27 illik işğala son - Ordumuz Kəlbəcərə iki istiqamətdən daxil olub

27 illik işğala son - Ordumuz Kəlbəcərə iki istiqamətdən daxil olub
  • Clock-gray 12:02
  • calendar-gray 25 Noyabr 2020

27 ildən sonra Kəlbəcər rayonu işğaldan azad olunub. Azərbaycan Ordusunun texnikaları Göygöl rayonunun Toğana kəndindən Kəlbəcərə daxil olaraq 27 illik işğala son qoyub.

APA TV-nin yerli bürosunun məlumatına görə, ordumuzun texnikaları Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcər rayonuna doğru hərəkət edib.

Ordumuzun hərəkət istiqamətləri haqqında məlumat verən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri artıq başa çatdırılıb. Qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir: “Bilirsiniz ki, Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündür ərazidir və hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan Ordusu daxil olaraq Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək”.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistanın 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər boşaldılıb və rayon Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

apa-logo-mini

Digər xəbərlər