Rusiya XİN Qərbi MDB-yə üzv dövlətlərin daxili işlərinə qarışmaq cəhdində ittiham edib

Andrey Rudenko

© APA | Andrey Rudenko

# 27 dekabr 2021 13:27 (UTC +04:00)

“Postsovet məkanında baş verən hər hansı mühüm hadisə və proseslər bu və ya digər dərəcədə Rusiyanın maraqlarına təsir edir. Belə ki, söhbət ən yaxın qonşularımızdan gedir. Biz regionun sabitliyinin və davamlı inkişafının təmin edilməsinə böyük əhəmiyyət veririk”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində deyib.

“Təəssüf ki, bu vəziyyət heç də hamını qane etmir, bəzi ölkələrin hərəkətləri Rusiyanın ənənəvi müttəfiqləri ilə əlaqələrini məhv etmək məqsədi ilə MDB məkanında dezinteqrasiya proseslərini qızışdırmağa yönəlib. Ötən illər ərzində biz Qərbin MDB-yə üzv olan dövlətlərin daxili işlərinə qarışmaq üçün davamlı cəhdlərinin şahidi oluruq. ABŞ Əfqanıstanda vəziyyəti gərginləşdirmək bəhanəsi ilə Mərkəzi Asiya ölkələrində hərbi infrastruktur yerləşdirməyə çalışır.

Biz postsovet məkanında Qərb ölkələrinin guya pandemiyaya qarşı mübarizə adı altında hərbi-bioloji fəallığının artırılması istiqamətində fəal addımlarını, MDB ölkələrinin NATO-nun Rusiya əleyhinə təxribat xarakterli tədbirlərinə cəlb olunmasını qeyd edirik. Bu siyahını uzatmaq olar. Təbii ki, dünya nizamının təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məsələləri daim MDB-nin gündəliyindədir. Dövlət, hökumət başçılarının, xarici işlər nazirlərinin görüşlərində konkret ölkələrdəki böhranlı vəziyyətlər, dövlətlərarası ziddiyyətlər, o cümlədən kənardan təxribat törədilən və qızışdırılan ziddiyyətlər ətraflı və səmimi müzakirə olunur. MDB-dən olan tərəfdaşlar bütövlükdə vəziyyəti və ABŞ və digər Qərb dövlətilərinin real motivlərini adekvat qiymətləndirirlər, əksər hallarda dostlarımız sanksiyaları və siyasi təzyiqləri, yad dəyərlərin tətbiqini tənqid edirlər. Bizim üçün təkcə MDB ölkələri ilə ənənəvi müttəfiqlik münasibətlərinin zəifləməsinin qarşısını almaq deyil, həm də onların müxtəlif sahələrdə möhkəmlənməsinə hərtərəfli töhfə vermək vacibdir”, - rusiyalı diplomat vurğulayıb.

Rusiya XİN başçısının müavini MDB-də NATO və Avropa İttifaqından fərqli olaraq üzv ölkələrin maraqlarının qorunduğunu qeyd edib: “NATO və ya Aİ-dən fərqli olaraq, MDB-də tərəfdaşların maraqlarına cavab verməyən qərarların qəbul edilməsi praktikası yoxdur. Biz istənilən mövzuda, o cümlədən Rusiya üçün həssas mövzularda bərabərhüquqlu və qarşılıqlı maraq doğuran dialoqun tərəfdarıyıq. 2021-ci ildə 30 illik yubileyini qeyd edən MDB çoxprofilli regional təşkilat, dialoq üçün tələb olunan platforma kimi özünün həyat qabiliyyətini sübut edib. Biz öz tərəfimizdən Birliyin fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi, iştirakçı dövlətlərin qarşılıqlı fəaliyyətinin praktiki təsirinin artırılması üçün bundan sonra da səy göstərəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR