Aybəniz İsmayılova: “Almaniyanı Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün səylərini artırmağa çağırırıq”

Aybəniz İsmayılova: “Almaniyanı Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün səylərini artırmağa çağırırıq”
# 25 may 2020 13:45 (UTC +04:00)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova Almaniyada qondarma rejimi təbliğ edən “nümayəndəliy”in və “qeyri-hökumət təşkilatı”nın (QHT) fəaliyyətinin qadağan olunması ilə bağlı son günlər mətbuatda yayılan məlumatlara və bununla bağlı qondarma rejimin açıqlamasına münasibət bildirib.

A. İsmayılova APA-ya deyib ki, həmin “nümayəndəlik” və “QHT” Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə nəticəsində yaradılmış kriminal rejimi təbliğ etmək və “tanıtmaq” kimi qanunsuz fəaliyyətlə məşğuldur.

Onun sözlərinə görə, bu, QHT konsepsiyasından sui-istifadə edilməsi deməkdir: “Vətəndaş cəmiyyəti adı altında kriminal rejim təbliğ edilə bilməz. Bir müddət bundan əvvəl Almaniyada "erməni mafiyası" adı altında haqqında istintaq hərəkətləri aparılan kriminal qruplaşma ilə "diplomat", diaspora və QHT adı altında fəaliyyət göstərən erməni mənşəli şəxslərin əlaqələri ortaya çıxmışdı. Sözügedən "QHT" də Almaniya qanunlarını pozaraq erməni mafiyasının pulları hesabına siyasi lobbiçilik fəaliyyəti aparmaq, Almaniyada üçüncü tərəflərin maraqlarına xidmət etmək və “beşinci kalon” funksiyasını yerinə yetirmək, bu ölkədə birmənalı qəbul olunmayan radikal və ifrat siyasi partiyalarla əlaqəyə girmək və onların nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil etmək kimi qanunsuz əməllərlə məşğuldur”.

A. İsmayılova ABŞ, Rusiya, Fransa, Almaniya kimi ölkələrin hüquq-mühafizə orqanlarını QHT, vətəndaş cəmiyyəti çətiri altında gizlənən və özünü qondarma kriminal rejim nümayəndələri kimi təqdim edən belə təşkilatların fəaliyyətini təftiş etməyə və onların fəaliyyətinə son qoymağa çağırıb: “Azərbaycan ərazilərini işğal edən və yüz minlərlə azərbaycanlını öz doğma yurdlarından didərgin salan Ermənistanın və onun əlaltısı olan kriminal rejimin insan hüquqları və ədalətdən danışması siyasi möhtəkirlik və riyakarlıqdan başqa bir şey deyildir. İnsan hüquqları və ədalətdən danışan tərəf ilk növbədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə sülh şəraitində birgəyaşayış çağırışlarına müsbət cavab verərdi və bu istiqamətdə əməli addımlar atardı. Dünya birliyi heç vaxt işğal və etnik təmizləmənin nəticəsində yaranmış vəziyyəti qəbul edə bilməz. Ermənistan bu sadə həqiqəti nə qədər tez başa düşərsə, biz bir o qədər tez ədalətli və davamlı sülhə yaxınlaşacağıq. ATƏT-in Minsk Qrupunun üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Almaniyanı etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin hüquqlarının, Azərbaycanın ərazi bütövlüyünün bərpası və ədalətli sülhün təmin olunması üçün səylərini artırmağa çağırırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR