“Wall Street Journal”ın əlavəsində “Human Rights Watch”un Ermənistanın məskunlaşdırma siyasətini dəstəkləyən departament rəhbəri tənqid olunub

“Wall Street Journal”ın əlavəsində “Human Rights Watch”un Ermənistanın məskunlaşdırma siyasətini dəstəkləyən departament rəhbəri tənqid olunub
  • Clock-gray 11:54
  • calendar-gray 15 Yanvar 2020

“Wall Street Journal” qəzetinin “Wall Street Opinion” əlavəsində “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika regionu üzrə departamentinin rəhbəri Sara Uitsonun (Sarah Leah Whitson) fəaliyyətini kəskin tənqid edən məqalə dərc olunub.

APA-nın xəbərinə görə, Corc Meyson Universitetinin professoru Yevgeni Kontoroviçin (Eugene Kontorovich) müəllifi olduğu məqalədə S. Uitson Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistanın məskunlaşdırma siyasətini dəstəkləməkdə qınanılır.

“Məskunlaşdırmaya münasibətdə ayrı-seçkilik” (A Selective Opponent of “Settlers”) adlı məqalədə qeyd olunur ki, “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru yəhudi dövlətinin İordan çayının qərb sahilindəki mövcudluğunun kəskin tənqidçilərindən biridir, İsrailə qarşı boykot və beynəlxalq ittihamlar irəli sürür. Lakin xanım Uitson işğal olunmuş digər ərazilərdəki məskunlaşmanı ciddi şəkildə dəstəkləyir.

“Xanım Uitsonun dəstəklədiyi məskunlaşma siyasəti Dağlıq Qarabağda aparılır. Bu ərazi 1994-cü ilə qədər postsovet Azərbaycanın sərhədləri daxilində olub və ərazi uzun sürən müharibədən sonra Ermənistan tərəfindən işğal olunub. O vaxtdan bəri İrəvandakı Ermənistan rəhbərliyi ərazidə sakinlərin məskunlaşmasını fəal şəkildə təşviq edir. Bir çox erməni Qarabağı tarixi vətəni hesab edir. Lakin Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq məhkəmələr, ABŞ və digər ölkələr buranı işğal olunmuş Azərbaycan ərazisi kimi tanıyır”, - deyə müəllif yazır.

Məqalədə bildirilir ki, erməni ailəsindən olan xanım Uitson Qarabağı "erməni torpaqlarının ayrılmaz hissəsi" olaraq görən Amerikadakı Erməni Milli Komitəsi üçün 2018-ci il üçün ianə toplama mərasimində fəal iştirak edib.

“İsrailin İordan çayının qərb sahilindəki iqtisadi addımlarına qarşı “Human Rights Watch”  təşkilatının boykot kampaniyasına rəhbərlik edən Uitson işğal olunmuş ərazilərdə istehsal olunan erməni şərablarının “Twitter”də tanıtımını aparır. Mövqeyi arasında uyğunsuzluqlar barədə sualıma xanım Uitson belə cavab verib: "Erməni diaspor təşkilatlarına mənim şəxsi dəstəyim onların Ermənistandakı xeyriyyə və maarifləndirmə işlərinə və “erməni soyqırımı”nın tanınması üçün təbliğat səylərinə aiddir".

Lakin bu izahat onun İsraillə bağlı yanaşması ilə ziddiyyət təşkil edir. Çünki Uitsonun ianə yardımı üçün müraciətləri heç bir şəkildə təhsil problemləri ilə məhdudlaşmır. O, "gənc ailələrin kök salması"nı təşviq etmək üçün yeni qəsəbələrin inşasını dəstəkləyən Erməni Xeyriyyə Birliyinin işini tərifləyib. O, "Ermənistanda məskunlaşmış" suriyalı ermənilərə kömək edən xüsusi qrupa təşəkkür edib, lakin faktdır ki, bu qaçqınların çoxu işğal olunmuş ərazilərə köçürülüb. Əgər “Human Rights Watch” məskunlaşma və işğala qarşı etirazında ciddi olsaydı, Yaxın Şərq departamentinin rəhbəri bu işğalın dəstəkçisi olmazdı”, - deyə məqalədə vurğulanır.

Müəllif qeyd edir ki, bu cür yanaşması olan şəxslər çoxdur. O, yazısında İsrailə qarşı boykot kampaniyasının fəallarında olan, lakin Ermənistanın məskunlaşdırma siyasətini dəstəkləyən amerikalı yazıçı Nansi Qriqorianın da adını qeyd edib.

Bundan başqa, Nümayəndələr Palatasının üzvü Rəşidə Tlaibin İsrailə qarşı boykot kampaniyasına çağırışlarını xatırladan müəllif onun işğal olunmuş Dağlıq Qarabağla münasibətlərin normallaşdırılmasını dəstəkləyən qanun layihəsinin əsas müəlliflərindən biri olduğuna da diqqət çəkir.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date