Əlahəzrət KİTAB, qarşında baş əyirik!

Əlahəzrət KİTAB, qarşında baş əyirik!

Məlumdur ki, hələ ən qədim zamanlarda mütaliə bacarığına cəmiyyətin yalnız ən yüksək təbəqəsinə aid insanlar malik idilər. Şumerlərin gil lövhəciklərinin, ümumiyyətlə şumer sivilizasiyanın tədqiqi nəticəsində oxu, yazı və hesablama qabiliyyətinə yalnız imkanlı şəxslərin sahib olduqları bəllidir. Amma eyni zamanda o da məlumdur ki, Qədim Romada əhalinin əksər hissəsi savadlı olub; bu faktı yalnız arxiv materialları deyil, həm də adi insanların, əsgərlərin və hətta qulların ev divarlarında həkk olunmuş qraffitilər təsdiqləyir. Orta əsrlər Avropasında isə əhali savadlı deyildi: kəndlilər, sənətkarlar və hətta zadəganların əksəriyyəti qətiyyən nə oxuya, nə də yaza bilirdi. Zaman keçdikcə vəziyyət dəyişir, çünki istehsal münasibətləri insanları savadlı olmağa vadar edir. XV əsrin ortalarında İohann Qutenberq öz çap dəzgahını ixtira etdikdən və kitablar minlərlə nüsxədə dünyaya yayılmağa başladıqdan sonra mütaliə bacarığı monastır və universitet divarlarından kənara çıxmış oldu. Buna baxmayaraq, kitab bilik mənbəyi kimi hələ uzun müddət kifayət qədər nadir və hətta sakral əşya olaraq qalırdı. Hər halda bədii ədəbiyyat, sonralar isə publisistika cəmiyyətin həyatına qədəm qoyana və geniş yayılmağa başlayana kimi...

Bədii ədəbiyyat insanın mənəvi aləmini zənginləşdirir, dünyagörüşünü genişləndirir, estetik zövqünü formalaşdırır, onu əyləndirir. Sözsüz ki, elmi ədəbiyyatın və ya publisistik əsərlərin mütaliəsi tamamilə fərqli məqsədlərlə səciyyələnir. İstənilən halda artıq XIX, xüsusilə də XX əsrdə kitabın, ümumiyyətlə mütaliənin elitarlığı tədricən itirilmiş oldu. Mütaliə əlçatan məşğuliyyətə çevrildi, əyləncəvi xüsusiyyəti maarifləndirmə və məlumatlandırma funksiyasını üstələyən kütləvi ədəbiyyat meydana çıxdı. Amma ədəbi yaradıcılıq, hətta jurnalistika olduqca məhdud sayda fərdin məşğulluq sahəsi olmuş, əvvəllər həm oxucuya, həm də yazara xas olan elitarlığı qoruyub saxlaya bilmişdi. Bir vaxtlar xüsusi nüfuz sahibi olan qələm əhlini sovetlər məkanında “insan qəlbinin mühəndisləri” adlandırırdılar. Oxucuların sayı çox, yazıçıların sayı az idi. Məhz bu səbəbdən kitab öz üzərində müəyyən mənada sakrallıq möhürünü daşıyırdı. Dəyərli kitabı əldə etmək heç də asan deyildi.

XX əsrin sonu kompüterlər meydana gəldi, İnternet, sosial şəbəkələr, elektron kitablar, kitabxanalar, kütləvi informasiya vasitələri, şəbəkə kitab satışı məntəqələri reallığa çevrildi. Elmi və bədii ədəbiyyatı mütaliə edən ciddi oxucunun ilk növbədə hiss etdiyi ona təqdim edilən mətnlərin bütün göstəricilər - orijinallıq, üslub, obrazlıq, qrammatik normativlik və s. üzrə keyfiyyətindəki geriləmə oldu. Savadlı oxucuda təəssüf hissi doğuran bu fakt çox sadə izah olunur: əli qələm tutan və ya klaviatura düymələrinə toxunan hər bir kəs ağlına gələni yazıb oxucu mühakiməsinə təqdim etməyə başladı. Əvvəllər kitabı nəşr etdirmək üçün ciddi redaksiya, nəşriyyat, mətbəə baryerlərini adlamaq, senzuradan keçmək tələb olunurdusa, indi fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı olan istənilən kəs öz düşüncələrini, “ekspert” rəyini, şeir, hekayə, məqalə və ya iri həcmli yazılarını İnternetdə sərbəst yerləşdirə, hətta satışa da çıxara bilər. Bu halda yaradıcılıq qabiliyyətinə və ya adi dil normaları haqqında anlayışa malik olmaq elə də vacib deyil. Çünki müasir dövrümüzdə şəbəkə yazarları ilə yanaşı, “ədəbi” mətnləri üslub və qrammatik xətalarla qəbul etməyə hazır olan şəbəkə oxucuları da meydana gəlib. Bu gün internet-mütaliəni yaxın keçmişdə ucuz kağız üzərində çap olunmuş bulvar romanları və detektiv əsərlərin oxunuşu ilə müqayisə edə də bilərik.

Sözsüz ki, şəbəkə ədəbiyyatını mütaliə etmək heç də qəbahət deyil. Əksinə, istənilən mütaliə cəmiyyət üzvlərinin, ilk növbədə isə yeniyetmə və gənclərin asudə vaxtının dolğunluğunu təmin edir. Amma əsas məsələ bu vaxtın səmərəli təşkili, oxunan yazının mənalı və faydalı olması ilə bağlıdır. İstənilən halda cəmiyyət elə bir dövrə qədəm qoymuş olacaq ki, əvvəllər olduğu kimi, çap məhsulu olan kitab elitarlıq göstəricisi kimi qəbul ediləcək. Çünki kağız üzərində hər bir yaradıcılıq məhsulu yox, yalnız seçmə və dəyərli mətnlər, savadlı qələm əhlinin ərsəyə gətirdiyi və savadlı redaktorların çoxpilləli seçimindən keçmiş elmi, bədii və kütləvi əsərlər öz əksini tapacaq. Bu kitablar maddi dəyəri yüksək olduğundan cəmiyyətin yalnız imkanlı təbəqəsi üçün əlçatan olacaq ki, bu təbəqəni də, məlumdur ki, yüksək keyfiyyətli mətnlərin oxucuları formalaşdırır. Biz artıq bu mərhələnin astanasındayıq: dəyərli çap məhsulunun qiyməti bahadır. Eyni zamanda, şəbəkəyə hopmuş bisavad “yazarlar” və oxucuların sayı da artacaq, mətnlərin keyfiyyəti ilə bağlı tələblər daha da azalacaqdır.

Proqnozlaşdırılan vəziyyət nə qədər ürəkaçan olmasa da, narahatlığa dəyməz. Çünki istənilən halda mütaliə etmək mütaliə etməməkdən daha yaxşıdır. Amma unutmayaq ki, mütaliə insan beynində neyronlar səviyyəsində elə yeni hüceyrələrarası əlaqələr, insan qəlbində elə duyğular yaradır ki, onların videomətnlərin izlənilməsi prosesində yaranışı qeyri-mümkündür. Məhz bu səbəbdən kitabla ünsiyyət qurmağa dəyər.

Kitab oxumaq insanı zənginləşdirir, mənən kamilləşdirir, xəyal gücünü genişləndirir. İnsan kitab oxumaqla dünyaya baxışını dəyişir, həyat təcrübəsi qazanır. Görkəmli fransız yazıçısı Andre Morua deyib: “Mədəni insan olmağın yalnız bir yolu var – mütaliə”. Tanınmış yazar Aleksandr Tvardovski isə kitabla ünsiyyəti “insanın intellektual inkişafının ali və əvəzolunmaz fopması” adlandırıb.      

Həyatı insana sevdirən Əlahəzrət KİTAB, qarşında baş əyirik!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.