Araz Əzimov Ermənistanın təxribatı ilə bağlı diplomatik korpusu məlumatlandırıb

Araz Əzimov Ermənistanın təxribatı ilə bağlı diplomatik korpusu məlumatlandırıb
  • Clock-gray 16:39
  • calendar-gray 13 İyul 2020

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təxribatla bağlı ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.

APA-nın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, brifinqdə Xarici İşlər nazirinin müavini Araz Əzimov, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əmədkaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov, ölkəmizdə fəaliyyət göstərən 74 ölkənin və beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri və hərbi attaşeləri iştirak ediblər.

“XİN başçısının müavini Araz Əzimov hərbi təxribatla bağlı siyasi qiymətləndirməni diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırıb. Məlum olduğu kimi, baş vermiş təxribatla bağlı XİN-in rəsmi bəyanatı da yayılıb. Rəsmi bəyanatımız diplomatik kanallar vasitəsilə bütün dövlətlərlə və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Paralel olaraq bu gün XİN-də keçirilən brifinq zamanı da beynəlxalq ictimaiyyətin ölkəmizdəki nümayəndələrinə baş vermiş hadisə ilə bağlı bir daha ətraflı məlumat təqdim olunub. Nazir müavini öz təqdimatında Ermənistanın törətdiyi bu hərbi təxribatın yeni bir aqressiya, təcavüz aktı olduğunu diplomatik korpusun diqqətinə çatdırıb. Xüsusilə də bu təxribatın iki ölkənin dövlət sərhədində baş verməsi, Ermənistan tərəfinin Azərbaycanın yeri ərazilərini, yeni mövqelərini ələ keçirmək kimi təcavüzkar meylləri, habelə baş vermiş təxribatın Ermənistan rəhbərliyi tərəfindən son zamanlar bölgədə gərginliyin alovlanmasına xidmət edən əməllərinin və bəyanatlarının hardasa bir davamı kimi nəzərdən keçirilməli olduğu da diqqətə çatdırılıb.

Ermənistan tərəfinin təxribatının əsas məqsədlərindən də biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə üzvü olduğu hərbi-siyasi təşkilatları və üçüncü ölkələri cəlb etmək niyyəti durur. Bununla da bağlı brifinq zamanı nazir müavini tərəfindən bildirilib ki, söhbət əgər üçüncü tərəfdən gedirsə, həmin ölkələr bu məsələyə kifayət qədər müdrik yanaşırlar. Onlar təbii olaraq imkan verməyəcəklər ki, Ermənistanın çirkin oyun və niyyətlərində bir alətə çevrilsinlər”, - deyə XİN rəsmisi vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər