu vasitənin, bu yolun köməyi ilə  dostluqlar qurulub, düşmənliklər yaranıb. Bu vasitə həm də bəzilərinə peşmanlıq gətirib, digərlərini isə qürurlandıra, öyündürə  bilib. Hər işin başından sonuna kimi ondan keçən bir yolumuz olur. Biz bunun səsli və səssiz formasına da alışmışıq. İstədikdə, sevdiyimiz musiqiyə qulaq asırıq, kiməsə sözümüz olanda rahat yazırıq və gecikmədən dərhal qarşı tərəfə çatır. Haqqında yazdığım bu vasitə İnternet, bu yol İnternet yoludur.

Onun bariz nümunəsi isə sosial şəbəkələrdir.

Neçə əsrdir ki, qapalı, yaxud da açıq şəkildə Vatikanı həm də mühüm hadisələrdə, proseslərdə öz qərarları ilə, təsir gücü ilə seçilən qüvvə kimi tanıyırıq. Əslində, Vatikan kilsəsi başqa bir mövzudur, ancaq İnternet tarixində də bu kilsənin özünəməxsus yeri var.  Vatikan kilsəsinin əhəmiyyəti o qədər yüksəlişdə olub ki, müasirlikdə də öz gücünü göstərə bilir. Vatikan 1998-ci ildə onu “İnsan bilikləri xəzinəsi” adlandırır. 2000-ci ildə isə yeni bir qərar verir, İnternetə himayədar təyin edir. Həmin himayədar himayəçi  statusuna layiq görülən şəxs Sevilyadan olan Müqəddəs İsidor olur. Bu, Roma Papası İohann Pavelin qərarı idi.

Çarpaz istinad sistemləri şəbəkələr yaradılır. Qlobal şəbəkələrdə sistemlər dəyişir, yeni-yeni bağlantılar, istinadlar  qurulur. Hiper gücə malik internet dalğaları hamımızı ağuşuna alır. Dünya hərdən qloballaşır, hərdən fəallaşır, hərdən də haralarda isə çarpazlaşır... Burda hər şey var - o yer həm də ensiklopediyanı, başqa xəzinələri xatırladır. Burda Doğum da var, Ölüm də var. Hər cür bilikləri olan bu məkanın adı İnternetdir. Bax, gör, İnternet necə yaradır, nələri xatırladır? Bu gün aprelin 4-dür. Tarixin bu günü bizə 4 Apreli - Ümumdünya İnternet gününü xatırladır. 

Arada durğunluq olur, dalğa hamını aparır. Vatikan katolik kilsəsini - İohann Pavelin unudulmaz qərarını xatırlayırıq... Bu gün həm də müqəddəs İsidorun günüdür. 

İnternetdə xəbərlər dolaşır, insanlar axın-axın gedir, hamı bir yoldan gedir, bəzisi də  yolunu dəyişir - bu yol İnternet yoludur. İnternet yolunda bilərəkdən, bilməyərəkdən axına qoşuluruq, bu axında dalğalar gah ləpələnir, gah da burulğan yaradır. Hərdən hər şey qarışır. Bu yol su kimidir - adamları hara gəldi aparır, hərdən suyun üzərində saxlayır, hərdən dəryalara qərq edir, hardasa boğub-batırır.

Bir də görürsən ki , dalğa hamını aparır...

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR