ABŞ-ın Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin nümayəndələri Ağdamı Pompey şəhərinin qalıqlarına bənzədiblər

ABŞ-ın Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin nümayəndələri Ağdamı Pompey şəhərinin qalıqlarına bənzədiblər
  • Clock-gray 13:57
  • calendar-gray 12 Mart 2021

ABŞ-da yerləşən Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin (ICR Center) nümayəndələri Azərbaycana səfər ediblər.

APA-nın xəbərinə görə, onların əsas məqsədləri Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş zərər və İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektləri və dinc əhalisinə qarşı hücumları ilə bağlı məlumatları toplayıb, dünya ictimaiyyətinə çatdırmaq olub.

Amerikalı tədqiqatçılar Kristofer Çambers və Ostin Kleyton dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.

Bununla yanaşı, mütəxəssislər Azərbaycana səfərləri zamanı Ermənistan tərəfindən atəşə məruz qalmış Gəncə şəhərinə, daha sonra Tərtər rayonuna və işğaldan azad edilmiş Ağdam bölgəsinə səfər ediblər. 

Kristofer Çambers və Ostin Kleyton dağıdılmış yaşayış yerlərini, qəbiristanlıqları, tarixi və mədəniyyət abidələrini yaxından müşahidə ediblər.

Onlar Tərtər rayonunu ziyarət etdikdən sonra, məcburi köçkünlərin yerləşdiyi və digər inzibati binalara dəymiş ziyanla yerində tanış olublar, Ermənistan silahlı qüvvələrinin şəhəri qadağan olunmuş raketlərlə atəşə tutması nəticəsində yaralanan və həlak olanlar haqqında ətraflı məlumatlandırılıblar.

Ardınca Azərbaycanın əhəmiyyətli abidələrinin siyahısına daxil edilmiş Ağdam Cümə məscidini ziyarət edən xarici mütəxəssislər qeyd ediblər ki, onun minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız vəziyyətə salınıb. Amerikalı qonaqlar Ağdam Şəhidlər Xiyabanına, daha sonra vəhşicəsinə dağıdılmış Ağdam rayonunun Dövlət Dram Teatrına, bir zamanlar məşhur olan Çay Evinə və Çörək zavoduna baş çəkiblər.  

ABŞ-ın Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin İdarə Heyətinin üzvü və Corctaun Universitetinin professoru Kristofer Çambers bildirib ki, dinc sakinlərin yaşadığı, uşaqların oynadıqları yerlərin hədəf olaraq seçilməsini görmək dəhşətlidir: “Müharibə cəbhədə olmalıdır. Cəbhə xəttindən uzaq məsafənin hədəfə alınması qəbuledilməzdir. Amerikalı olaraq, düşünürəm ki, burada baş verənləri dünyaya göstərmək bizim borcumuzdur. Ağdam mənə qədim Pompey şəhərinin qalıqlarını xatırlatdı. Bəzən insanlar vulkanlardan daha qəddar olurlar...”

Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin digər əməkdaşı Ostin Kleyton qeyd edib ki, o, burada baş verənlərin nəticələrini görüb, lazımi məlumatlar və faktları toplayıb: “Çalışacağam ki, burada törədilən hadisələri beynəlxalq səviyyədə dünyaya çatdıraq, ən asası da, öz ölkəmdə”.

Qeyd edək ki, Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi (ICR Center), Avropa və Avrasiyadakı dondurulmuş münaqişələrin həlli üçün beynəlxalq dialoqun təşviqinə sadiq olan müstəqil qeyri-kommersiya analitik mərkəzdir. Vaşinqtonda yerləşən ICR Center, regionda əməkdaşlıq və firavanlığı təmin etmək üçün müqəddəratını təyinetmə, beynəlxalq legitimlik və diplomatik etimad ideyalarını təbliğ etməklə məşğuldur. 

apa-logo-mini

Digər xəbərlər